"Yaltaqlıq insanın xislətində olur, maddiyyata baxmır" – Tənqidçi İradə Musayeva – müsahibə
31 Yanvar 2019 09:59 Sosial- Yazılarınızın birində qeyd etmisiniz ki, hər hansı yaradıcılıq nümunəsində etik normada bir "müəllif dili", ədəbi-bədii dil normalarına müvafiq "təhkiyə mədəniyyəti" olmalıdır. Lakin biz bəzi tanınmış və uğur qazanmış yazarların dilində vulqar, eləcə də dialekt sözlərə rast gələ bilərik. Məsələn, Bukovski. Bu baxımdan, sizcə, istisnalar mümkündürmü?
- Mən bu məsələyə iki məqaləmdə toxunmuşam. Biri "Qadınlar niyə yazır?" adlı məqalə idi. Orada bir povest və bir hekayədən yazmışdım. Müəllif öz dilindən Rusiyaya "Rusiyet" deyirdi. İlqar Kamilin hekayəsində isə müəllif öz obrazına "eşşək" deyir. Bu cümləni bu şəkildə obrazın dilindən vermək olar. Lakin müəllif dili ayrı şeydir. Müəllif obrazına bu cür yanaşmamalıdır. Bütün ədəbiyyatşünaslıqda hamının, yəni bədii yaradıcılıqla məşğul olan hər kəsin biləcəyi bir qayda var, müəllif obraza şəxsi münasibətini bildirməməlidir. Pərdə arxasında elə dayanmalıdır ki, görünməsin. Məqalələrimin birində də yazmışdım ki, bizim müəlliflərin çoxunda dil Kukla Teatrında kuklaları idarə edən əl kimi bəzən o qədər böyük olur ki, kuklanın hərəkətindən çox diqqət çəkir. O əl görünməməlidir, amma bizim yazıçıların yazılarında açıq aşkar görünür. Məsələn, mən İlqar Kamilin hekayəsində əvvəldən sona qədər müəllifin obrazı Kərimə münasibətini oxudum. Bu olmamalıdır, oxucu hekayənin içinə girməlidir. Mən bu silsilə məqalələri yazarkən, xüsusilə, dünya ədəbiyyatına müraciət edərək müqayisələr apardım ki, mənə inanmasalar da dünya yazıçısına - Çexova, Turgenevə inansınlar. Çünki hamıda belə bir fikir formalaşıb ki, mən bilərəkdən bütün yazılara qərəzli yanaşıram və eyiblər tapıram. Düzdür, İlqar Kamil bunu çox sakit və mədəni şəkildə qarşıladı, hətta mənə təşəkkür etdi. Lakin mən artıq dünya ədəbiyyatında qəbul olunmuş formatları göstərmək istədim. Məsələn, "Lotoreya" hekayəsində 10-dan çox obraz var. Mən bunu oxuyanda müəllifin adını unutmuşdum, ancaq oradakı mənzərəni, səhnəni görürdüm. Özümü oradakı insanların içində hiss edirdim, o adamların kədərinə kədərlənir, sevincinə şərik çıxırdım. Çünki orada müəllif görünmür, oxucu birbaşa səhnənin içinə düşür. Çexovda da elədir. "Məmurun ölümü", "Qüssə" hekayələrində də eyni hal yaşanır. Heç bir müəllif obrazını sevib sevmədiyini hiss etdirməməlidir. Əslində, o heç obrazını sevməli də deyil, əksinə Femida kimi obyektiv olmalıdır. Bu həyatdır və yazıçı bu həyatın bir parçasını kəsib bizə təqdim edir. Əgər müəllif orada özünün münasibətini nümayiş etdirirsə, deməli, artıq nəyisə diqtə edir. Nəyisə diqtə edirsə ki, bu obrazı sev, bunun arvadı yazıqdır, onun əri qəddardır, demək ki, bu əsl ədəbiyyat deyil. Yazıçı bunu sadəcə təsvir etməlidir. İdeya, mövzu, məzmun, dil və s. bu kimi sənət məsəlləri həmin kəsilmiş, seçilmiş həyat parçasının içərisində spesifikləşməlidir. Onsuz da kəsilmiş, ədəbiyyatlaşmış həyat parçası, və bu təsvirdəki insanlar müəllifin bədii təfəkkürünün məhsulu kimi əks-səda verəcək. Lakin elə əks-səda verməlidir ki, bu təsvir o qədər canlı olmalıdır ki, oxucu qarışdırsın: bu əsl həyatdır yoxsa ədəbiyyat? Bax, onda deyərəm bu əsl ədəbiyyatdır. Amma təəssüf ki, bizdə bu yoxdur. Çox az hallarda özümüzü o mənzərənin içində hiss edirik.
