Universitet və İnstitut arasında elmi-texniki əməkdaşlıq

Azərbaycan Dillər Universiteti və Azərbaycan İlahiyyat İnstitutu arasında elmi-texniki əməkdaşlıq protokolu imzalanıb. Olaylar.az bildirir ki, ali təhsil müəssisələri arasında əməkdaşlıq prinsiplərinə uyğun olaraq elmi-pedaqoji, elmi-tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyətə əsaslanan protokol ADU-nun rektoru akademik Kamal Abdulla və Aİİ-nin rektoru Ceyhun Məmmədov tərəfindən imzalanıb.

Azərbaycan Dillər Universiteti və Azərbaycan İlahiyyat İnstitutu arasında elmi-texniki əməkdaşlıq protokolu imzalanıb.

Olaylar.az bildirir ki, ali təhsil müəssisələri arasında əməkdaşlıq prinsiplərinə uyğun olaraq elmi-pedaqoji, elmi-tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyətə əsaslanan protokol ADU-nun rektoru akademik Kamal Abdulla və Aİİ-nin rektoru Ceyhun Məmmədov tərəfindən imzalanıb.

Protokolda hər iki ali təhsil müəssisəsi tərkibindəki mövcud fakültələr və kafedralar arasında qarşılıqlı, faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, layihələrin yerinə yetirilməsi, professor-müəllim heyəti, doktorantlar üçün təkmilləşdirmə kurslarının, sərgi və elmi konfransların təşkili, elmi araşdırmaların aparılması, təlim kursların keçirilməsi və seminarlar vermək məqsədi ilə universitet əməkdaşlarının qısa və ya uzunmüddətli mübadiləsi, tələbə mübadiləsi, doktorantura tələbələrinə elmi rəhbərliyin edilməsi, araşdırma işlərinin yerinə yetirilməsi üçün ədəbiyyat və kitabxana materiallarının təmin edilməsi nəzərdə tutulub.

Rektor K.Abdulla bildirib ki, ölkə universitetlərinin xarici universitetlərlə yanaşı, respublikada fəaliyyət göstərən təhsil müəssisələri ilə ciddi əlaqələr qurmasına böyük ehtiyac var. K.Abdulla C.Məmmədovun bilik və bacarığı nəticəsində İlahiyyat İnstitutunun fəaliyyətinin həddindən artıq uğurlu olacağına və dini-ruhani səviyyənin daha da kamilləşəcəyinə inandığını bildirib.

Aİİ rektoru C.Məmmədov əməkdaşlıq təklifini qəbul etdiyinə görə ADU rəhbərliyinə təşəkkürünü bildirib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verən C.Məmmədov ölkənin digər təhsil müəssisələri ilə əlaqələrin qurulması istiqamətində təşəbbüs göstərdiklərini qeyd edib. C.Məmmədov ADU ilə Aİİ-nin əməkdaşlıq edəcəyi bir çox istiqamətlərin mövcudluğundan, böyük tarixə malik olan universitetin təcrübəsindən yararlanmağın faydalarından da söz açıb.

İmzalanma mərasimindən sonra qonaqlar universitetlə tanış olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31