Efir "montajyorları"

Hər zaman efir mədəniyyətindən söhbət düşəndə ağlıma ilk olaraq Türkiyənin məşhur şoumeni, bizim ölkəmizdə də yetərli qədər sevilən Bəyazid Öztürk gəlir. 20 ildən çox öz adını daşıyan proqrama aparıcılıq edən şoumeni bu illər ərzində bir dəfə kostyumsuz efirdə görən olmayıb. Amma məsələ kostyumda da deyil. Öztürk efirə gələn bütün telefon zənglərini, əlaqə saxlayanın kim olmasından asılı olmayaraq ayaqüstə qalxıb, pencəyinin düyməsini bağlayaraq qəbul edir. Şoumendən bunların səbəbini soruşan vaxt isə cavab verir ki, mən ata-babalarımdan belə görmüşəm. Evə qonaq gələndə, yaxud əziz adamlarımızın müsafirliyinə gedəndə səliqəli geyinmişik. Böyüklərimizə hörmət edib, kiçiklərimizə dəyər vermişik. Efir mənim evim, izləyicilər isə ailəmdir. Mənə əziz insanların ətrafında necə hərəkət edirəmsə, izləyicilərin qarşısında da o cür olmalıyam.

Bəyazit Öztürk efir mədəniyyətinin məhz aparıcıdan başladığının əyani sübutudur.

Televiziya verilişinin hansı formatda olmasının elə bir əhəmiyyəti yoxdur. Əsas onun necə idarə olunmasıdır. Milli mənəvi dəyərlərə uyğun olmayan veriliş yoxdur. Bu dəyərləri anti-tərbiyəvi formada çatdıran aparıcılar və onların əxlaq formatına uyğun gələn "sənətçilər" var. Kim deyir ki, efirdə əylənmək, oynamaq , oxumaq olmaz. Nə efir, nə izləyici cansıxıcılığı sevmir. Lakin reklam və kommersiya televiziyasının əyləncə anlayışı tamamilə ucuz reytinq üzərində qurulub. Bu formata uyğun gəlməyən proqramlar isə reytinq qurbanına çevirilir. "Reytinq qurbanı" televiziya mühitində bədbəxtlik gətirən ifadə kimi qəbul edilir. Lakin tamaşaçı marağının nəyə fokuslandığını gördüyün zaman "reytinq qurbanı" olan məhsullara hörmətin artır. Təəssüflər olsun ki, tamaşaçı zövqü etibarolunmazdır. Reytinq üçün efirdə uşaqları ağladanlarla yüksəlməkdənsə reytinq qurbanı olmaq daha üstündür. Azərbaycanın televiziya məkanında ucuz sensasiya arxasınca getmək, xoşagəlməz hadisələri ekranda saatlarla müzakirə etmək trenddir. Burada nə milli mənəvi dəyərlər nəzərə alınır, nə də ki, ailədaxili sirlərin ictimaiyyətə bəyan edilməsi.

Bu gün Azərbaycan televiziya kanallarının əksəriyyəti  müxtəlif telekommunikasiya peykləri vasitəsilə dünya auditoriyasına çıxıb.

Bəs bu auditoriyaya nümayiş olunan nədir? Soyqırım günü kiminsə efirdə doğum gününü qeyd etməsi? Efirdə çal-çağırı görmək üçün Azərbaycan dilini bilməyə ehtiyac yoxdur. Təsadüfən rastlaşan bir xarici düşünməyəcəkmi, öz millətinin  soyqırımına hörmət etməyən millət, dünyadan hansı ədaləti gözləyir?!

Televiziyanın funksiyalarından biri də zəngin milli mədəniyyətimizi təqdim etmək və insanların bədii zövqünü oxşamaqdır. Soyqırım günü konsert vermək yox. Milli musiqiyə işgəncə vermək yox.

Son vaxtlar televiziya verilişlərindən söyüş və təhqir tribunası kimi istifadə etmək azmiş kimi Azərbaycan musiqisini, onun ləyaqətini ayaqlar altına atmağa başlayıblar. Azərbaycan efiri bir çox rüsvayçılıqlar görüb lakin, Rəsul Rza kimi şairin, Emin Sabitoğlu kimi bəstəkarın mahnısına edilən təhqirin ilk dəfədir ki, şahidi olduq. Bu millətin şairi də, bəstəkarı da onun milli irsidir. Kim milli irsə hörmətsizliyə haqq qazandır bilər axı? Milli irsi təhqir etməyin 5-8 min manatla bərpa olunduğu düşünülür. Təhqir edən sənətçilər isə guya efir qadağası almaqla bəarət qazanır. Lakin sabah bütün toylarda yenidən çıxış etməyə davam edəcəklər. Bəlkə milli irs tanımayan bir şəxs də,onlardan  iki sənətkarın böyük ürəyi ilə ərsəyə gətirdiyi əsəri təhqirə məruz qalmış formada oxumağını istəyəcək, hətta tələb edəcək...

Bir çoxları heç bir əsas gətirmədən, səbəbsiz yerə bu rəzilliyi ört-basdır etmək məqsədi ilə dəstək olurlar. Televiziyada baş verən hər bir biabırçılığı montaj adı ilə ört basdır etməyə çalışan, bu gün Rüfət Axundova sosial mediada dəstək olanlar sanki öz sabahkı efir saatlarını sığortalayırlar!

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31