- Son dövrlər Azərbaycan nəsrində və poeziyasında müşahidə olunan "metafora xəstəliyi" barədə fikirlərinizi öyrənmək istərdim. Sizcə, romanda, hekayədə bu qədər müqayisədən, bənzətmədən istifadə etmək özünüifadə yetərsizliyindən, istedadsızlıqdan irəli gəlir?
- Bu klassik ədəbiyyatda da "alma yanaq", "lalə dodaq" formasında var idi. Məsələ ondadır ki, ədəbiyyatşünaslıq da mətnləri bu cür təhlil edir. Bu bizim düşüncəmizin standart olmasından irəli gəlir. Hekayələrin çoxu bir-birinə bənzəyir, çünki baxış, yanaşma eynidir. Hadisələr eyni deyil, milyonlarla variantı var, amma bizim yanaşmamız eyni olduğuna görə onların ortaya qoyduğu modeldə hər şey bəsit görünür. Yazıçıya demək olmaz ki, bunu bu cür yaz. Bu istedadla bağlı bir şeydir. Məsələn, şairə demək olmaz ki, sən şeirlərində yeni bir gözəl obrazı yarat. Gərək onun təxəyyülü, dünyagörüşü, intellekti, baxış bucağı o qədər fərqli olsun ki, bu oxucuya da fərqli gəlsin. Epitetsiz də, təyinlərsiz də yazmaq olar. Tutaq ki, Vaqif Səmədoğlu bir şeirində deyir ki, hər şey səni xatırladır, hətta yadından çıxıb burada qalmış Qonkonq darağı da. Bu daraq təxəyyülümüzdə onlarla metafora yarada bilər. Burada heç bir mübaliğə, təyin, epitet, litota yoxdur, amma adi bir yanaşma gedən, onu tərk edən sevgili haqqında bir necə xatirə yaratdı. Belə olduqda oxucuya çoxlu variantlar təqdim olunur. Oxucu təxəyyülü konkret bənzətmələrlə çərçivələnmir. Alma yanaq", "bal dodaq" deyən kimi göz önünə bir lalə bir yanaq gəlir, başqa variant yoxdur. Bunu müəllif yaratmalıdır, ədəbiyyatşünas da bunun nəzəriyyəsi barədə düşünməlidir. Bu yaxınlarda inandığım cavan nasirlərlərdən biri dedi ki, "İradə xanım, nəyə görə deyirsiniz ki, Azərbaycan ədəbiyyatında mənim tənqid edəcəyim mətn yoxdur?". Mən bunu qərəzlə deməmişəm. Yazıçı və onun mətni ədəbiyyatın nəzəriyyəsini də yarada bilir, tənqidini də, tənqidçisini də... Belinskini Belinski eləyən məhz Puşkin, Qoqol, Dostoyevski və başqaları oldu, onlar olmadan Belinski olmazdı. Belinski Azərbaycanda yaşasaydı neçə tənqidçi tanıyırsınızsa onlardan biri olacaqdı. Mən buna əminəm. Yəni bu demək deyil ki, Dostoyevski var, amma onu İradə Musayeva, Vaqif Yusifli və başqaları görmür. Bu olmalıdır ki, tənqidçilər görsün. Mən görmürəmsə başqası görsün.
- 15 ildir ki, ardıcıl olaraq yazırsınız. Maraqlıdır ki, yazdıqlarınızın kiminsə yaradıcılığına təsir edirmi? Yəni, həmin problemlərdə dönüş görürsünüzmü?
