“Hər bir deputat parlamentdə seçicisinin səsidir”- MÜSAHİBƏ-ÖZƏL
4 Sentyabr 2020 11:59 SosialƏminə Ağazadə: "Burada ən əsas məsələ seçicilərin problemlərini, qayğılarını diqqətdə saxlamaqdır"
"Qanunverici orqanda təmsil olunmağın məsuliyyəti daha çoxdur"
Yerlərdə vətəndaşların problemləri, qayğılarının öyrənilməsi, onların həlli istiqamətində müvafiq qurumlarla əlaqəli şəkildə addımların atılmasında deputatların da fəaliyyəti kifayət qədərdir.
Xüsusilə bu ilin fevral ayında baş tutan parlament seçkilərindən sonra qanunverici orqanda təmsil olunan deputatların fəaliyyətində bu istiqamətdə bir aktivlik, hərəkətlilik müşahidə edilir. Demək olar ki, hər bir seçki dairəsindən Milli Məclisdə təmsil olunan deputatlar öz seçiciləri ilə müntəzəm görüşlər keçirir, onların problemləri, qayğıları ilə maraqlanır, seçici istək və arzularını müvafiq qurumlara çatdırırlar. 57 saylı Kürdəmir seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Əminə Ağazadə də seçiciləri ilə müntəzəm olaraq görüşlər keçirən, onıların problem və qayğıları ilə maraqlanan millət vəkillərindəndir. "OLAYLAR" olaraq deputat Əminə Ağazadənin qanunverici orqandakı fəaliyyəti, seçicilərini maraqlandıran əsas problemlər, eləcə də digər məsələlərə aydınlıq gətirmək üçün millət vəkili ilə söhbətləşdik.
-Əminə xanım, Milli Məclisin ötən aylardakı fəaliyyətini necə dəyərləndirirsiniz? Pandemiya dövrünə düşsə belə, parlament normal qaydada fəaliyyət göstərə bildimi?
-Hesab edirəm ki, bəli, parlament qanunda nəzərdə tutulmuş formada fəaliyyət göstərə bildi. Əlbəttə ki, pandemiya fəaliyyətimizin hər bir sahəsində öz təsirini göstərməkdə davam edir. Qadağalar, qabaqlayıcı tədbirlər nə qədər narahatlıq yaratsa da, hamımız bunun ciddi riayət olunmasına çalışmalıyıq. Bununla əlaqədar Milli Məclis də gündəlik iş fəaliyyətində müəyyən dəyişikliklər aparmaqla işini davam etdirdi və hesab edirəm ki, sessiya kifayət qədər məhsuldar yekunlaşdı.
-Bu qısa müddətdə qanunverici orqanda seçicilərinizin problemləri, qayğılarını nə dərəcədə qaldıra bildiniz?
-Məlumat üçün bildirim ki, fəaliyyət göstərdiyim müddət ərzində seçildiyim Kürdəmir rayonunun elə bir sosial-iqtisadi problemi olmayıb ki, mən onu dövlətimiz, onun müvafiq strukturları qarşısında qaldırmayım. İlk olaraq günümüzün ən aktual problemi olan su və suvarma sistemlərinin vəziyyəti ilə əlaqədar Nazirlər Kabinetinə, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbərliyinə məktub ünvanlamışam. Sevinc hissi ilə bildiriəm ki, yaxın günlərdə dövlət aşçısının verdiyi sərəncam əsasında ölkə ərazisində qazılacaq subartezian qurğularının siyahısına Kürdəmir rayonunun Şilyan kəndi də əlavə edilib və qısa müddətdə qurğu işə salınacaqdır.
2014-2015-ci illərdə rayon mərkəzində kanalizasiya sisteminin inşası layihəsi başlanılıb, lakin müəyyən səbəblərdən yarımçıq qalıb. Məsələnin şəhər əhalisi üçün əhəmiyyətini nəzərə alaraq Nazirlər Kabinetinə, "Azərsu" ASC-nin rəhbərliyinə tərəfimdən müraciət ünvanlanıb. Layihənin əhəmiyyəti müvafiq strukturların diqqətinə çatdırılıb və bizimlə saxlanılan əlaqə əsasında demək olar ki, Kürdəmir kanalizasiya sisteminin inşa edilməsi işi uzaq prespektivdə deyil.
