Millət vəkili oğluna 1500 nəfərlik toy etdi - FOTO

Ədalət və İnkişaf Partiyası (AKP) Kocaeli millət vəkili Cemil Yaman Daxili İşlər Nazirliyinin qadağasına baxmayaraq, Kocaelinin Dilovası mahalında oğlu Hüseyn Yamana 1500 nəfərlik toy edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kocaeli valisi Seddar Yavuzun və bələdiyyə işçilərinin də qatıldığı toy saatlarla davam edib. Toyda qadağan olunsa da, qovurma, toyuq və aşura yeməkləri verilib.

Mövzu ilə əlaqədar açıqlama verən Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Kocaeli rayon sədri Harun Özgür Yıldız millət vəkilini tənqid edib:

"Milli bayramı qeyd etməyə gəldikdə iştirak etməmək üçün min bir bəhanə tapanlar qadağaları pozaraq minlərlə insanı qonaq çağırıb toy edir. Koronavirus səbəbilə 30 avqustu məhdudlaşdıran zehniyyət bu gün Kocaelidə toy edir. Bu qadağalar yalnız AKP üzvü olmayanlara aiddir? AKP üzvlərinin toxunulmazlığı koronavirusa da aiddir? İnanılmazdır".

Qeyd edək ki, 30 avqust Türkiyədə Zəfər bayramı kimi qeyd olunur.

Onu da bildirək ki, iyulun 1-dən Türkiyənin 14 vilayətində toy, nişan, xınayaxdı və bu kimi mərasimlər qadağan olunub. Lakin ötən həftədən etibarən 14 vilayətdəki bu qadağa bütün ölkə ərazisinə şamil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31