- Sizin verdiyiniz sualı çoxları mənə müxtəlif formada deyiblər ki, vaxtına, gözünə heyfin gəlsin. Hətta professorlar var deyir ki, bütün yazılarınızı oxuyuram, amma vallah, xeyiri yoxdur, özünüzü yormayın. Mən bütün hallarda bunu qəbul etmirəm. Çünki mən tutaq ki, Ədəbiyyat İnstitunun müstəqilliklə bağlı kitabı haqqında 4 məqalə yazdım. Niyə yazdığımın səbəbini də izah elədim. Qətiyyən də peşman olmadım. Mən başa düşürəm ki, o kitab da, kitabın müəlliflərinin təfəkkürü də dəyişilməyəcək. Bilirəm ki, o kitabdakı hər məqalənin müəllifinin səviyyəsi nə artan, nə azalan deyil. Oradakı adamlara münasibət də dəyişilməyəcək. Kitabda olmasına etiraz etdiyim adamlar bir yol tapıb yenə də başqa bir böyük kitabda özünə yer edəcək. Amma ən azından növbəti dəfə, nə vaxtsa elə bir kitab hazırlananda deyəcəklər ki: "Kimsə bu kitab haqqında tənqidi rəy yaza bilər, ehtiyatlı olun!". Qorxmaq mənasında yox, məhz daha diqqətli olmaq mənasında. Bu birincisi. İkincisi qoy həmin adamlar, təşkilatçılar başa düşsünlər ki, bütün adamlar kitabları eyni cür qəbul etmir, yəni ən azından anlasınlar ki, biz cahil, avam və laqeyid, buqələmun deyilik, bunları görürük. Mən ona görə etiraz etdim ki, özümü oxucu kimi təhqir olunmuş hiss etməyim. Bir adam yalanları deyir və hamının üzünə baxır, görür ki, hamı başını yelləyir. Amma heç olmasa bir nəfər etiraz edəndə, səhvləri göstərəndə bu adam gələn dəfə kitab yazanda çəkinəcək ki, kimsə yenə bir nəfər çıxa və səhvləri görə bilər. Yenə də deyirəm, özümü oxucu kimi təhqir olunmuş hiss edirəm ki, o müəliflər, o qurumlar bizi aldadırlar. Hamı gördü ki, bu obyektiv yanaşmadır. Burada sətiraltı və ya yozulası bir məna yox idi. Məsələn, 25 səhifə Şəmil Sadiqə yarım səhifə isə İsmayıl Şıxlıya, Əzizə Cəfərzadəyə həsr olunsun. Və yaxud bəzi məqalələrin içində Sabir Əhmədlinin adı epizodik şəkildə obrazlaşsın və s.
- Tehran Əlişanoğlu müsahibəsində iradlarınıza cavab vermişdi. O cavaba münasibətiniz necədir?
- Tehran müəllimin yazısında çox cüzi etiraf var idi. Amma mənim inandığım auditoriya təəssüf elədi ki, Tehran müəllim məsələyə bu cür yanaşır. O, təkcə bir kitab deyil, həm də ədəbiyyatşünaslıq elminin bugünkü ədəbiyyata baxışının obrazıdır. O kitabın təqdimatları keçirilir, haqqında professorlar yazılar yazır. Təkcə o kitaba görə təəəsüflənmədim, sonra o kitabın 37-ci illərə bənzər müdafiəsinə təəssüfləndim. Mən gözləyirdim ki, Tehran müəllim daha mənalı şəkildə özünümüdafiə jestləri edəcək, lakin o dedi ki, burada nə var ki. Siz niyə inanmırsınız ki, Hüseynbala Mirələmov yazıçıdır və onu da hamı sevə bilər. Çingiz Aytmatovla birgə şəklinin olduğunu dedi. Bu əsaslandırma hətta bir müddət lətifə kimi dillərdə dolaşdı... Mən Tehran müəllimdən bunu gözləmirdim, çünki o ciddi ədəbiyyatşünas və savadlı adamdır. İnsan bəzən etiraf etmək məqamında böyüyə bilər, amma işin altından qaçmaq üçün bu şəkildə müdafiə onu bir az da "quyuya salır". Ona görə də mən cavab vermədim və ötüb keçdi. Sonradan o məqalə yazan adamların çoxuyla söhbət edəndə gördüm ki, onlar da mənim fikrimdədirlər. Səmimi söhbətdə mənlə razılaşırlar, amma məqaləni niyə yazırlar o da məlumdur. Məsələni çözdükcə, niyələrin cavablarını tapdıqca ikrah hissinin həcmi bir az da böyüyür...
- "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" kitabını tənqid etmişdiniz. Deyə bilərsiniz, o kitabda konkret hansı imzalar olmalıydı və yaxud olmamalıydı?
