“Onlayn dieta anlayışı səhvdir”
29 Yanvar 2019 16:28 SosialArtıq çəkidən əziyyət çəkən bir çox insan diyetoloqa getməyə ya vaxtları olmur, ya da maddi imkanları. Bu səbəbdən də sosial mediada yaradılan "online dieta" səhifələrinə qoşulur, "yararlanmağa" çalışırlar. Bu səhifələrə nəinki böyüklər, hətta uşaqlar da qoşulur.
Bəs uşaqların bu marafonlara qoşulması doğrudurmu? Ümumiyyətlə "online dieta"dan faydalanmaq olarmı?

Bu barədə sualları cavablandıran ölkəmizdə ilk pəhriz kitablarının müəllifi olan ("Köklüyün sirri - Arıqlığın açarı" və "Sağlam bəslən arıqla") həkim-dietoloq Leyla Zülfüqarlıbildirib ki, dieta marafonları dediyimiz internet vasitəsi ilə verilən diyet listləridir: "Hansı ki, hamı buna qoşulur. Əlbəttə, bu səhv üsuldur. "Onlayn kardioloq", "onlayn kosmetoloq" qəbulu olmadığı kimi, "onlayn dieta" anlayışı da səhvdir. Çünki burada düzgün, əsl peşəkar həkim-dietoloq münasibəti ola bilməz. Sıradan bir dieta listi hazırlamaq adi bir şey deyil. Burada xəstənin analizi çox önəmlidir. Onun kökəlmə səbəbi və yaxud hormonal problemləri araşdırılmalıdır. Çünki artıq çəkili insanların 70-80 faizində köklüyün altında yatan digər səbəblər var. Öz konsepsiyamda məhz xərçəng, şəkər, zob və bu tip ağır xəstəlikləri müalicə edirəm. Bu cür ciddi xəstəliklər necə onlayn şəkildə ola bilər? Bu sadəcə olaraq baş aldatmaq, qeyri-peşəkar şəkildə olan münasibətdir ki, pasientlərə də öz mənfi təsirini göstərir. Çünki geri dönüşdə daha ağır fəsadlarla qarşılaşa bilərlər. Amma çox kök olmayan, yəni 10 kiloqrama qədər məsələn, hamiləlikdən sonra qadınlarda 10 kilo artıq çəki varsa, bunların altında hansısa ciddi səbəb olmaya bilər. Bu insanlar sadəcə bizim tövsiyələrimizdən faydalanaraq arıqlaya bilərlər".
Həkim-dietoloq əlavə edib ki, internet istifadəçilərinin formalaşdırdığı dieta listlərinin hamısı yanlışdır: "Yəni bu insan üçün özəl münasibət deyil. Xüsusən də uşaqlar üçün tamamilə yanlışdır. Çünki uşaqların reseptr mərkəzləri böyüklərə nisbətən fərqlidir. Uşaqlar dadlı qidaların dalınca daha çox qaçırlar. Bu istiqamətdə müalicə aparmaq lazımdır. Əgər "online dieta" mümkündürsə, online psixologiya da ola bilər. Amma bu yoxdur. Hətta bütün bunlar belə həkim nəzarəti altında olmalıdır. Ümumiyyətlə, dieta anlayışı çox alidir. Buna görə də bu məsələlərə kor təbii münasibət göstərmək olmaz".
azadinform