Kəndlərdə çox vaxt rast gəlinən yolsuzluq, telefon, elektrik xəttlərində olan problemlərlə əlaqəli əhali tərəfindən çoxlu müraciətlər alıram. Bu müraciətlər əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, "Azərişıq" ASC qarşısında məsələlər qaldırılıb, rəsmi müraciətlər ünvanlanıb. Bəzi qurumların rəhbərləri ilə şəxsən görüşmüşəm, məsələnin daha tez bir zamanda həll edilməsi üçün bütün vasitələrdən istifadə etməyə çalışmışam. Rayon mərkəzinin ən ağrılı məsələlərindən olan nəqliyyat sıxlığının aradan qaldırılması üçün "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyinə müraciət ünvanlanıb. Həmin qurumdan bizə bildirilib ki, yaxın müddətdə məsələyə köməklik göstərəcəklər.
Təhsil sahəsi mənim üçün həmişə prioritet məsələ olaraq qalmaqdadır. Kürdəmir rayonunda məktəb binalarının, uşaq baxçalarının vəziyyəti daim diqqət mərkəzimdədir. Kürdəmir rayonu Sovla kəndində 1939-cu ildə kərpicdən inşa edilmiş məktəb binasının yerində yeni məktəb binasının tikintisi üçün ölkənin Baş Naziri cənab Əli Əsədova müktub ünvanlamışam. Məktubda məktəbin qəzalı vəziyyəti, şagird və müəllim heyəti üçün təhlükəsi qeyd olunub, yeni binaya ehtiyacın olduğu bildirilib.
-Ümumiyyətlə, seçicilərinizin əsas problemləri, qayğıları hansılardır? Onların həllinə yardımçı ola bilirsinizmi?
-Əhalinin ən böyük problemlərindən biri regionlarda işsizlik, kənd təsərrüfatında fors-major hallarının səbəbindən yaranmış çətinliklər, pandemiya səbəbindən məşğulluq sahəsində yaranmış problemlərdir. Bilirsiniz ki, rayonların bir çoxunda əhalinin əsas fəaliyyət yeri xidmət sektorudur. Pandemiya şəraitində tətbiq edilən müəyyən qadağalar bu sektorda çalışan əhali qrupları üçün çətinliklər yaratmışdır və bununla bağlı mənə də kifayət qədər müraciətlər daxil olur. Lakin vətəndaşlar bunu da anlayırlar ki, tətəbiq edilən qadağalar birbaşa onların həyatı üçün ola biləcək təhlükənin qarşısını almaq məqsədi daşıyır. Pandemiya şəraitində dövlətimizin tərəfindən əhalinin sosial-rifah halının yüksəldilməsinə yönəlik addımlar atılır. Rayonlarımızda məşğulluq mərkəzlərində müvafiq işlə təmin olunması üçün əhaliyə müxtəlif vakansiyalar təklif edilir. Əlbəttə ki, bu məsələnin köklü şəkildə həll deyil, lakin vətəndaş onu da bilməlidir ki, dövlət üçün onun vətəndaşının həyatı dəyərində heç nə yoxdur.
-Siz birinci çağırışdır ki, qanunverici orqanda təmsil olunursunuz. Deputat kimi fəaliyyət nə dərəcədə asan və ya çətindir?
-Mən prokurorluq orqanlarında kifayət qədər gərgin iş mühitində çalışmışam. Parlamentdə təmsil olunmağın məsuliyyəti daha çoxdur. Burada ən əsas məsələ seçicilərin problemlərini, qayğılarını diqqətdə saxlamaqdır. Çünki hər bir deputat parlamentdə seçicisinin səsidir. Digər tərəfdən üzvü olduğumuz komitələrdə qanunların hazırlanmasında aktiv fəaliyyət göstərməliyik. Beynəlxalq fəaliyyətdə də ölkəmizi layiqincə təmsil etmək qarşımızda duran əsas vəzifələrdəndir.
