Sürücülər üçün nağıl- ARZU SOLTAN YAZIR

Bakıda Qış parkı var. Onun altında da geniş bir ərazini əhatə edən 3300 yerlik avtodayanacaq. Bax orada əsl qış nağılı yaşamaq olar. Necə? Deməli, girirsən avtodayanacağa. Düşürsən yer altı dünyanın nağıllar aləminə. Daha doğrusu, labirintə. Yəni avtomobilini saxlayıb harasa gedirsən, işini qurtarıb geri qayıdanda oradan çıxmaq olur müşkül məsələ. Çünki park yerini tərk etmək üçün ödəniş etməlisən, yəni avtomobilini burada saxladığın müddət üçün pul ödəməlisən. Yoxsa Div (yəni şlaqbaum) yoldan çəkilməz. Pulu da Divin elektron əshabələri yığır. Amma bilmirəm nə məsələdir ki, Divin xidmətçiləri əsabələrin hamıının üstünə "xidmət göstərmir" yazılmış A4 vurublar və ox qoyublar başqa tərəfə. Nağıllar aləmi deyil bəs nədir? Sanki gizli xəzinənin yerini axtarırsan. Əslində axtardığın xəzinədir, amma baxır kimin üçün. Həyəcanla (avtomobilin radiosunda bir həyəcanlı musiqi də çalınsa lap yerinə düşər) oxun göstərdiyi tərəfə gedirsən, görürsən yenə bir elektron əshabə var, amma işləmir. O da səni başqa oxla hərəkətə dəvət edr. Bir xeyli irəli-geri gedib növbəti ödəmə aparatının cansız bədəni ilə qarşılaşırsan...

Həyəcan artır. Bu arada səni gözləyənlər zəng vururlar ki, haradasan, niyə gecikirsən, bilmirsən nə deyəsən, düşdüyün durumu necə izah edəsən. Necə başa salasan ki, əlimdə pul maşınla dayanacağın içində fırlanıram, pulu ödəməyə yer tapa bilmirəm. Başına gəlməyən inanmaz axı.

Bu dəmdə yanından çıxışa doğru bir bəxtəvər avtomobilin getdiyini görürsən. Bəli, o bacarıbsa, deməli sən də bacararsan, sloqanını əldə rəhbər tutub siqnallayırsan, əl-qol edirsən: " - Tarap-turup atlılar, Atları qanadlılar!".

Nəhayət, sənin xilaskarın əyləci basıb ağ atın şüşəsini aşağı salır. Ödənişi harada etdiyini soruşursan. Yeddi dağ aşıb yeddi dərə keçəndən sonra dayanacağın ən kənar küncündə, buranı tərk etmək istədiyin qapının tam əks tərəfindəki 40-cı otaqda (bayaqdan 39-unu gəzmisən, bircə bu qalıb) bir ödəmə aparatına rast gələcəyini deyir. Sonra da atının şüşəsini qaldırıb çıxışa doğru gedir. Demək ki, o və buradan keçən atlıların heç biri Divin əshabələrinin hamısının yararsız olmasına görə narahat deyil. Nə burada itirdikləri vaxt, nə də o aparatların alınmasına çəkilən xərc onları maraqlandırmır. Sən də nəhayət qurtuluş yolunun tapılmasının sevinci ilə işıq gələn tərəfə gedib bəxtəvərcəsinə gülümsəyərək pulunu tapdığın xəzinəyə verirsən. İşıqlı dünyaya çıxırsan. Yeraltı dünyanı da, Divi də, onun xarab əshabələrini də, o boyda ərazidə cəmi bir aparatın işləməsinin səbəbləri barədə düşünməyi də, dayanacağın baha olmasını da unudursan.

Göydən üç alma düşür.

Biri də bir azərbaycanlının başına düşmür ki, düşmür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31