Gənclər Günü Heydər Əliyevin bizlərə hədiyyəsidir

"2 fevral-Gənclər Günü ümummilli lider Heydər Əliyevin bizlərə ən böyük hədiyyəsidir". Bu fikirləri "OLAYLAR"-a "HƏMRƏY" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədr müavini Elvin Babayev səsləndirib. O, bildirib ki, 1997-ci ildən etibarən bu tarix ölkə gəncləri tərəfindən hər il təntənəli şəkildə qeyd edilir: "1997-ci ildən Azərbaycanda Gənclər Gününün qeyd edilməsi  ümummilli lider Heydər Əliyevin gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığının bariz nümunəsi idi. Heydər Əliyev hər zaman gənc nəslin milli ruhda böyüməsi, onların maariflənməsi, ən əsası ictimai-siyasi proseslərdə fəal olmasını arzulayır, gənclərin qeyd edilən istiqamətlərdə daha fəal, aktiv olması üçün əlindən gələni əsirgəmirdi". Elvin Babayev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət günümüzdə Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "2003-cü ildən ölkə başçısı seçilən Cənab İlham Əliyev də gənclərə xüsusi diqqət və qayğı ilə yanaşır, onların ölkənin ictimai-siyasi həyatında daha fəal olması üçün gəncləri stimullaşdıran addımlar atır. Diqqət etsək görərik ki, son 15 il ərzində istər parlamentdə, istər bələdiyyələrdə, istərsə də mərkəzi icra hakimiyyətlərində gənclərin iştirakı nəzərə çarpacaq dərəcədə artıb, bacarıqlı, savadlı gənclərin potensialından maksimum dərəcədə istifadə olunub".

İctimai Birliyin sədr müavini deyib ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 fevral Gənclər Gününə həsr olunmuş toplantının keçirilməsi də dövlət başçısının gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Elvin Babayev bildirib ki, Prezident İlham Əliyev toplantıda çıxışı zamanı gənclər qarşısında mühüm vəzifələr qoydu, onlara öz tövsiyələrini verdi ki, gənclər də bundan sonra öz fəaliyyətlərində dövlət başçısının tövsiyələrini, qarşıya qoyduğu vəzifələri mütləq nəzərə alacaq və ölkəmizin daha da çiçəklənməsi, inkişafına öz dəyərli töhfələrini verəcəklər: "Prezident İlham Əliyev toplantıda çıxışı zamanı qeyd etdi ki, bu gün Azərbaycan dünyada çox sürətlə inkişaf edən ölkə kimi tanınır: "Biz isə əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq və ilk növbədə, bu gün həll edə bilmədiyimiz məsələləri həll etməliyik, nöqsanları, problemləri aradan qaldırmalıyıq. Əlbəttə ki, gənclər bu sahədə bizim ən birinci yardımçılar ola bilərlər və olmalıdırlar. Ona görə ictimai nəzarətin gücləndirilməsi çox önəmli məsələdir. Mən öz çıxışlarımda dəfələrlə demişəm ki, mütləq ictimai nəzarət olmalıdır. Çünki ictimai nəzarət olan yerdə işlər daha yaxşı gedir. Ona görə mən gəncləri bu məsələyə diqqət yetirməyə dəvət edirəm" deyərək Prezident gənclərə bir daha nə qədər dəyər, önəm verdiyini təsdiqləmiş oldu"  .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31