Saatlıda heyvanlar peyvəndləndi
29 Yanvar 2019 15:12 SosialÖlkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) heyvandarlıq təsərrüfatlarında iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparır. Nazirlikdən "Olaylar"a bildirilib ki,
Saatlı rayonunda bu tədbirlərə 2019-cu ilin ilk günlərindən başlanılıb. Artıq 44 kəndi, 1 şəhəri əhatə edən Saatlı rayonunda 46500 baş iribuynuzlu, 1293 baş təkdırnaqlı heyvanlar arasında qarayara əleyhinə profilaktik tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılıb. Dövlət Baytarlıq Xidmətinin Saatlı Rayon Baytarlıq İdarəsinə verilən peyvənd vasitələri "soyuq zəncir" rejimi gözlənilməklə 12 sahə baytarlıq məntəqələrinə termocamadanlarla çatdırılıb və heyvanlara tətbiq edilir. Bununla yanaşı 490 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müayinəsi üçün qan nümunələri götürülüb. Həmçinin 342 ev itində quduzluğa qarşı profilaktik peyvəndləmə tədbirləri aparılıb. Tədbirlər yekunlaşdıqdan sonra 1800 kvadratmetr ərazidə profilaktik dezinfeksiya işləri həyata keçirilib. İribuynuzlu heyvanlarda bu tədbirlərin fevralın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur. Digər peyvənd və diaqnostik təbirlər isə epizootik tədbirlər planına uyğun davam etdirilir.