İnvestisiyanın təşviqi mexanizmi istehsalı və ixracı stimullaşdırır
Azərbaycanda həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən olan sənayenin inkişafı istiqamətində kompleks işlər görülür, istehsal və ixrac potensialının artırılması, sərmayə qoyuluşununn stimuıllaşdırılması üçün effektiv mexanizmlər tətbiq edilir.
28 Avqust 2020 12:15 SosialAzərbaycanda həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən olan sənayenin inkişafı istiqamətində kompleks işlər görülür, istehsal və ixrac potensialının artırılması, sərmayə qoyuluşununn stimuıllaşdırılması üçün effektiv mexanizmlər tətbiq edilir. Belə mexanizmlərdən biri də investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi məqsədilə tətbiq edilən investisiya təşviqi sənədidir. İqtisadiyyat Nazirliyi tərəfindən verilən investisiya təşviqi sənədi sənaye, kənd təsərrüfatı və turizm sahələrində məşğul olan hüquqi şəxs və fərdi sahibkarlara vergi və gömrük güzəştlərindən yararlanmaq imkanı yaradır. Belə ki, investisiya təşviqi sənədini almış fərdi sahibkar 7 il müddətinə gəlirin 50 faizi, hüquqi şəxslər üzrə isə mənfəətin 50 faizi üzrə vergidən, həmçinin torpaq və əmlak vergisindən azad edilirlər. Nazirlikdən "Olaylar"a bildirilib ki, təsdiqedici sənəd isə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı vergi və gömrük güzəştləri əldə etmək üçün əsas yaradır. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə 7 il müddətinə ƏDV-dən və gömrük rüsumundan tam azad olunurlar.
Qeyd edək ki, indiyədək 379 sahibkarlıq subyektinin 455 layihəsinə investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi verilmiş layihələrin 59%-i sənaye, 40%-i kənd təsərrüfatı, 1%-i isə turizm sahəsini əhatə edir. Bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsala 4,18 milyard manatadək investisiya yatırılacağı, 29,6 mindən çox yeni iş yerinin açılacağı nəzərdə tutulur. Təşviq edilmiş layihələrin 87%-i regionların payına düşür.