Qaydanı pozanlar... ZÜLEYXA NADİR YAZIR
23 Avqust 2020 11:53 SosialZüleyxa NADİR
Dövlət o zaman möhkəm olur ki, ona xidmət edənlər məsuliyyətli olsunlar, xalqı sevsinlər, millətə xidmət etsinlər, qanunun aliliyinə söykənərək onu pozmasınlar. Yalnız bu halda dövlət və xalq birliyi qırılmaz olur. Azərbaycan dövlətinin təminatçısı və dayağı Azərbaycan xalqıdı. Azərbaycan xalqı dövlətini sevir. Bu, birmənalı belədi. Bu xalqın başı yüz illər boyu nələr çəkməyib? Bu millət hansı sınaqlardan çıxmayıb? 70 illik sovet imperiyasının zəncirləri altında olanda da, həmin zənciri qırıb azadlığın şirinliyini dadanda da, şəhid qanı torpağına qarışanda da bunu unutmadı: dövləti və dövlətçiliyi qorumaq, onu sabahkı nəslə tam çatdırmaq lazımdı. Bu yolda şəhidlər verdi, amma vətən sevgisini ucuz tutmadı. Erməni faşistləri ilə son döyüşdə millətin ən layaqətli, ən şərəfli generalı şəhid oldu, əsgərlərin qanı torpağa qarışdı. 40 gündü qeyrətli generalının ölümü ilə yaralanan xalqın yarasından hələ də qan axır. Tarixə qanla yazılan o gün unudulmayacaq...
Bu xalqın başının üstündə zaman-zaman qara buludlar olub. Amma heç bir zaman özünü itirməyib. COVİD 19 adlı koronavirus belə Azərbaycan dövlətini və xalqını çökdürə bilmədi. Dünyanın başı üzərində fəlakət qanadlarını gərən virusla mübarizədə xalq və dövlət birlikdə oldu. İnsanlar dövlətin qanunlarına, Nazirlər Kaqbineti yanında Operativ Qərargahın qərarlarına, tapşırıq və tövsiyələrinə əməl etdi. Tarixin dolanbaclarından keçən Azərbaycan xalqı son yarım ildə karantin rejimində yaşamağa alışdı. Çünki bu məhdudiyyət xalqın sağlamlığına xidmət etmklə yanaşı, həm də təhlükəsizliyinə zəmin yaradır. Karantin rejimində yaşayan sadə insanlar, sıravi vətəndaşıar anlayırlar ki, dövlət bunu onların sabaha sağlam çıxması üçün tətbiq edir. Bəzən sərt karantin rejimi tətbiq etmək lazım oldu. İnsanlar bunu anlayışla qarşıladılar. Bir çox hallarda yumşaq rejimdə yaşamağa üstünlük verildi. Və bu, şübhəsiz, yoluxma və sağalmanın dinamikasına müsbət təsirsiz ötüşmədi.
Nazirlər Kabineti yanında Operativ Qərargah avqustun 10-dan karantin rejimində növbəti yumşaldıcı tədbirlərin həyata keçirilməsi üçün qərar qəbul edib. Virusla mübarizədə demək olar ki, əksər sahələrin fəaliyyəti dayandırılmışdı. Amma həmin gündən bir çox yerlərin fəaliyyəti bərpa olunsa da, yas və toy mərasimlərinin keçirilməsinə qoyulmuş qadağa qüvvədə qaldı. Məlumdur ki, virusun yayılmasında rol oynayan əsas faktorlardan biri insanların sıx toplaşmasıdır. Yüzlərlə insanın toplaşdığı qapalı məkanda yas və toy məclislrinin keşirilməsi tam təhlükə və virusun "meydan oxuması" deməkdi. Ona görə də buna imkan vermək olmaz. Bu, təkcə dövlətin işi deyil, Operativ Qərargahın "alnına" yazılmyıb. Bu hər kəsdən tələb olunan qaydadır. Bütün insanlar qanuna tabe olmalı, qaydalara əməl etməlidir. Hər kəs bilir ki, hüquqi dövlət olan Azərbaycanda qanunun aliliyi təmin olunub. Qanun qarşısında hər kəs bərabərdi, kimsə kimsədən fərqlənərək qanundan üstün oıa bilməz. Hamı qanun qanun qarşısında bərabərdi və hərəkətlərinə, davranışlarına görə məsuliyyət daşıyır. Bu məsuliyyətdən kənara çıxmağın cəzası ağırdı. Doğrudu, ötən aylarda, lap elə dünən, srağagün məsuliyyətsizlik edənlər oldu. Karantin rejiminin tələblərinə əməl etməyən həmin insanlar qanun çərçivəsində cəzalandırıldılar. Hər kəs etdiyi əməlin cavabını aldı. Toy çaldıranlar, yas mərasimi və əyləncə təşkil edənlər bunu nə qədər gilzli həyata keçirsələr də ictimaiyyətin, eləcə də daxili işlər orqanının gözündən yayına bilmədilər, məsuliyyətə cəlb olundular.