- Mən 4-cü məqalənin sonunda belə bir şey yazmışdım ki, o kitabın təqdimatında mənim çox hörmət elədiyim adamlar kitabla bağlı çıxışlar etdilər, o adamlar ki kitabda portret obrazları əks olunub. Olar məmnunluq hissi ilə danışır, kitabı tərifləyirdilər. Heç biri demədi ki, o vaxt bizimlə bir meydanda, bir tribunada, bir cəbhədə olan silahdaşlarımız - müstəqillik uğrunda mübarizə aparan yoldaşlarımız (İ.Şıxlı, S.Əhmədli və b.) niyə burda, bu kitabda bizimlə eyni səviyyədə təqdim olunmayıb? Yəni, bunlar eyni mövqedə, cəbhədə olan və bizim müstəqilliyə gedən yolumuzda mübarizə aparan insanlar idi. Bəs müstəqillik dövründə çoxlu romanlar yazmış Əzizə Cəfərzadə niyə epizodik şəkildə görünüb, itir? Ən azından bu saydığım adamlar həmin dövrün ədəbiyyatının yükünü daşıyan insanlar kimi əks olunmalıydı. Biri çıxıb deməliydi ki, "Çox sağ olun yaxşı işdir, amma meyarlar düzgün deyil, tərəzini əymisiniz. Layiqlilər fraqmentlərdə, məqalə küncündə, ədəbiyyata aidliyi olmayanların bir neçəsi isə "geniş ekranda" 20-25 səhifəlik ədəbiyyat tarixinin ədəbi şəxsiyyəti kimi əks olunub..." Qarabağ müharibəsinin qanlı-qadalı günlərində S.Əhmədli cəbhə bögələrində, güllə yağışı altında əsgərləri ziyarətə gedir, onlarla birgə o ağrılı səhnələrin iştirakçısı olurdu. Müstəqillik elə həmin dövrdə yaşamaq deyil axı. Müstəqillik yükünü çiyinlərində daşımış insanlara yer ayırmaq lazım idi. Mən Ədəbiyyat İnstitutundan daha çox tribunaya çıxıb kitabı o şəkildə tərifləyənlərdən inciyirəm. Mən kitabın düşməni deyiləm ki. Açıq yazmışam ki, Mirələmov, Şəmil Sadıq orada portret obraz olmamalıydı, Xanəli Kərimli də. Məsələn, "bölgə ədəbiyyatı" adı ilə ayırdıqları hissədə gözəl şairəmiz Nisəbəyim yoxdur, amma İltifat Saleh var. Sən niyə Mirələmovu mənə müstəqillik dövrünün dramaturq-nasiri kimi təqdim edirsən, deməli, məni oxucu kimi saymırsan?! Mənim oxucu kimi zövqümə, intellektimə inanmadığına görə, məni aldada biləcəyinə əmin olduğuna görə onları mənə bu şəkildə təqdim edirsən... bu olmamalıdır.
- İradə xanım, söhbətimiz dedi-qoduya yuvarlanmasın, ancaq belə söz-söhbət gəzir ki, siz Ədəbiyyat İnstitutunda işləmək istəmisiniz, razılaşmayıblar, indi də siz "qabırğalarına döşəyirsiniz". Bu deyilənlər nə dərəcədə doğrudur?
- Əvvəla, mən orada işləmək istəmişəmsə və onlar məni götürməyiblərsə, bu onların problemidir. Mən belə hesab edirəm ki, Filologiya üzrə fəlsəfə doktoru, az-çox ciddi yazıları, ədəbiyyatşünaslıqla bağlı problematik məqalələri olan bir insan oraya müraciət edir və onu işə götürmürlərsə, demək ki, bu növbəti qəbuledilməz mövqeydir. Çünki mən orada, eqoistlik kimi çıxmasın ,bəlkə oradan daha ciddi elm, ədəbiyyat mühitində işləməyə potensialı, gücü çatan ədəbiyyatşünasam. Əgər onlar mənim hansısa kitab haqqında tənqidi məqalə yazmağımı bununla əlaqələndirirlərsə, demək özlərini bir daha ifşa edirlər. Üzrü günahından betər bir hal yaradırlar özləri üçün... Mən Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının yetirməsiyəm. Tədris işlərindən ayrılandan sonra, elmlər doktorluğu dissertasiyası müdafiə etmək üçün müəllimlərim, professorlar Tofiq Hüseynoğlu və Vaqif Sultanlı təklif etdilər ki, bəlkə ədəbiyyat institutuna məktubla müraciət edək, orada həm doktorluq işi yazmaq, həm də işləmək üçün sənə şərait yaratsınlar. N.Cəfrov, A.