Pandemiya ilə səmərəli mübarizə aparmağın yolu
31 Avqust 2020 18:40 SosialAnar Məmmədov:"İnsanların davranışı və məsələyə məsuliyyətlə yanaşması ilə bağlıdır"
Azərbaycanda koronavirus pandemiyasına qarşı aparılan uğurlu mübarizə virusun yayılmasının qarşısını almaqla yanaşı, mart ayından etibarən tətbiq edilən bir sıra qaydaların yumşaldılmasına da imkan verir. Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bir sıra hallarda vətəndaşlarımız Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara əməl etmir, virusdan qorunmaq üçün edilən tövsiyələri nəzərə almırlar. Istər park və meydanlarda, istər ictimai iaşə obyektlərində qərargahın tövsiyə və qaydalarını pozulduğunu müşahidə edirik. Belə vəziyyət isə ölkədə virusun yenidən yayılma riskini artırmış olur. Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Anar Məmmədov deyib ki, atıq neçə aydır dünya əhalisi COVID-19 pandemiyası ilə mübarizə şəraitində yaşayır. Onun sözlərinə götə, dünyada pandemiyanın elan olunduğu ilk günlərdən möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığı ilə və Onun nəzarəti altında genişmiqyaslı, kompleks tədbirlər həyata keçirilməyə başlanıb: "Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ciddi karantin rejiminin tətbiq olunması kimi tədbirlər ilk günlərdən həyata keçirilir. Əminliklə deyə bilərik ki, virusla mübarizədə əldə etdiyimiz müsbət dinamika cənab Prezidentin pandemiyaya qarşı effektiv mübarizə strategiyasının nəticəsində əldə edilib. Pandemiya dövründə yeni səhiyyə ocaqlarının, həmçinin modul tipli xəstəxanaların açılması və koronavirus xəstələrinin ixtiyarına verilməsi, laboratoriyaların, tibbi avadanlıqların, dərman preparatlarının alınması, qoruyucu vasitələrin istehsalının təşkili, testlərin keçirilməsinə görə ölkəmizin dünya miqyasında qabaqcıl yerlərdə olması isə qürurvericidir". Deputat bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə əlaqədar daha üç ay fövqəladə vəziyyət elan edib: "Doğrudur, bu şərti, tövsiyə xarakteri daşıyır. Lakin bu qərar COVID-19 infeksiyasının dünya üçün hələ təhlükə olaraq qaldığını göstərir. Digər ölkələrin təcrübəsinə də nəzər salsaq görərik ki, , yumşaldılmalara getdikcə virusun yenidən alovlanmaları baş verir. Cənub-Şərqi Asiya ölkələrində artıq üçüncü dalğa müşahidə olunur, o cümlədən Avropada, Yaponiyada və digər ölkələrdə epidemiyanın təkrar yayılması halları çoxalıb. Bəzi ölkələrdə isə yenidən sərhədlər bağlanır. Hazırda Azərbaycanda müşahidə olunan tendensiya dünya ölkələri üçün də xarakterikdir. O səbəbdən bəzi dövlətlər yenidən karantin rejiminin sərt formasına qayıdır. Bu isə o deməkdir ki, heç bir ölkə tam şəkildə özünü COVİD-19-dan sığortalamış hesab edə bilməz. Xəstəlik sərhədlər tanımır və hər gün izlədiyimiz fraqmentlər bəşəriyyətin gələcəyi üçün təhdid sayılan infeksiyanın acı nəticələrini ortaya qoyur. Ona görə də, dövlət vətəndaşın sağlamlığı naminə iqtisadi məsələləri bir qədər arxa plana atmaq məcburiyyətindədir. İnsanlar da mövcud vəziyyəti anlayışla qarşılamalı, qanunlara əməl etməli, kimsə özünü qanunlardan üstün saymamalı və indiki şəraitdə məsuliyyətsiz davranmamalıdır. Çünki pandemiya ilə səmərəli mübarizə aparmağın yolu insanların davranışı və məsələyə məsuliyyətlə yanaşması ilə sıx bağlıdır. Bununla bərabər, virusla mübarizədə səmərəli nəticə əldə edilməsi ictimai yerlərdə, iaşə müəssisələrində xəstəlikdən qorunmaq üçün qaydalara həmin obyektlərin sahiblərinin, vətəndaşların mütləq riayət etmələrindən də asılıdır. Başqa sözlə, hər bir şəxs sosial məsuliyyət daşıyaraq, özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi yanaşmalı, ətrafındakıları da bu həqiqətin dərkinə yönəltməlidir. Əks təqdirdə, COVİD-19-la mübarizədə istənilən nəticənin gerçəkləşdirilməsi mümkün olmayacaq".
Süleyman