Partiya sədri : “Kimlərsə bu sahəni monopoliyaya almaq istəyir”

 “Sərvətlər, zənginliklər bir ovuc adamın əlində toplanarsa, cəmiyyət parçalanar. Ədalət, sakitlik olmaz. Bu,bir qanunauyğunluqdur.

"Sərvətlər, zənginliklər bir ovuc adamın əlində toplanarsa, cəmiyyət parçalanar.Ədalət, sakitlik olmaz. Bu,bir qanunauyğunluqdur. Son vaxtlar ölkəmizdə aparılan islahatların, rüşvətə, tamahkarlığa, korrupsiyaya qarşı mübarizənin, zənnimcə, əsas məqsədi elə ondan ibarətdir ki, dövlətimizin sərvətləri, imkanları hər bir vətəndaş üçün əlçatan olsun. Hər kəs öz bacarığı, qabiliyyəti sayəsində özünə istədiyi güzəranı qura bilsin. Lakin hərdən bəzi dövlət qurumlarından, vəzifə sahiblərindən elə qərarlar, təkliflər gəlir ki, fikirləşirsən ya onların ölkədə gedən proseslərdən xəbərləri yoxdur, ya da  islahatlara pəl vurmaq istəyirlər". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinin taksi xidmətləri ilə bağlı vahid tarif və dispetçer mərkəzinin yaradılması barədə irəli sürdüyü təkliflər neçə gündür cəmiyyəti əməlli-başlı qarışdırıb: "Mətbuatda, sosial şəbəkələrdə qızğın müzakirələr açılıb. Ortaya çıxan ümümi fikir ondan ibarətdir ki, kimlərsə indiki ağır şəraitdə əzab-əziyyətli taksiçilik fəaliyyəti ilə ailəsini dolandıran minlərlə insanın çörəyinə göz dikib- bu sahəni monopoliya almaq istəyir. Ən dəhşətlisi isə Nəqliyyat Agentliyinin Hikmət Babayev adlı rəsmisinin "taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil" fikri açıq-aşkar cəmiyyətdə çoxluq təşkil edən kasıb və orta təbəqəyə meydan oxuyur. Bu nə deməkdir? Komfort, rahatlıq yalnız imkanlılaramı məxsus olmalıdır? Əcaba, kimlərsə ölkədə varlıları üstün, hamıdan əziz tutan bir ideologiyamı formalaşdırmaq istəyir? Korrupsiya əleyhinə mübarizə kontekstində həyata keçirilən son həbslər, qandallanmalar bir çox adamların nəyin hesabına imkanlaşdığını, varlandığını göstərdi. Dövlət vəsaitlərini talayanları, büdcəni dağıdanları, yetimin payını yeyənləri imkanlımı adlandırmaq olar? BNA məsul olduğu sahədə qayda yaratmaq istəyirsə, buyurub etsin, buna heç kəsin etirazı yoxdur. Ancaq bu işlər cəmiyyətdə bölücülük meyillərinə, ölkədə böyük zəhmət hesabına əldə edilən harmoniyanın pozulmasına rəvac verməməlidir. Unutmaq lazım deyil ki, dövlətlərin rifahı ədalətlə ölçülür!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31