Əmrahoğlu, C.Nağıyev, T.Hüseynoğlu və V.Sultanlının imzasıyla Ədəbiyyat İnstituna bir məktub göndərdilər. Həmin vaxt Vaqif Yusifli də mənə dedi ki, tənqid şöbəsi təzə açılıb, sizə bu şöbədə ehtiyac var, istəyərəm ki, siz də burada çalışasınız. Mən də müraciət edəcəm ki, sizi buraya işə götürsünlər. Bundan az sonra mən N.Gəncəvi adına Ədəbiyyat Muzeyindən doktorluq işi götürdüm və başqa yerə işə düzəldim. Daha işlə bağlı Ədəbiyyat İnstitut ilə əlaqə saxlaya bilmədim. Amma bu hardasa 2013-2014-cü illərdə baş verib. Haqqında danışdığım kitab isə 2016-cı ildə çıxıb. Sizin dediyinizi əvvəllər mən də eşidib gülmüşəm. Mən bir müddət əvvəl nüfuzlu bir şəxsin romanı barədə tənqidi yazı yazanda da dedilər ki, İradə Musayevaya sifariş olunub. Və yaxud bəzi tərcümə kitabları haqqında tənqidi yazı yazanda da dedilər ki, İradə xanım Tərcümə Mərkəzinə qərəzli yanaşır. Amma mənim o mərkəz haqqında heç bir təsəvvürüm yoxdur, heç bilmirəm orada kimlər işləyir. Oranın mənzərəsi mənə aydın deyil. Belə söhbətlər çox gülünc şeylərdir. Mən məqsədli şəkildə hansısa kitabı əlimə alıb heç vaxt kiminsə haqqında yazmamışam. Bu cılızlıqdır: deyirlər ki, məni ora işə götürmədiklərinə görə çap etdirdikləri yazıram. Mən orada işləsəydim, bu cür məqalələrimin sayı daha çox olacaqdı, yəqin ki... İclaslarda da həmin aspektli çıxışlar həmçinin... Onların bu şaiyələri sadəcə özünə təsəlli kimi bir şeydir.
- Nəyə görə ədəbiyyatşünaslıqla və nəzəriyyəylə bağlı tənqidi yazılarınızda daha çox ədəbiyyatdan tək məsul şəxs kimi İsa Həbibbəylidən sitat gətirirsiniz?
- Ədəbiyyatşünaslıq haqqında yazımda çoxlu adlar çəkmişdim. Ad o mənada ki, fikirlərinə, kitablarına, məqalələrinə münasibət bildirmişdim. Vüqar Əhmədin kitabı ədəbiyyatşünaslıq kitabı deyil, Nizaməddin Şəmsizadənin kitabı ədəbiyyatşünaslıq kitabı deyil. Mən bu qeydlər haqqında məqalə yazmalı oldum. Bununla, ədəbiyyatşünaslıqla bağlı materialları araşdırmağa başlayanda İsa Həbibbəylinin bölgüsünə rast gəldim, təsadüfən, təəccübləndim ("525-ci qəzet"də). Bu məsələlərin kökü oradan qaynaqlanır. Həm də o ədəbiyyat akademikidir, Ədəbiyyat İnstitutunun başçısıdır. Mən niyə balaca adamlardan sitat gətirim? Mən böyük statuslu, səlahiyyətli adamın fikrinə münasibət bildirirəm ki, böyük adam da böyük işlər görsün. Mən Ədəbiyyat İnstitutun laborantından yaza bilmərəm axı. Həm də mən yalnız bir adamın nəzəri görüşlərindən yazmamışdım. Nizaməddin Şəmsizadədən, Rəhim Əliyevin kitabından da yazmışdım. Amma insanlar hamısını unudub təkcə İsa müəllimi yadda saxladılar... Status məsələsi...
- Davamlı olaraq ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsinə aid kitabları tənqid edib, yetərsiz sayırsınız. Maraqlıdır arzusunda olduğunuz kitabı nəyə görə özünüz yazmırsınız?
- Mən həmin kitabları tənqid edərkən yazmışam ki, bu kitabı bir adam yaza bilməz. Bunu həm metodikanı bilən adam, həm ədəbiyyatı yaradan adam, həm də ədəbiyyatşünaslıqla məşğul olan adamlar yaratmalı, yazmalıdırlar. Yəni, bu bir institut, şöbə miqyasında görülməli işdir. Ciddi yanaşılsa... Ədəbiyyatşünaslıqla bağlı çoxlu məqalələrim var, amma yenə də bu fikirdəyəm ki, belə bir kitab yazmaq tək adamın işi deyil. Kimsə desə ki, "mən yaxşı yazaram" - inanmaram. Çünki, ən yaxşı halda rus ədəbiyyatşünaslığını tərcümə edib yazacaq. Bizim ədəbiyyatın materialları əsasında olmayacaq. Bizə isə bizim ədəbiyyatımız əsasında hazırlanmış ədəbiyyatşünaslıq kitabları lazımdır...
