34 yaşlı idmançının qripdən ölməsi... - Ekspert
28 Yanvar 2019 13:28 SosialNəzərə alsaq ki, idmançının immun sistemi daha güclü olur, onun bədəninin xəstəlikdən müdafiə imkanları daha çoxdur, bu səbəbdən ölüm bir qədər təəccüb doğurur. Ancaq burada bir məsələ də var ki, o da idmançının xəstəliyə laqeydliyindən irəli gələ bilər. Ancaq istənilən halda fakt araşdırılmalıdır.
Bu sözləri tibb elmləri doktoru, həkim Adil Qeybulla dünən qrip xəstəliyindən dünyasını dəyişən məşhur idmançımız, MMA və Sambo idman növü üzrə turnirlərin qalibi, dünya çempionu Xamis Məmmədovun ölümü ilə bağlı danışarkən bildirib.
A.Qeybullanın sözlərinə görə, ola bilər ki, Xamis Məmmədov məhz idmançı olduğuna görə xəstəliyinə ciddi yanaşmayıb, adi soyuqdəymə kimi ayaqüstü keçirib, ona qarşı tədbirlər görməyib:
"Ağırlaşmalar olduqda da əhəmiyyət verməyib deyə, nəticə belə olub. Ölümün səbəbi istənilən halda araşdırılmalıdır. Çünki qrip virusu birbaşa öldürücü təsir göstərmir. Onun yaratdığı fəsadlardan bakteriyalar fəallaşır və onların törətdiyi infeksiyalardan insan ölümü baş verir. Məsələn, "donuz qripi"ndən 2009-cu ildə ölənlərin əksəriyyəti streptakox pnevmoniyasından ölmüşdü. Bu virus fəallaşır və pnevmoniya yaradır, bununla da ölüm halı baş verir.
Viruslar orqanizmi və toxumaları zədələyir və bununla da orada olan mikroblar ağır patologiya törədə bilirlər".
A.Qeybulla bildirib ki, hazırda ölkədə heç bir ağır virus, xəstəlik yayılmasa da, buna arxayın olmaq olmaz, araşdırma aparılmalıdır:
"Hesab edirəm ki, nə qədər də bilsək ki, bizdə heç bir ağır xəstəlik, infeksiya yoxdur, yenə də bununla öyünmək lazım deyil. Bu ölüm və bu cür faktlar mütləq araşdırılmalıdır.
Çünki əgər bu hadisə hər hansısa bir ağır xəstəlik və infeksiya səbəbindən baş veribsə, bunu açıqlamaq və tədbir görmək lazımdır. Bunu gizlətməklə heç nəyə nail olmaq mümkün deyil. Əksinə bütün gücü səfərbər edib belə infeksiyanı lokallaşdırmaq və bunun səbəb olduğu ölüm hallarının qarşısını almaq, azaltmaq üçün maksimum tədbirlər görmək lazımdır".
A.Qeybulla bildirib ki, qripin "donuz virusu"na çevrilməsi anlayışı yoxdur:
"Yuxarı tənəffüs yollarının bütün infeksiyalarını biz adi qrip adlandırırıq. Ancaq bu, düzgün deyil. Yuxarı tənəffüs yollarında çoxsaylı infeksiyalar var. İnfeksiyalar, paraviruslar və sair hamısı soyuqdəymədən immun sistemi aşağı olan zaman fəallaşır və qrip formasında özünü göstərir.
Qripə adi yanaşmaq düzgün deyil. Adi qripin donuz virusuna çevrilməsi deyilən bir anlayış yoxdur. Donuz qripi özü qripin bir formasıdır".
Xatırladaq ki, dünən 1984-cü il təvəllüdlü Xamis Məmmədov qrip xəstəliyindən dünyasını dəyişib.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, o, xəstəliyi müddətində müalicə alsa da, sonradan xəstəlik dərinləşib və iltihabi proses başlayıb. Bununla da idmançı dünyasını dəyişib.
Səhiyyə Nazirliyindən isə bildirilib ki, Xamis Məmmədov 24.01.2019-cu il tarixində Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya ilə ağır vəziyyətdə gətirilib:
"İlkin rəyə əsasən, xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub".
Xamis Məmmədovun müəllimi Nazim Məlikov isə iddia edib ki, idmançı "buxar hamamı"ndan tərli-tərli soyuq havaya çıxdığı üçün xəstələnib. 3 saylı Klinik Tibbi Mərkəzdə ona sətəlcəm olduğu bildirilib və xəstəxanaya yatırılıb. 6-cı gün axşam həkim nəzarəti olmadığından gecə Xamis qızdırmadan keçinib.
axar.az