Qulliver kimi... - Elçin Hüseynbəyli

Elçin Hüseynbəyli (“paralel dünyalar” silsiləsindən)

Elçin Hüseynbəyli

("paralel dünyalar" silsiləsindən)

...Xeyli yol getdik: Qurbanalı bağından Hacıyerinə qədər, yəni "Neftçilər" metrosundan  "İçəri şəhər"ə kimi. Yol qurtarmaq bilmirdi.

Meşənin ortasında başı göyə dirənən bir adama rast gəldik. Sanki Qulliuver idi. Başımızı qovzayıb ona baxdıq.

Xalıq:

-Ay aman! -deyə təəccübləndi, - elə bil nağıldayıq.

Qulliverin ayaqlarını özü boyda ağacın kötükləri qamarlamışdı, tərpənə bilmirdi.

-Kəsin o kötükləri, -deyə nəhəng adam bizə əmr elədi, - hər il kəsdirirəm, amma mozol kimi yenidən yaranır.

-Nə ilə kəsək? -deyə sual verdim.

-Əlini at, baltanıı götür, -dedi.

Əlimi boşluğa atdım və əlimə balta keçdi, onu götürdüm. Nə qədər kəssəm də xeyri olmadı. Kötüklər daha da artırdı.

O isə:

-Kəs, kəs! -deyə qışqırırdı, - onsuz da yenidən çıxacaqlar, məndən əl çəkən deyillər.

Bizim cəhdlərimiz əbəs idi.

Sonra o, nə elədisə ağac böyrü üstə yerə gəldi.

-Ən böyük dostumu itirdim, -deyə Qulliverə oxşayan adam ah çəkdi, - bir illiyə itirdim, -deyə əlavə elədi, -bir ildən sonra yenə mənə sarmaşacaq.

Biz məyus olduq.

-Sizə nə kömək edə biılrərm? -deyə o, bizdən soruşdi.

Mən ürəkləndim:

-Burda Günəş çox soyuq və zəifdir, meşə isə nəm, -dedim, - üşüyürük.

Qulliverə bənzər adam:

-Problem adamlardadır, onlar artdıqca hər şey azalır: su da, Günəş də, hava da. Ona görə də Günəşi tez-tez təzələmək lazımdır. Bu mənim vəzifələrimdən biridir, amma O, səxavətlə pul ayırmır. Adamlara inanmır. Ona görə də belə məsuliyyətli işləri mənə tapşırıb, -dedi və əlini yekə şalvarın cibinə atıb Günəş çıxardı, köhnə Günəşi fırladıb açdı, təzəsini yerinə bərkitdi.

-Ayı da dəyişmək lazımdır, -dedim, -gecə bizi ələ verə bilər, çox parlaqdır.

-Ayı dəyişə bilmərəm. Bu, mənim səlahiyyətimə aid deyil. Amma üzünə qara sürtərəm ki, çox parlamasın, -deyə Qulliver adam səsləndi.

-Sən ordan hər yeri görə bilirsən? - deyə Mətin soruşdu.

-Hər yeri? -deyə təəccüblə soruşdu, səsi xırıldadı. - Hər yeri necə görmək olar!? Bəlkə O...

-Deyirəm yəni Boz dağı görə bilirsən?

-Dedim axı, mənim xüsusi vəzifələrim var...

-Bəs onda?..

...

Bir-iki addım aralanmışdıq ki, Qullverə bənzər arxamızca dedi:

-Siz qarşıda başqa nağıl qəhrəmanlarını da görəcəksiniz. Onlardan qorxmayın. Hamısı mənim kimi vəzifə sahibidirlər. Bəlkə onların arasından sizə kömək edən tapıldı...

Fevral, 2019

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31