Bakıda şirkət mühəndisindən böyük dələduzluq –  17 nəfərin 4 milyonu ələ keçirildi

Bakıda 17 nəfərə qarşı dələduzluq etməkdə təqsirli bilinən Nicat Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başlanıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra təqsirləndirilən şəxs ifadə verib.

Növbəti proses yanvarın 14-nə təyin olunub.

İttihama görə, Nicat Qarayev Raman Eyvazova 478.283 manat, Əlikram Eyvazova 122.317, Arif Qasımova 363.700 manat, İlqar Çıraqova 125.520 manat, Ramil Nəsirova 200.000 manat, Sərxan Musayevə 1.929.500 manat maddi ziyan vuraraq dələduzluq edib.

Cinayət işi üzrə ümumilikdə 17 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Cinayət işi üzrə ziyan ümumilikdə 4 milyon manatdır.

Nicat Qarayev "Azfen" Birgə Müəssisəsinin "Azf-099" layihəsinin texniki ofis mühəndisi vəzifəsində işləyib.

Məlum olub ki, Nicat Qarayev "Scanex Enterprises Limited" xarici şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı vasitəsilə "Azfen" BM üçün işlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20 faiz gəlir əldə edildiyini, sərmayə yatırdığı halda işin yekununda 7 faiz gəlir ödəniləcəyini vəd edərək ayrı-ayrı şəxsləri aldadıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31