Cəlilabadda heyvanların peyvəndlənməsinə başlanılıb
25 Yanvar 2019 15:57 SosialÖlkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 2019-cu ilin ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) yerlərdə "Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı"na uyğun iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə və digər tədbirlər aparır. Nazirlikdən "Olaylar"a bildirilib ki, Cəlilabad rayonunda epizootik durum sabitdir. Bu sabitliyin qorunub saxlanılması üçün heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı Dövlət Baytarlıq Xidmətinin Cəlilabad Rayon Baytarlıq İdarəsi 2019-cu ilin profilaktik tədbirlərinə başlayıb. Müayinə və profilaktik tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır. Epizootik tədbirlər çərçivəsində yanvar ayının ilk günlərindən indiyə kimi Cəlilabad rayonunda ayrı-ayrı şəxsi təsərrüfatlarda 52480 baş iribuynuzlu, 2895 baş təkdırnaqlı heyvanda qarayara, 11415 baş itdə quduzluq xəstəliyi əleyhinə profilaktik peyvəndləmə tədbiri aparılaraq 1843 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi götürülüb və 1200 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb.