Kimlər zəlzələdən sui-istifadə etməyə çalışır?
6 Fevral 2019 11:59 SosialÖtən gün gecə saatlarında ölkə ərazisində qeydə alınan yeraltı təkanların insanlar arasında böyük təşvişlə qarşılanmasında bəzi mətbuat orqanlarında yayımlanan xəbərlərin də rolu olub.
Mətbuatda, eləcə də sosial şəbəkələrdə yeraltı təkanlarla bağlı məlumatlara xarici ölkələrdə yaşanmış dəhşətli zəlzələlər zamanı çəkilən foto və videoların yerləşdirilməsi birmənalı qarşılanmayıb.
Sosial şəbəkə istifadəçiləri bildiriblər ki, bəzi media orqanları baxış sayını artırmaq üçün başqa ölkələrdə baş vermiş dağıntıların əks olunduğu fotoları yayımlayıblar. Bu isə insanlarda böyük narahatlıq və təşviş doğurub.
İstifadəçilər analoji halla daha əvvəl də qarşılaşdıqlarını və mətbuatın bu məsələdə həssaslıq nümayiş etdirməli olduğunu vurğulayıblar.
Hazırda sosial şəbəkələrdə də digər ölkələrdə baş verən dəhşətli zəlzələlər ötəngünkü zəlzələ adı ilə tirajlanmaqdadır.
Qeyd edək ki, ötən gün Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllıda isə 4-5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.