- Sizin yarınan yazılar yazmamağınızı maddi imkanla əlaqələndirlər. Bu barədə nə deyə bilərsiniz?
- Mən obyektiv yazıramsa bu insanları niyə narahat etməlidir və niyə elə hey bunun səbəbini axtarırlar? Qəribədir, həqiqətən... Bu yaxınlarda Fuad Poladovun səhnədən getməsini qəhrəmanlıq kimi qarşıladıq. Fuad Poladov mənim ən çox sevdiyim aktyorlardandır. Onun bu addımı bizə çox xoş gəldi ki, hardasa haqsızlığa dözə bilməyən insanlar var. Bu xaricdə olsa qəhrəmanlıq kimi qəbul olunmazdı, adi bir addımdır. İş yerində nəyisə qəbul etməmək və işdən çıxmaq. Amma biz belə şeylərə o qədər öyrəşməmişik ki, kimsə eləyəndə bizə qeyri-adi gəlir. Ehtiyacı olmamaq məsələsi də yalnış fikirdir. Ona görə ki, bəzən heç bir ehtiyacı olmayan şəxs, məndən qat-qat yaxşı şəraitə malik bir insan görürsən ki, yenə də yaltaqlanır. Yaltaqlıq insanın xislətində olur, maddiyyata baxmır. Mənim kitabım indi nəşriyyatdadır və onun qiymətinə görə bəlkə on dəfə müraciət etmişəm. Nəşriyyatda olarkən təsadüfən bir xanımla rastlaşdım. Belə baxanda yazmaqdan heç bir xeyirim, gəlirim yoxdur. Əksinə, pulum da gedir, vaxtım da, gözüm də... Hələ çoxlu da düşmən qazanmış oluram... Bu vicdan məsələsidir, maddi imkan yox...
- Siz dediniz ki, müasir dövrdə yaxşı müəlliflərin olmaması tənqidçini də düşüncə miqyasını daraldır. Amma həmin tənqidçilər dünyanın hər hansı dahisindən də yazanda həmin potensialla yazır. Bununla bağlı nə düşünürsünüz?
- Konkret nümunə gətirəcəm. Mən Markesdən, Remarkdan, Corc Orueldən, Svetlana Aleksieviçdən yazdığım irihəcmli məqalələrimi yazı prosesində dayandıra bilmirdim. Bu müəlliflər tənqidçiyə o qədər imkan verir ki, mən təzədən yenə onlardan üç belə məqalə yaza bilərəm. İndi mən Saday Budaqlının hekayəsindən yazıram. Başlayanda dedim ki, tutaq ki, beş səhifə yazacağam. Amma yazanda gördüm ki, özümdən asılı olmadan həcm böyüyür. Təhlil etdikcə çoxlu məsələlər meydana çıxır. Demək ki, Saday Budaqlı tənqidçiyə bir hekayə ilə iki məqalə yazmaq imkanı verir. Qısacası, bu müəllifdən asılıdır.
- Postmodernizm nəzəriyyəsində belə bir ifadə var: "Müəllif ölüdür", lakin Azərbaycan ədəbiyyatında bəzən özünü postmodern yazıçı adlandıranların bəziləri nədənsə müəllif yerinə obrazları öldürüb müəllifi əbədi olaraq yaşatmaq istəyirlər. Buna münasibətiniz?
- Bayaq da qeyd etdim ki, bəzi əsərlərdə müəllif əvvəldən axıra kimi tribunadan düşmür. Əsəri müəlliflə başlayıb onunla da bitirirsən, obrazlarla, hadisələrlə yox. Halbuki elə olmamalıdır. Bu geniş mövzudur. Gərək lap əvvəldən başlayaq ki, postmodernizm nədir? Bizdə postmodernizmə qarşı elə münasibət yaratdılar ki, ikrah hissi oyandı. Postmodernizm deyəndə ən çox Orxan Pamukdan misal gətirirlər. Çingiz Abdullayevin çox yaxşı misalı var, həmişə deyir: Anar Orxan Pamukdan soruşdu ki, bizim gənclər bizi qınayır ki, siz postmodernizmi bilmirsiniz. Orxan Pamuk da gülüb deyib ki, vallah, heç mən özüm bilmirəm ki, postmodernizm nədir. Bunun adını nəzəriyyəçilər qoyur. Mən inanmıram ki, Cəlil Məmmədquluzadə, yaxud Axundzadə o zamanlar deyib ki, mən tənqidi realistəm və ya tənqidi realizmin banisiyəm. Ya da Hüseyn Cavid desin ki, onda mən də romantik olacam...