-Əminə xanım, bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı aparılan mübarizə və vətəndaşlarımızın atılan adekvat addımlara qarşı münasibətini necə dəyərləndirirsiniz?
-Hazırda dünyanın ən böyük bəlası olan koronavirus pandemiyası həm də yeni təcrübələr yaratdı. Belə vəziyyətlərdə əsas məsələ panikaya düşməmək, vəziyyəti dəqiq qiymətləndirmək, operativ və düzgün qərarlar qabul etməkdir. Azərbaycan rəhbərliyi də məhz belə etdi, çevik qərarlarla, bəlanın törədə biləcəyi faciənin miqyası dəqiq təhlil edilməklə mübarizə tədbirlərinə başlanıldı. Operativ Qərargah yaradıldı, profilaktik və preventiv tədbirlər görüldü, sabit və ardıcıl məlumatlandırma, maarifləndirmə tədbirlərinə başlanıldı. Prezident İlham Əliyevin birbaşa nəzarəti və təşəbbüskarlığı ilə atılan addımlar həm də növbəti Azərbaycan təcrübəsini yaratdı. Belə ki, bütün təhsil müəssisələrində dərslər təxirə salındı, Təhsil Nazirliyinin təşkilatçılığı ilə martın 11-dən ölkənin ümumtəhsil müəssisələrinin şagirdləri üçün teledərslərin yayımına başlanıldı, Koronovirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Hazırda koronavirusun yoxlanması üçün pulsuz mütəşəkkil testlər aparılır. Koronavirusun dünyada sürətlə yayılması və qonşu ölkələrdə meydana çıxması ilə əlaqədar Azərbaycanda COVID-19-la mübarizə üçün xüsusi və səyyar laboratoriyalar yaradılıb. Dövlətin dəstəyi ilə tibbi maskalar istehsal edən müəssisələr açılır. Bu, həm də büdcəni artırmaq üçün dövlət siyasətinin bir hissəsidir ki, daha sonra pulu koronavirusla mübarizəyə xərcləyə bilsin. Mən bu təcrübəni müsbət qiymətləndirirəm və hesab edirəm ki, sadalanan tədbirlər və aparılan mübarizə Azərbaycanın bu sınaqdan da daha az itki ilə çıxacağına ümid yaradır. Onu da qeyd edim ki, Azərbaycanın indiyə qədər olan təcrübəsi bir çox dövlətlər tərəfindən də öyrənilir, bununla bağlı müxtəlif ölkələr tərəfindən çoxsaylı müraciətlər olub.
-Ancaq görünən odur ki, bir çox vətəndaşlarımız onların sağlamlığına yönələn tədbirlərə əməl etmir. Hətta belə vətəndaşlarımız arasında müəyyən post tutan şəxslər də var. Bu kimi halları necə dəyərləndirirsiniz?
-Mən hüquqşünasam. Mənim üçün heç nə və heç kim qanundan ali deyil. Qanunun tələbi pozulursa, cəmiyyətdəki tutduğu yerindən asılı olmayaraq istənilən şəxs qanunda nəzərdə tutulmuş formada cəzalandırılmalıdır.
-Cənab Prezidentin daim diqqət yetirdiyi məsələlərdən biri də məmur özbaşnalığıdır. Dövlət başçısı bütün görüşlərində məmurlara xalqla işləməyə tövsiyyə etsə də, lakin hələ də bu kimi neqativ hallara rast gəlinir. Sizcə, ölkədə cərəyan edən son hadisələr, eləcə də səlahiyyətlərini aşan məmurların cəzalandırılması bu kimi məmurlara dərs olacaqmı?
-Ölkə Başçısı öz çıxışlarında dəfələrlə bu məsələ ilə əlaqədar ciddi siqnallar verib, xəbərdarlıqlar edib. Kimsə bu xəbərdarlıqlardan dərs almayıbsa, məmur kimi fəaliyyətində xalqın mənafeyini hər bir şeydən uca tutmayıbsa, lazimi cəzanı da alacaqdır. Bununla bağlı dövlətimizin tutduğu yol, apardığı siyasət hamıya aydındır və kimlərdəsə bununla əlaqədar heç bir şübhəsi olmasın.
Süleyman İsmayılbəyli