İsmayıllıda 21 abituriyent 600-dən yuxarı balı toplayıb

Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayonun 21 abituriyenti 600-dən, 46-sı isə 500-dən yuxarı bal toplayıb.

İsmayıllının  təhsil uğurları bu il də davam edib. "OLAYLAR"-a Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayonun 21 abituriyenti 600-dən, 46-sı isə 500-dən yuxarı bal toplayıb. Ən yüksək nəticəni 673 balla şəhər 5 saylı tam orta məktəbin məzunu Səbinə Aydınova göstərib. Şəhər 1 saylı tam orta məktəbin XIA sinfinin 5 şagirdi isə 600-dən yuxarı bal toplayıb. Onlardan Ağazadə Rəmziyyə - 639, Muradlı Tərlan - 627, Mikayılzadə Mövsümağa - 613, Məmmədova Nigar - 609 və Məmmədova Gülnar - 600 balla fərqlənib.  Həmin sinfin 25 məzunundan 23-ü imtahanlarda müsabiqə şərtlərini ödəyib.

Analoji hal şəhər 6 saylı tam orta məktəbdə də qeydə alınıb. Belə ki, bir sinfin 19 şagirdindən 17-si imtahanlarda fərqlənərək tələbə adına namizəd olub. Onların 3-ü isə 600-dən yuxarı bal toplayıb. Şəhər 5 saylı tam orta məktəbində 37 məzunundan 35-i uğur qazanıb, 2 məzun isə 600 baldan yuxarı nəticə göstərib. Sevindirici haldır ki, rayonun təhsil uğurlarının içində ucqar kəndlərdə yerləşən məktəblərin də adı var.  Buna nümunə olaraq, Keyvəndi, Sumağallı, Buynuz və Gəraybəyli kənd tam orta məktəblərini göstərmək olar.

Qeyd edək ki, 2018-2019-cu tədris ilində 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı 15 nəfər olub. Ən yüksək nəticə isə 661 bal təşkil edib.

Cari dərs ilində 11-ci sinfi bitirən 715 məzundan 420-i  ali məktəblərə sənəd verib, 323 nəfəri qəbul  üçün müsabiqə şərtlərini ödəyib. Həmin məzunlar yaxın günlərdə baş tutacaq ixtisas seçimində iştirak edəcəklər. 5 nəfər XI sinif şagirdi isə Respublika Fənn Olimpiadalarının final turunda qalib gəldiyi üçün birbaşa tələbə adını qazanıb.

Bundan əlavə, İsmayıllının təhsil tarixində ilk dəfə olaraq  bu dərs ilində 7 məzun qızıl və gümüş medala namizəddir.

2019-2020-ci tədris ilində əlavə olaraq İsmayıllıdan 9 abituriyent Rusiya Federasiyasının müxtəlif ali təhsil müəssisələrinə qəbul olub. Onlardan bir nəfər İsmayıllı şəhər 1 nömrəli, 8-i isə Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin məzunlarıdır. Həmçinin, Türkiyə universitetlərinə də sənəd verən məzunlar var.

Yeni dərs ilinin başlanması ilə əlaqədar rayonun bütün ümumtəhsil məktəblərində cari təmir işləri aparılmış, məktəb binaları dərs gününə hazır vəziyyətə gətirilmişdir. Bundan əlavə, rayonun Maçaxı və Kələzeyvə kənd ibtidai məktəbləri üçün yeni modul tipli binalar quraşdırılmış, şagirdlər 15 sentyabrdan həmin məktəblərdə təhsil alacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31