Bu təxəyyülün, ilham pərisinin işidir, özü bilər ki, realist qiyafədə, gəlir ya romantik və s. amma bizdə gənc yazıçılar yazdılar ki, biz köhnə ədəbiyyatı bəyənmirik və postmodern ədəbiyyat yaradırıq. Bu mümkün deyil axı. Bir şeyin nəzəriyyəsini də nümunəsini də özün yaradasan. Uşaq olmamış ad qoymaq kimi bir şeydir bu... Mən həmişə deyirəm, bu ona görə yaxşı idi ki, ədəbiyyata yeni bir hava gətirmək istədilər. Ona görə pis idi ki, onlar bu yeniliyi alicənablıqla, mədəni-intellektual şəkildə, erudisiyalı şəxslər kimi gətirmədilər. Ümumiyyətlə, yenilik gətirmədilər. Yenilik haqqında danışdılar sadəcə... Və bəzi natamam mətnlər təqdim etdilər ki, dünya ədəbi nümunələri fonunda qızma-qara səciyyəli oldu...
Onlar demədilər ki, belə bir ideya var, gəlin bunu birlikdə çözək. Əvvəl ittihamlar, suçlamalar, həqarət və ənənəni, klassikanı təhqir gəldi, sonra da... Sonra onun, postmodernizmin nümunəsini də ortaya elə şəkildə qoydular ki, hamı güldü ki, postmodernizm bu imiş? Hardasa, 10-12 il öncə postmodernizm haqqında bir neçə ədəbiyyat adamından müsahibə almışdılar. Onların içərisində Rafiq Tağının fikirləri yadımdan çıxmır. O demişdi ki, postmodernizm bütün dövrlərdə və bütün müəlliflərin yaradıcılığında eksperiment olaraq qalmışdır. Eksperiment özü də bir ədəbiyyatdır. Amma ədəbiyyatda qalan eksperiment olsun. Məsələn, Mikayıl Rəfili sərbəst şeirdə yapon şeirinin ənənələrinə uyğun eksperiment edirdi. Düzdür, bu yaşamadı, yəni davamı, ənənəsi olmadı, amma ən azından ədəbiyyat tarixində eksperiment kimi də olsa qaldı. Mən təəssüf edirəm ki, bizdə postmodernizmi düzgün səciyələndirə bilmədilər. Buna görə tərcümədən başlamaq lazım idi. Çünki əsl postmodern mətnlər tərcümə olunanda hamının reaksiyası eyni oldu: postmodernizm nə maraqlı forma, "izm" imiş... Biz birinci tərcümələrdən başlamalıydıq ki, öyrənək, bilək bu ədəbi - estetik cərəyanın spesifikasını... Sərbəst şeir ənənəsi də belə yarandı. Tərcümələr əsasında şairlər özlərini formalaşdırdılar. Nazim Hikmətin tərcüməsindən sonra təsirlənmələr müşahidə olundu. Vaqif Səmədoğlu deyirdi ki, bəzən elə olurdu ki, şeiri yazıb bitirəndən sonra baxırdım ki, bu şeiri mən yazmamışam. Bu Nazim Hikmətin şeiridir... tutaq ki, "Qətl günü"ylə "Master və Marqarita" arasında maraqlı paralellər aparırlar və çoxu da uyğun gəlir. Bunun nəyi pisdir ki. Müəllif bunu tam Azərbaycan mühitinə, tarixinə yerləşdirə bilibsə, Azərbaycan dilində, ictimai-siyasi proseslə tam üst-üstə düşən şəkildə uyğunlaşdırıbsa bu təsirlənmənin nəyi pisdir ki?
- Sizcə, ədəbiyyatda Şərq ruhuna, kökünə qayıtsaq daha böyük uğurlar qazana bilərdikmi?
- İlqar Fəhminin "Ədəbiyyat qəzeti"ndə silsilə məqalələri var idi ki, orada Şərqi dəstəkləyirdi. Mən də Şərqin tərəfindəyəm. İstərdim ki, Şərq yenə keçmiş əzəmətini qaytarsın. Amma reallıqla da barışmaq lazımdır. Əgər müasir dünyada bütün texnoloji və elmi kəşflərin bazası, əsası Qərbdən qaynaqlanırsa, mən niyə yenidən geriyə qayıtmalıyam? Əli Bəy Hüseynzadə modernləşmək, avropalaşmaq deyəndə qiyafəmizi dəyişməyi nəzərdə tutmurdu. O deyirdi ki, türk olduğunu bil ki, haradan gəlmisən, müsəlman olduğunu bil ki, hansı dəyərlərə sahib olduğunu biləsən. Amma inkişafda orta əsrlərdə batıb qalma, keç get. Çünki inkişaf Qərbdədir. İndi işıq Qərbdən doğur...
