Tarix Muzeyində Arxeo Klub yaradıldı
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində yeni yaradılan Arxeo Klubun təqdimat mərasimi keçirilib. Alim və mütəxəssislərin, tələbə və şagirdlərin iştirak etdikləri tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı tariximizin, mədəni irsimizin daha dərindən öyrənilməsinin əhəmiyyətindən danışıb.
28 Yanvar 2019 15:57 SosialAzərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində yeni yaradılan Arxeo Klubun təqdimat mərasimi keçirilib. Alim və mütəxəssislərin, tələbə və şagirdlərin iştirak etdikləri tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı tariximizin, mədəni irsimizin daha dərindən öyrənilməsinin əhəmiyyətindən danışıb.
Olaylar.az bildirir ki, muzeydə yaradılan Arxeo Klub barədə fikirlərini bildirən direktor onun gənc nəslin arxeologiya sahəsində maarifləndirilməsində xüsusi rolu olacağına əminliyini vurğulayıb. Akademik N.Vəlixanlı deyib ki, muzey sadəcə eksponatların fondlarda toplanması ilə deyil, həm də onların təbliğ edilməsilə məşğuldur.
Arxeo Klubun rəhbəri Esmira Rəhimova qeyd edib ki, bu klubun yaradılmasında əsas məqsəd məktəblilərə, gənclərə milli-mənəvi dəyərlərimizi daha da sevdirmək, onların arxeologiya sahəsində biliklərini artırmaq, mədəni irs və tarixi abidələrimizi təbliğ etmək, bu istiqamətdə maarifləndirici tədbirlər keçirməkdən ibarətdir.
Muzeyin elmi işlər üzrə direktor müavini Nərgiz Əliyeva tarixi irsimizin və arxeologiyanın geniş şəkildə təbliğinin vacibliyini bildirib.
Arxeologiya elmi fond şöbəsinin müdiri, dosent Nasir Quluzadə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutun alimləri Səfər Aşurov, Fərhad Quliyev, Ceyhun Eminli, Xəzər Universitetinin Tarix və Arxeologiya Departamentinin müdiri, dosent Roza Arazova ölkəmizdə arxeologiya elminin inkişaf mərhələlərindən, iştirak etdikləri arxeoloji ekspedisiyalardan söz açıb, elmin bu sahəsinin təbliğində beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıb, Arxeo Klubun fəaliyyətinə uğurlar arzulayıblar.