Ruhi Əliyeva Polad Həşimovun evində: "Ruhun şad olsun, cənab general!”"
8 Sentyabr 2020 13:17 Sosial"Liatris Holding"in rəhbəri, tanınmış iş xanım Ruhi Əliyeva şəhid general Polad Həşimovun evinə gedib.
Ruhi Əliyeva bu haqda sosial şəbəkədə məlumat verib:
"Bizi generalımızın həyat yoldaşı Ofelya xanım qarşıladı. Oğlanları Davud, Teymur, qızı Aybəniz yan-yana divanda oturdular. Mənəvi cəhətdən özümü bu ailəyə borclu sayırdım. Bəlkə də ilk dəfə idi ki, mövzuya giriş etməkdə çətinlik çəkirdim. Qarşımda oturan Ofelya xanım elə səmimi oldu ki, qısa müddətdə aramızda maraqlı söhbət başladı.
Poladın bütün xasiyyətlərini ürək dolusu danışan bu qadın sanki ləyaqət və ismət nümunəsi idi. Əsl generala layiq xanım olan Ofelya xanım, Poladla birgə keçdikləri çətin yollardan, əziyyətlərdən söz açdı, onun saysız-hesabsız müsbət işlərindən danışdı. Hər dəfə Poladdan danışdıqca gözləri gülürdü.
Evdə ən xırda işləri belə görməyi xoşlayan Poladın çöldə nə qədər böyük işlər gördüyündən də xəbərdar idi Ofelya xanım. Hazırkı evə də təxminən bir ildi ki, köçmüşdülər, lakin Polad bu evdə bir neçə gün qalmışdı. Ofelya xanım danışdıqca onun nə qədər vətənpərvər xanım olduğunu gördüm. İndi qarşıda onu çətin və daha məsuliyyətli yol gözləyir. Əsl general övladlarını elə Polad kimi möhkəm, dözümlü, ən əsası isə milli ruhda böyütmək vəzifəsi var.
Atalarının mübarək qanının töküldüyü bu torpaq artıq Poladın uşaqları üçün müqəddəsdir. Əksər generalların xanımlarına bir nümunə olacaq Ofelya xanımın bu övladları elə Polad ruhunda böyüdəcəyinə də zərrə qədər şübhəm yoxdur.
Nə xoş ki, mən o xanımı tanıdım. Adı kimi aya bənzəyən qızı Aybəniz, özünə oxşayan oğlanları Davud və Teymur artıq bütün Azərbaycana əmanətdir. Məncə, artıq bu ev ziyarətgahdır, müqəddəs ocaqdır. Əksəriyyət bu evə gələcək və gələnlər də mütləq öyrənəcək.
Vətənpərvərliyi, torpağa sevgini, milli ruha bağlılığı, ən əsası həyat yoldaşına olan hörmət və məhəbbəti öyrənəcəklər. Elə biz də nəsə öyrənib bu ocağı tərk etdik. Ruhun şad olsun, cənab general!"