Azərbaycanlı müəllimin məqaləsi “Opsion” jurnalında çap olunub

Venesuelanın "Universidad del Zulian" nəşriyyatının çap etdiyi və Skopus seriyasından olan "Opsion" jurnalının 2018-ci il dekabr tarixli 87-ci sayında  Bakı Slavyan Universitetinin (BSU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının  müdiri, Diplomatiya və xarici siyasət kafedrasının dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru Sadir Məmmədovun "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və müasir dövrdə təhlükəsizlik arxitekturasına yeni təhdidlər: çağırışlar və cavablar" adlı məqaləsi dərc olunub.

BSU-nun Mətbuat Xidmətindən  verilən məlumata görə, jurnalın 17 səhifəsini tutan məqalədə beynəlxalq təhlükəsizliyə yönələn təhdidlər və transsərhəd təhlükələri tədqiq edilib. Müəllif öz fikir və düşüncələrini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi prizmasından araşdırıb, adıçəkilən münaqişənin ədalətli həllinin dünyada baş verə biləcək təhlükələrin qarşısının alınmasında mühüm rol oynaya biləcəyini qeyd edib. 

S. Məmmədov "Böyük Ermənistan" xülyası ilə yaşayan erməni ideoloqlarının yürütdüyü siyasətin dünyada terrorizm və ekstremizmə yol açdığını, bu cür cinayətlərin qarşısının vaxtında alınmadığı təqdirdə beynəlxalq aləmdə sülhü və əmin-amanlığı qorumağın mümkün olmayacağını diqqətə çatdırır. Müəllif eyni zamanda "İraq Şam İslam Dövləti" adlı terror qruplaşmasının, Rusiya-Ukrayna münasibətlərinin qanlı məcraya yönəlməsinin mahiyyətini beynəlxalq hüquq nöqteyi-nəzərində təhlil edib və qiymətləndirib. O, bir çox konfliktlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin zaman-zaman uzanmasının səbəblərindən biri kimi dünyada ikili standartların mövcudluğunu göstərib. 

azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31