Qoca Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb

Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. "Olaylar" xəbər verir ki, Səbail Rayon Məhkəməsində istintaq orqanın təqdimatına baxılıb. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.

Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar. Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31