Vətəndaş cəmiyyəti nümayəndələri karantin qaydalarının pozulmasını sərt tənqid edirlər

Bəzi məmurlar, öz səlahiyyətlərindən sui-istifadə edib, qanunları pozur

Bəzi məmurlar, öz səlahiyyətlərindən sui-istifadə edib, qanunları pozur

Bu günlərdə cəmiyyətdə müzakirə mövzusu olan və ciddi əks reaksiya doğuran məsələlərdən biri də sadə vətəndaşlarla yanaşı, bəzi indiki və sabiq məmurların, elm adamları, ziyalıların ölkədə tətbiq edilən karantin qaydalarını kobud şəkildə pozması, kütləvi mərasimlər, şənliklər təşkil etməsidir. Belə mənfi hallardan biri həftə sonu yaşandı və AMEA rəhbəri nəvəsinə toy məclisi təşkil etdi. Dərhal mərasim təşkilatçıları qanunun yol verdiyi qaydada cəzalandırılmaqla yanaşı, eyni zamanda cəmiyyət tərəfindən ciddi qınaq obyektinə də çevrildilər. Kimliyindən, cəmiyyətdə hansı mövqe tutmasından asılı olmayaraq hər kəs birmənalı şəkildə karantin qaydalarının pozulmasını qəti şəkildə pislədi.

Məsələyə münasibət bildirən ​ "Mərhəmət" Kimsəsizlərə Yardım ictimai Birliyinin​ sədri İradə Polad​ın sözlərinə görə,  bununla dövlət başçısı Cənab İlham Əliyev bir daha subut etdi ki, məmurlar sadə vətəndaşlar kimi qanun qarşısında bərabərdir. Təşkilat sədri qeyd edib ki, respublikamızda əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olundu: "Nazirlər Kabineti yanında Operativ Qərərgah son günlər ölkəmizdə virusa yoluxma hallarının və həyatını itirənlərin sayının azalmasını qeyd etdilər. Sağalanların sayı müsbət nəticə verdi. Avqust ayının 10-dan yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edildi. Ancaq (COVİD-19) koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə, kütləvi tədbirlərin keçirilməsi, o cümlədən yas mərasimi və toy şənliklərinin​ keçirilməsinə qoyulan qadağalar qüvvədə saxlanıldı. Buna baxmayaraq, çox təəssüflər olsun ki, koronavirusun ilk effektiv peyvəndi tapılmayana qədər, qoyulmuş qadağalara əməl etməli olduğumuz halda, özündən razı olan​ yüksək vəzifəli məmurlar​ karantin qaydalarını pozaraq istədikləri kimi toy mərasimləri keçirdilər. Demək olar ki, bu da cəmiyyətdə birmənalı qarşılanmadı, insanlar öz fikirlərini bildirərək, haqlı olduqlarını bəyan etdilər".

İradə Polad bildirib ki, bu gün ölkə başçısı İlham Əliyev vətəndaşlarının sağlamlığını qorumaq məqsədilə müvafiq tədbirlər həyata keçirir və aidiyyatı qurumlara göstəriş verir: "Bununla yanaşı, Cənab Prezident​ məsələni daim diqqətində saxlayır və həssaslıq göstərir. Lakin bəzi məmurlar, öz səlahiyyətlərindən sui-istifadə edib, qanunları pozur. Onların bu əməlləri ölkə başısının fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır. Bu gün həmin şəxslərin , qanun qarşısına çıxarılması, cəzalandırılması onu sübut etdi ki, ölkəmizdə heç kim qanundan qaça bilməz, qanun qarşısında hər bir vətəndaş kimi milət vəkili, alim, professor, akademik, məmur,​ qanun qarşısında​ cavab verməli, etdiklərinə görə cəzalandırılmalıdır. Hər kəs öz vəzifəsinin məsuliyyətini bilməli, dövlətinə sədaqətlə xidmət etməli, verilən tapşırıqlara əməl etməlidir. Bu gün bu şəxslərin cəzalandırılması ​ göstərdi ki, İlham Əliyev ölkədə qanunların icrasının əsas təminatçisi, vətəndaş hüquqlarının müdafiəçisidir. Bir sözlə İlham Əliyev subut etdi ki, məmurlar sadə vətəndaşlar kimi qanun qarşısında bərabərdir. Dövlətin qoyduğu qanunu pozan hər kəs mütləq cəzalandırılmalıdır!. Biz vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, ölkə başçısının yanındayıq və hər zaman onun yolunda olacağıq".

