Evlilik istək oyunudur - “Kişi ovuna” çıxan qadının əri...

Züleyxa NADİR “Kişi ovuna” çıxan qadının əri...

Züleyxa NADİR

"Kişi ovuna" çıxan qadının əri...

Bu gün cəmiyyətdə belə bir fikir formalaşıb  ki,  ailə münaqişələrinin yaranmasına, eləcə də boşanmalara təsir edən ən birinci amil internet, xüsusilə də qadınların sosial şəbəkələrdən istifadə etməsidi. Bu, doğru fikir deyil. İnternet ailələrə "gəlməmişdən" əvvəl də Azərbaycanda ailədaxili münaqişələr qeydə alınırdı, boşanmalar üçün yüz cür səbəb var idi. XX əsrdə  internetin olmadığı zamanlarda, xüsusilə də orta və ali təhsil sisteminin inkişaf etdiyi illərdə boşanmalar indikindən də çox idi. İndi olduğu kimi o zamanlar da ailənin sosial mahiyyəti çox vaxt nəzərə alınmırdı. Halbuki bu, çox vacib faktordu. Mənəviyyatı zəngin olan ailə cəmiyyətin üst pilləsində qərar tutur.

Ailə o zaman aşağılanır ki, orada daxili münaqişə səngimək bilmir. Bu münaqişələrin kökündə isə internet yox, daha fərqli faktorlar dayanır. Bir çox hallarda evlənmə sevgi əsasında baş tutmur.  Ailə tanışlıqları, yaxud da kiminsə vasitəçiliyi ilə tez-tələsik baş tutan toyların gözqamaşdırıcı eyforiyası çox çəkmir. Ərlə arvadın fərqli dünya görüşü, qeyri-bərabər  dini və ideoloji baxışları onları bir ömür bir araya gətirə bilmir. Evlilik ağıl oyunu deyil,  istək oyunudur. Əgər arada sevgi yoxdursa, könüllər birləşə bilmirsə, kiminsə cütlüyə ağıl verməsi qətiyyən effekt vermir.

Əslində boşanmaların ən əsas səbəbi  iqtisadi vəziyyətdir. Ailənin maddi durumu aşağı olanda  boşanma zərurəti üstə çıxır. Ailə başçısının ənənəvi funksiyası olan  maddi təminat məsələsi  həll olunmayanda  bir çox ailələrdə qadın zəifləyir. İşsizlik, yoxsulluq, borclar evin qadınının fiziki və mənəvi gücünü əlindən alır. Nəticədə psixoloji gərginlik və ailədaxili münaqişələr yaranır. Bu fakt bütün dünyada belədir. Avropadan fərqli olaraq Azərbaycanda evin bütün yükü kişinin boynuna düşdüyü üçün daha qabarıq formada müşahidə olunur. Ki... bu da boşanma ilə müşaiyət olunur. 

***

Ötən 100 ildə Azərbaycanda bir neçə dəfə iqtisadi böhran baş verib. SSRİ kimi bir imperiyanın möhkəmlənməsi üçün sovetlər zamanı ölkənin iqtisadi rifah halı hər zaman inkişafda olmayıb. Məsələn, 30-cu illərdə yaranmış iqtisadi böhran boşanmaların sayını pik nöqtəyə qaldırıb. 1937-cin ilin repressiya maşını çoxlu sayda ailənin boşanması üçün yol açıb. "Perestroyka" deyilən bir zaman var idi, yəqin ki, hər kəsin yadındadı.  1970-ci illərin ikinci yarısından sonra  başlayan yenidənqurma dövründə SSRİ-də aparılan islahatlar Azərbaycana da təsir etdi, ölkə keçid dövrünü yaşamağa başladı. Ki... bu dövrdə də boşanmalar yüksələn xətlə qeydə alındı.

1991-ci ildən sonra sərhədlərin açılması azərbaycanlı kişilərin ölkədən köç etməsinə təkan verdi.  Xeyli  sayda  gənc ailədə evin kişisi qazanc qalınca Rusiyaya, Ukraynaya,  Türkiyəyə getdi və çoxu oralardan dönmədi. Kimisi rus, xaxol qadınlarla evləndi, kimisi də  heç bir qazanc əldə edə bilmədi, kasıbçılığın girdabında boğulub qaldı, yaxud da daha qara işlərə bulaşdı, əyri yollarla yeridi. Ki... nəticədə Azərbaycanda qoyub getdiyi həyat yoldaşları boşanmağa üstünlük verdilər.

Ötən 10-12 ilə nəzər salaq. 2008-ci ildən sonra dünyada başlayan iqtisadi böhran neftin qiymətinə zərbə vurdu.  Neft qiymətlərinin kəskin aşağı düşməsi nəticəsində ölkədə yaranan böhran  iqtisadiyyata təsirsiz ötüşmədi. Yoxsulluq nəzərəçarpacaq dərəcədə evlərə "ayaq açdı". Ki... bu da zəif  "halqalı" ailələrdə boşanmalara səbəb oldu.

Bu sadaladıqlarım o demək deyil ki, boşanmalar yalnız həmin səbəblərdən baş verir. Başqa səbəblərdən də ailədaxili münaqişələr olur. Gəlin-qaynana münasibətləri,  qısqanclıq, xəyanət, zərərli vərdişlərə aludəşilik, ailədaxili zorakılıq kimi hallar da  boşanmaya  yol açır. Amma bütün hallarda ər-arvad arasındakı ziddiyyətin bünövrəsində maddi vəziyyət dayanır.  Fakt: 1994-cü ildə Azərbaycanda dünyanın 11 ölkəsi ilə birlikdə "Əsrin müqaviləsi" bağlandı. Neft sazişlərinin bağlandığı o dövrdən sonra "qara qızıl"ın  qiymətləri yüksək idi, gəlirlər durmadan artırdı. Ki... bu da həmin on ildə boşanmaların sayını iki dəfə azaltdı.