Bəlkə də sadə insanları, savadsız kütləni hardasa anlamaq olar. Amma vəzifəli şəxslərin, iri çaplı məmurların, elm adamlarının, hətta akdemiklərin karantin rejiminin qaydalarını pozmasını başa düşmək çətindi. Bunlar kimə meydan oxuyurlar? Dövlətə, yoxsa özlərindən aşağı hesab etdikləri insanlara? Toy edirlər, yas məclisi qururlar. Bu da cəmiyyətin narahatlığına, insanların qınağından çox qəzəblənməsinə səbəb olur. Sadə vətəndaş düşünməli olur: sən kimdən artıqsan? Nəyə görə dövlət səni məndən üstün sayır? Oturduğun kreslo, tutduğun vəzifədirmi səni məndən fərqləndirən?
Bəli, vətəndaş haqlıdır. Virus vəzifəyə baxmır, kreslo olsun, ya da adi stul - fərq etmir - COVİD 19 hər kəsin "yaxasından yapışır". Ona görə də sadə kəndlidən tutmuş akademikə qədər - hər kəs ehtiyatlı olmalı, ətrafını qorumalı, məsuliyyətsizlik etməməlidi. Çünki bu məsuliyyətsizlikdən və laqeydlikdən tək özü, ailəsi yox, bütövlükdə dövlət, ölkə zərər görür. Laqeydlik koronovirusdan mənfurdu. Gizlətməyə gərək yoxdur, sadə vətəndaşlar bu məsələdə daha məsuliyyətliditrlər. Çünki onlar həm qanunun aliliyinə hörmətlə yanaşır, həm də dövlətə və onun başçısına sədaqət nümayiş etdirirlər. Yaxşı bilirlər ki, Azərbaycan prezidenti İlham Əiyev ölkədə qanunun aliliyinin təminatçısıdır. İndiyə kimi karantin şəraitində yaşayan əhalinin sağlamlığı üçün prezident İlham Əliyevin rəhbərliyi ilə çoxlu sayda tədbir görülüb. Bunları sadalamaqdan yan keçərək, təkcə onu qeyd etməyi vacib hesab edirəm ki, "İnsanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür" deyən ölkə prezidenti sağlamlığın əsas prioritet olduğunu hər an diqqətə çatdırır.
Amma nə yazıq ki, nə qanunların aliliyi, nə də prezidentin narahatlığı, mübarizəsi, diqqət və qayğısı bəzi məmurların, vəzifəli şəxslərin, çiynində alim, akademik rütbəsi daşıyan elm adamlarının vecinə də deyil, qanunları pozur, onun tələblərinə hörmətsiz yanaşırlar. Bu, hər şeydən əvvəl mənəviyyatsızlıq nümayiş etdirməkdir. Əgər ölkənin iri çaplı məmurları mənəvi ucuzluq sərgiləyirlərsə, sıravi insanlardan nəyi gözləmək, nəyi tələb etmək olar? Təbii ki, tələblər və təkliflər qarşısında borclu olanlar, "cızığından çıxanlar" müəyyən edilir və qanuna müvafiq məsuliyyətə cəlb olunaraq cəzalanırlar. Bunu hər kəs blilirmi? Əlbəttə bilməyənlər var, onları bağışlamaq da olar. Amma bilib üstündən keçənləri görməmək üçün kar və kor olmaq lazımdı. Onları bağışlamağın özü bir ədalətsizlik, bir məsuliyyətsizlikdi. O adamarı qanunların dili ilə başa salmaq lazımdır ki, ölkə prezidntinin mövqeyini, ali prinsip və iradəsini tapdalamaq olmaz. Qanun hər kəs üçün şahdı! Heç bir məmur, akademik özünü qanundan üstün tuta bilməz. Əks halda pozduğu qanuna elə qanunun dili ilə də cavab verməli olacaq.
Aylardı bu mənfur virus dünyanı çənginə alıb qabağına keçəni götürür - daşqın, sel, zəlzələ, vulkan kimi. Çox dəhşətli kabusdu. Həm də elə bir kabus ki, nə gözlə görünür, nə də əllə tutmaq mümkündü. Aylardı onunla müharibə gedir, mübarizə aparılır. Koronvirusla mübarizə təkcə ölkə başçısının, əlaqədar qurumlaın işi deyil, bütövlükdə ümummilli məsələdir. Hər kəs bu işdə öz mövqeyini nümayiş etdirir. Amma bilmək lazımdır ki, kimsə şəxsi mənafeyinə, cəmiyyətdə tutduğu mövqeynə, icra etdiyi vəzifəsinə, oturduğu kreslosunua görə insanların həyatını təhlükəyə ata bilməz. Buna onun haqqı yoxdu. Əhalinin sağlamlığına zərbə vurmaq insanlıqdan kənar bir hərəkətdi.
Ki... bunu bir neçə gün əvvəl AMEA-nın prezidenti akademik Ramiz Mehdiyev edib. Nümayişkarənə formada nəvəsinə toy edən akademikin qonaqları arasında ölkənin iri çaplı məmurları, vəzifəli şəxsləri, sabiq və indiki deputatları olublar. Adam bilmir kimə inansın.
Azərbaycan elminə başçılıq edən şəxsin bu cür hərəkətinin adı laqeydlikdi, yoxsa qanunları heçə saymaqdı? Hər iki halda insan onun elminə şübhə edir. Dünənə kimi Prezident Administrasiyasına rəhbərlik edən şəxsin idarəçiliyinə də bu hərəkəti kölgə salır. Ağrılı olan odur ki, televiziyadan, saytlardan, sosial mediadan insanları karantin rejiminə əməl etməyə çağıranların özləri bu toyda iştirak edərək qaydaları pozublar.
Nə yaxşı ki, qayda pozuntusunun cəzası var...