"Mədəniyyətin və Milli Ənənələrin Təbliği" İctimai Birliyinin sədri Büllur Məmmədova deyib ki, Azərbaycanın pandemiya ilə apardığı mübarizənin uğurlu nəticələnməsinin ən vacib meyarı birlikdir. Onun sözlərinə görə, koronavirusun COVİD-19 növünün geniş yayılmasına qarşı tədbirlərin müsbət nəticələr verməsinin bir səsəbi həkimlərimizim qəhrəmanlığıdırsa, digər səbəbi də cəmiyyətimizin birlik, həmrəylik nümayiş etdirməsidir: "Lakin bəzi məmurlar, o cümlədən akademiklər aşkar şəkildə karantin qaydalarını pozmaqla Azərbaycan dövlətinin və cəmiyyətinin birlikdə əldə etdiyi uğurları şübhə altına almaq cəhdi kimi qiymətləndirilməlidir. Nazirlər Kabineti yanında Operativ Qərargah pandemiya ilə mübarizə sahəsində əldə olunmuş müsbət irəliləyişləri nəzərə alaraq avqust ayının 10-dan etibarən bir sıra məhdudiyyətləri aradan qaldırıb, bəzi qaydalarla bağlı isə yumşaldıcı tədbirlər tətbiq edib. Lakin bunların kütləvi tədbirlərin, toy və yas mərasimlərinin keçirilməsinə heç bir aidiyyatı yoxdur". Təşkilat sədri deyib ki, belə olan halda bəzi məmurların toylar təşkil etməsi heç anlaşılan deyil və cəmiyyətimizin bu cür özbaşınalıqlara sərt reaksiyası tam haqlı və anlaşılandır.

QHT sədri qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi bütün qərarlar Azərbaycan cəmiyyətinin sağlamlığını, başqa sözlə, səhiyyə təhlükəsizliyini təmin etmək məqsədi ilə qəbul edilir: "Bu tədbirlər ölkə qanunlarına uyğun şəkildə tətbiq edilir. Operativ Qərargahın tətbiq etdiyi qaydaları pozanlar, daşıdığı statusa güvənib "yaxşı eləmişəm" deyənlər, müxtəlif yerlərdə karantin rejiminin qaydalarını pozanlara qarşı cəzaların tətbiqini bəyan edib özləri bu qaydalara riayət etməyənlər ciddi yanılırlar. Hər kəs əməlinə görə cavab verəcək, heç kim məsuliyyətdən yayına bilməyəcək. Çünki, Azərbaycan Respublikasında heç kim qanundan üstün ola bilməz. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük" çağırışı pandemiya ilə mübarizədə cəmiyyətimizin bütün qüvvəsini səfərbər etməsinə, həmrəyliyimizin daha da möhkəmkəmlənməsinə təkan verdi" deyən Büllur Məmmədova bildirib ki, bir toy mərasimi ilə özlərinin məsuliyyətsiz mahiyyətini üzə çıxaran bəzi insanlar dərk etməlidirlər: "Bu mübarizədə hər bir kəsin mənəvi məsuliyyətindən Azərbaycanın sağlam gələcəyi asılıdır". QHT rəhbəri sosial statusundan, mövqeyindən, irqindən və cinsindən asılı olmayaraq, bir daha bütün vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi bütün qərarlara hörmətlə yanaşmağa, bunlara ciddi şəkildə tam məsuliyyəti ilə riayət etməyə çağırdı.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31