“Ən pis ssenariyə hazır olmalıyıq”
Mayis Səfərli: “Operativ Qərargahın situasiyaya uyğun hazır təlimatları və planları olmalıdır”
8 Sentyabr 2020 11:10 SosialMayis Səfərli: "Operativ Qərargahın situasiyaya uyğun hazır təlimatları və planları olmalıdır"
"COVID -19-a yoluxmalarda nə davamlı azalma, nə də dinamik artım yoxdur. Artıq neçə gündür ki, infeksiyanın yayılmasında dalğavari vəziyyət hökm sürür. Bununla belə, xəstəliyə tutulanların müalicə olunaraq sağalması,ölüm sayının xeyli aşağı düşməsi bir faktdır. Süni tənəffüs aparatına qoşulan cəmi 12 koronaviruslu xəstə var". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, bu faktorları əsas götürən hökumət karantin rejimində növbəti yumşalma tədbirləri həyata keçirməyi qərara alıb: "Artıq Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna gediş -gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılır. Baxmayaraq ki, şəhərlər və rayonlararası sərnişindaşıma fəaliyyətinə hələlik icazə verilmir. Həmçinin, tövsiyyə və təhlükəsizlik tədbirlərinə riayət etməklə kafe və restoranların daxilində müştərilərə gecə saatlarına qədər xidmət göstərmək mümkündür. Sözsüz ki, yumşalmaların nəticəsində ölkədə hərəkətlilik artacaq, insanlar arasında təmaslar, əlaqələr intensivləşəcək. Öz növbəsində xəstəliyin yayılma ehtimalı yüksələcək. Havaların sərinləşməsi, payızın gəlişi ilə mövsümü xəstəliklərin yayılacağını da gözardı etmək olmaz. Odur ki, baş verə biləcək təhlükələri önləmək üçün, ilk növbədə, əhali arasında geniş maarifləndirmə və təbliğat işi aparılmalıdır. Bu gün dövlətimizin siyasətinin təməlində vətəndaşlarımızın sağlamlığı dayandığı kimi, dövlət tərəfindən maliyyələşən televiziya kanalları, kütləvi informasiya vasitələri bu məsələlərə öz fəaliyyətlərində geniş yer ayırmalıdırlar".
Onun sözlərinə görə, tədris ilinin başlanması, təlim -tədris proseslərinin əyani formada aparılması da daha çox narahatlıq yarada biləcək məsələdir. Belə ki, Azərbaycanda təhsil alan və təhsil verən insanların sayı iki milyona yaxındır. Uşaqlarını məktəbə aparan və gətirən valideynləri, sürücüləri də nəzərə alsaq, gün ərzində bir neçə milyon insan fəal hərəkətdə olacaq və kütləvi kontaktlar yaranacaq. Təbii ki, yoluxma riski bir neçə dəfə artacaq. Hətta qısa zaman kəsiyində epidemioloji partlayış baş verə bilər: "Zənnimcə, Operativ Qərargahın situasiyaya uyğun hazır təlimatları və planları olmalıdır. Xüsusilə də təhsil ocaqlarının dərhal bütünlüklə distant formaya keçirilməsi üçün hazırlıqlar indidən görülməlidir. Bir sözlə, ən pis ssenariyə hazır olmalıyıq. Internet əhatəliliyi, şagirdlərin planşetlərlə təmin edilməsi və sairə məsələlər vaxtında həll edilməlidir".