Bir çox ölkələrdə ailə anlayışı öz əhəmiyyətini itirmək üzrədir
Dünyanın əksər xalqları Azərbaycanın ailə və mədəni tolerantlıq modelini qəbul edir
7 Fevral 2019 12:53 SosialDünyanın əksər xalqları Azərbaycanın ailə və mədəni tolerantlıq modelini qəbul edir
Azərbaycan dövlətinin, Azərbaycan millətinin əsas sərvəti onun ailəsidir. Azərbaycan əsas qazancı onun ailəsidir, ailə institutunun möhkəmliyidir. Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri də ailə siyasətidir və bu istiqamətdə də xeyli işlər görülüb. Ümumiyyətlə, dünyada yüzlərlə dövlət, minlərlə xalq, etnos olsa da, onlardan cəmi 6-7-sinin ailə modeli var. Həmin ailə modellərindən biri də Azərbaycan ailə modelidir. Lakin buna baxmayaraq, son zamanlar ailələrin dağılması halları daha çox müşahidə olunmaqdadır. Bunun səbəbləri isə ən müxtəlif formalarda izah olunur. Məlum olduğu kimi Azərbaycan ailələri möhkəmliyi və adət-ənənələrə sadiqliyi ilə hər zaman seçilib. Lakin müasir Azərbaycan ailəsi öz quruluşunda əvvəlki ənənəvi ailələrdən əhəmiyyətli dərəcədə fərqlənir. Son illər ailələr bir sıra problemlərlə qarşılaşırlar. Cəmiyyətdə məişət zorakılığı, selektiv abortlar, erkən nikah və təhsildən yayınma halları, intiharlar, xüsusilə uşaq intiharlarının sayının artması müşahidə olunmaqdadır. Tək valideynli, tək uşaqlı ailələrin sayı artıb. Belə neqativ halların aradan qaldırılması məqsədilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində "Azərbaycan ailəsi Strategiyası" hazırlanır. Sənəddə ailə institutunun möhkəmləndirilməsi istiqamətində sosial, səhiyyə, psixoloji, hüquqi məsələləri özündə əks etdirən müddəlar əksini tapıb. Məlum olduğu kimi Azərbaycan dövləti tərəfindən - həm parlament, həm də hökumət səviyyəsində ailə proseslərini tənzimləyən qanunlar mövcuddur. Hazırda qüvvədə olan milli qanunlar ailə dəyərlərinin qorunmasına öz töhfəsini verir. Heç şübhəsiz ki, cəmiyyət də Azərbaycanın ailə modelinin qorunub saxlanmasında maraqlı olmalıdır. Çünki ailə hər bir fərd üçün sevgi və dayaq mənbəyidir. Ailədə əxlaq, mənəviyyat və vətənpərvərliyin əsasları qoyulur. Sağlam, möhkəm ailə - hər bir cəmiyyətin çiçəklənməsinin qarantıdır. Məhz bu kimi səbəblərdən ailə münasibətləri insan həyatının mühüm aspektlərindən birini təşkil edir. Bu baxımdan demək olar ki, Azərbaycan ailə mədəniyyətinin zəngin nümunələri ilə dünyada tanınan ölkələrdəndir. Yaşlılara, qadınlara, analara və uşaqlara qayğı, bütün sadalananlar bizim xalqın ən gözəl xüsusiyyətlərindəndir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, son illər ailə institutunun qorunması ilə bağlı keçirilən beynəlxalq konfranslar bu məsələlərin dünya ölkələri üçün nə qədər aktual olduğunu bir daha göstərir. Əfsuslar olsun ki, bu gün biz dünyada ailələrin sayının azaldığını müşahidə edirik. Bir çox ölkələrdə isə ailə anlayışı sosial institut kimi öz əhəmiyyətini itirmək üzrədir. Belə ki, dünyada son 53 ildə boşanmaların sayı 2 dəfə artmış, nikahların sayı da bir o qədər azalmışdır. H.Hüseynova bildirib ki, ekstremizm, zorakılıq, hərbi münaqişələr, iqtisadi böhranlar, sosial ədalətsizlik bəşəriyyətin gələcəyinə təhlükə yaradır. Nəticədə ailələr dağılır, milli-mənəvi dəyərlər deformasiyaya məruz qalır. Lakin bütün bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsizlik, dostluq, mehribançılıq, tolerantlıq şəraitində yaşayırlar: "Artıq dünyanın bütün ölkə və xalqları Azərbaycanın ailə və mədəni tolerantlıq modelini qəbul edir. Bu gün ölkədə ailə institutunun möhkəmləndirilməsi üçün hansı imkanlar var? İlk növbədə qeyd etmək lazımdır ki, güclü qanunvericilik bazası mövcuddur. Yeni tələblər və ehtiyaclar əsasında bu baza daim təkmilləşir. Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək üçün hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. İldən-ilə ailələrimizin sosial müdafiəsi güclənir, müxtəlif layihələr reallaşdırılır. Və bunun nəticəsində son 20 il ərzində əhalimizin sayı artaraq 9 milyon 900 mini ötmüşdür. Bu gün Azərbaycanda 2 milyon 100 mindən çox ailə vardır. Yüzlərlə ömrünün 25, 50, 60 və daha çox müddətini bir yerdə yaşayan uzunömürlü ailələrimiz var. Lakin qeyd etməliyik ki, bir çox problemlər hələ də öz aktuallığını saxlamaqdadır. Biz araşdırırıq ki, ailələrdə hansı risklər var? Bu neqativ tendensiyaları aradan qaldırmaq üçün nə edə bilərik? İlk növbədə ailədə valideyn məsuliyyətinin artırılması ən önəmli məsələlərdən biridir. Ailədaxili münasibətlərin pozulması zamanı erkən müdaxilə etmək və problemin vaxtında həll olunması üçün "Ailə psixoloqu" institutunun yaradılması da qarşıda dayanan məsələlərdəndir. Ailə dəyərlərimizin təbliğində KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür. Əfsuslar olsun ki, bir çox hallarda sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ hissəsi nümayiş olunur. Halbuki bizim çox sayda nümunəvi ailələrimiz var. Düzdür, ailələrin problemlərini işıqlandırmaq lazımdır, lakin balans pozulmamalıdır. Ən təhlükəli məsələlərdən biri də internetin, sosial şəbəkələrin görünmədən, lakin çox sürətlə ailələrə daxil olmasıdır. Biz görürük ki, insanlar öz ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır, övlad-valideyn ünsiyyətində soyuqluq yaradır. Xüsusən də bu, böyüməkdə olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq yaradır. Ona görə də biz uşaqları onların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorumalıyıq. Bunun üçün biz, valideynlər və uşaqlarla görüşlər keçirir, texnologiyanın müsbət və mənfi tərəfləri barədə məlumatlar veririk". Onu da qeyd edək ki, Azərbaycan ailənin qorunması və milli ənənələrin saxlanması üçün geniş spektrdə ehtiyatlara malikdir. Azərbaycan Respublikasında ailə, ana, ata və uşaqların dövlət dəstəyi tam təmin olunur. Müasir ailə problemləri müxtəlif şaxəliliyi ilə seçilir. Odur ki, ailə institutuna dayaq məqsədi ilə bütün resurslarında istifadə olunmalıdır.
Nurlan