- Sizcə, niyə çoxu Markes olmaq istəyir, amma "Yüz ilin tənhalığı"nı yazmaq barədə düşünmür?
- Əslində, "Yüz ilin tənhalığ"ı Markes zirvəyə qaldırmayıb, Markesi "Yüz ilin tənhalığı"nı qaldırdı. Gərək yazasan ki, mətn səni Markes etsin. Amma bizdə birinci yazıçı imici yaradırlar, ondan sonra mətnə gəlirlər. Buna ehtiyac yoxdur. Sən "Yüz ilin tənhalığı"nı yaz, mən onun içindən Markesi özüm tapacam...
- Sizcə, Azərbaycan ədəbiyyatı dünyaya gündən-günə yaxınlaşır ya tamamilə uzaqlaşır?
- Bu həmişə vurğuladığım bir məsələdir. Məndə hər şeyi qara görmək kimi bir xüsusiyyət yoxdur. Mən hər hansı müəllifdə bir işıq görürəmsə tez çalışıram ki, ondan yazım. Məsələn, Birinci Mahmud, Orxan Bahadursoy heç tanımadığım gənclərdir. Amma onlarda yeni yanaşma və s. gördüyümə görə tez onların haqqında yazı yazdım ki, qoy bunu başqaları da görsün. Bəlkə elə onların özü də bundan həvəslənəcək və getdikcə daha da təkmilləşəcəklər. Demək istəyirəm ki, mən hər şeyi qara görən biri deyiləm. Dünya ədəbiyyatına yol tapmaq o demək deyil ki, sən öz pulunla, ya da statusundan yararlanaraq tərcümə etdirib xaricə göndərdiyin kitablarla dünya yazıçıları sırasına düşdün. O deməkdir ki, sənin kitabın hansısa amerika, ingilis oxucusunun kitab şkafında olsun. Lakin bizimkilərdə bu belə deyil. Demək ki, biz dünya oxucusunun ədəbi zövqündə yoxuq. Türkiyəyə gedib çıxmaqla deyil. Hansısa müasir türk oxucusu bizim əsərləri özü öz iradəsiylə əl-əl axtarıb oxuyurmu? Açıq kitabxanalara kitab yerləşdirməklə deyil axı, hətta belə bir ənənə var. Özümüz özümüzü, bir-birimizi aldadırıq. Dünya ədəbiyyatının meyarı hər hansı məşhur müəllifin əlində sənin kitabının olması deyil. Mən tənqidi məqalələrimdən sonra zarafatyana yazmışdım ki, kaş kimsə mənə qarşı çıxıb məni "qandrabandist" adlandırsın. Məmməh Rahim Mikayıl Müşfiqə nifrətini ifadə edə bilməyib, onu belə adlandırmışdı. Mən də yarızarafat, yarıciddi yazmışdım ki, istəyirəm mənə də belə reaksiya versinlər ki, mən də özümü Müşfiq, Hüseyn Cavid kimi hiss edim.
- Daha çox tənqidçi kimi tanınırsınız, nə vaxtsa yazıçı olmaq ehtimalınız varmı?
- Tanınmaq, tanınmamaq mənim üçün meyar olmayıb heç vaxt. Yəni nə cür tanınıram bilmirəm. Çox olub ki, hansısa alim, ya yazıçı müsahibə verəndə tənqidçilərin sıralarında mənim adımı çəkməyib. Bu məni heç vaxt narahat etmir və qəzəbləndirmir. Mən bilirəm ki, o adam mənim bütün yazılarımı oxuyur. Mən daha çox müəllim kimi tanınmaqdan məmnunam. Amma yazmaqdan qorxuram. O mənada ki, bir - iki cümlə yazan kimi özümə tənqidi yanaşıram və yazdığımı tez qaralayıb cırıram. Yazıçı olmaq tənqidçi olmaqdan çox çətindir. Ola bilsin ki, hansısa tənqidçi gözəl yazıçı olmağı bacarsın. Amma bu hamıya aid deyil. Mən iddialı olduğum üçün yazıçı olsam istədiyim tələblərə cavab verə bilmərəm və arzuladığım yazıçı ola biləcəyimə əmin deyiləm...artkaspi