Pərvanə Vəliyeva: “Hazırda ölkədə koronavirusla bağlı vəziyyət stabildir”
“Azərbaycanda bir çox inkişaf etmiş ölkələrlə müqayisədə koronavirusla mübarizədə daha tez tədbirlər görüldü, infeksiyanın ilk yayılan vaxtlarında, mart ayının ilk günlərində bütün ölkədə təlim-tədris prosesi dayandırıldı”.
2 Sentyabr 2020 13:33 Sosial"Azərbaycanda bir çox inkişaf etmiş ölkələrlə müqayisədə koronavirusla mübarizədə daha tez tədbirlər görüldü, infeksiyanın ilk yayılan vaxtlarında, mart ayının ilk günlərində bütün ölkədə təlim-tədris prosesi dayandırıldı". Bunu "Olaylar"a deyən Sağlamlığa Xidmət İctimai birliyinin İcraçı direktoru Pərvanə Vəliyevanın sözlərinə görə, ABŞ-da isə tədris prosesi martın sonlarına doğru bağlandı, ona görə də, bu ölkədə virus sürətli şəkildə yayıldı. P.Vəliyevanın sözlərinə görə, Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması pandemiyaya qarşı tədbirlərin görülməsində mühüm addım idi. Sıravi vətəndaşlardan tutmuş özəl biznes qurumlarınadək ölkədə və ölkə xaricindəki azərbaycanlılar səfərbər oldular, fonda ianələr edildi. QHT təmsilçisinin fikrincə, bütün ölkələrdə səhiyyənin keyfiyyəti çarpayı sayı ilə qiymətləndirilir: "İcbari tibbi Sığortaya keçid zamanı ölkəmizdə Fransanın səhiyyə sistemindən nümunə götürülüb. Səhiyyə xərclərinin azaldılması üçün yataq günlərinin sayı az olmalı, xəstələr daha çox ambulator müalicəyə yazılmalıdır. Lakin COVİD-19 pandemiyası səhiyyə xərclərini artırdı və birdən-birə səhiyyə sistemlərində krizisə səbəb oldu. İndiyədək təbliğ edilən çarpayı günlərinin sayının azaldılması strategiyası artıq arxa plana düşdü. Yeni xəstəxanaların tikilməsi üçün zərurət yarandı. Sevindirici hal idi ki, Azərbaycanda da bu istiqamətdə təxirə salınmadan işlər başlanıldı, modul tipli xəstəxanalar hazırlanaraq istifadəyə verildi".
Onun qənaətinə görə, Azərbaycanda təcili şəkildə modul tipli xəstəxanaların istifadəyə verilməsi problemin miqyasını azaltdı: "Hazırda ölkədə koronavirusla bağlı vəziyyət stabildir. Bu da onunla əlaqədardır ki, vətəndaşlar xəstəliyin ciddi fəsadlar törədə biləcəyini başa düşdülər. Koronavirusun bir simptomunu belə özündə müşahidə edən şəxs test verdi. Kontaktların aktiv aşkarlanması və müayinəyə cəlb olunması da mühüm rol oynadı. Bu isə xəstəliyin erkən aşkarlanmalarına səbəb oldu. Erkən müdaxilə nəticəsində ölkədə sağalanların sayı yoluxanların sayını keçdi".