***

Bu gün internet əsridi, dünya kompüter texnologiyaları ilə idarə olunur. Necə ola bilər ki, bu tərəqqi ailədə ziddiyyət yaratsın, ər-arvad arasında  münaqişəyə səbəb olsun? Əgər bu, doğrudan da belədirsə, yenə də günahı maddi çətinlikdə axtarmaq lazımdı. Əvvəla, ailə inam üstündə möhkəmlənir. Ərlə arvad arasında vəfa, etibar, sədaqət deyilən məfhumu inam  birləşdirirsə, o ailəyə zaval yoxdu. Həmin ailədə internet və kompüter texnologiyasından düzgün istifadə olunacaq, ailə üzvləri sosial şəbəkələrin faydalı tərəflərindən yararalanacaqlar.

İnternetdə "kişi ovuna" çıxan qadının əri günahkardı. Sosial şəbəkələrdə pul axtaran qadının əri düşünməlidi ki, xanımı  üzünü ondan niyə yan çevirib? Niyə qadın ərini qoyub internetdə tanış olduğu birisinə qoşulub qaçır? Burada günah nə facebook, nə whatsApp, nə də  instaqramdadı. Bir çox hallarda kasıb ailələrin qadınları sosial şəbəkələrdə  tanımadıqları kişilərin toruna düşür, aldadılırlar. Ərindən görmədikləri maddi ehtiyaclarını başqa kişilərin ödəyə biləcəklərinə inanıb evi tərk edirlər. Həmçinin də kişilər sosial şəbəkələrdə tanış olduqları fırıldaqçı və əxlaqsız qadınların çənginə keçib ailələrini dağıdırlar. Ona görə də təkcə qadınları ittiham etmək doğru deyil, kişilər də internetdə "qadın ovuna" çıxırlar. Və hər iki "ovun" yolu iqtisadi çətinlikdən keçir. Ailədə maddi vəziyyət normal olsa nə ər, nə də arvad sosial şəbəkənin neqativ tərəfinə yüklənər. Ər və arvad işləyib ailə büdcəsinə normal qazanc gətirsələr internet yadlarına düşməz. Aylarla, illərlə işsiz qalan kişi, ya da qadın öncə internetdən iş axtarmaq üçün istifadə etməyə başlayır. Axtarışlar çox uzun çəkir, bir nəticə vermir. Sonra onlar yolu itirirlər, tanışlıq saytlarına daxil olur və... ailənin sonunu gətirirlər. Ən yaxşı halda boşanma, ən pis halda isə qətl baş verir.

Bu gün dünyanın inkişaf etmiş ölkələrində  internetdən istifadə etməyin yolları oxumaqdan, öyrənməkdən, elm əldə etməkdən keçir. Bizdə isə bu, ailənin dağılması ilə müşaiyət olunur. Avropa artıq  sosial şəbəkələrdən imtina ərəfəsindədi, insanlar canlı ünsiyyətə üstünlük verirlər. Bizdə isə bir çox ailələr hələ indi-indi kompüterin əlifbasını öyrənirlər. Kasıb təbəqə müasir telefonlardan istifadə etməkdə çətinlik çəkir. Yoxsul ailələrdə son model telefonların adını bilmirlər. İnkişaf etmiş ölkələrdə boşanmalar sosial şəbəkələrdən dolayı baş vermir. Oralarda daha qlobal problemlər, qeyri-insani davranışlardan doğan amillər boşanmaların qapısını açır.

***

Bütün qadınlar eyni olmur. Qız uşaqlarının hamısı anadan eyni xarakterdə doğulmur. Hər qadının  ailə dəyərlərinə bir cür baxışı, özünəməxsus yanaşması var. Qadın var ki, dünyanın qiymətli  sərvətini ərinin sevgisinə, onun xoş təbəssümünə dəyişməz. Qadın da var ki, var-dövlət yığmaq,  qızıl toplamaq onun üçün ərdən də, ailədən də irəlidir. Qadın var ki, süfrəsindəki quru çörəkdən  həzz alır. Qadın da var ki, dünyanın naz-nemətini qarşısına töksən nə qarnı doyar, nə də gözü. Qadın var ki, ailə dəyərlərini özünün əxlaqı ilə bəzəyir. Qadın da var ki, abır-həyadan uzaq bir ömür yaşayır, ailəni çürüdür. Qadın var ki, zərifdi, zəifdi, amma daxilən güclüdü. Qadın da var ki, kobuddu, həm də qorxaqdı, hiyləgərdi.

Eləcə də kişilər...  onlar da  eyni olmur. Kişi var ki, dədə-babalardan qalma ağır ləngəri, sanbalı, oturuşu - duruşu  ilə seçilir. Kişi də var ki, daxili dünyası qadınlıqdan xəbər verir. Kişi var ki, ailə dəyərlərini hər şeydən üstün tutur. Kişi də var ki, xanımının qadınlıq məsuliyyətindən qorxur, ya da heç xəbəri yoxdu.

Hər iki cinsin nümayəndəsi nə peyğəmbərdi, nə də peyğəmbər anasıdı. Hər kəsin səhvi ola bilər. Heç kim addımını əyri atmaqdan sığortalanmayıb. Yetər ki,  onu buna vadar edən səbəblər aradan qaldırılsın. Bu səbəblər internet yox, ər-arvadı internetin dağıdıcı tərəfinə istiqamətləndirən maddiyyat istəyidir. Ki... bu da boşanmadan yan keçmir.

Boşanma evliliyin istək oyununu pozur...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31