Samuxda epizootiya əleyhinə tədbirlərə start verildi
22 Yanvar 2019 13:24 Sosial2019-cu ilin ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkə ərazisində "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlərin aparılmasına start verib. Nazirlikdən "Olaylar"a bildirilib ki, Samux Rayon Baytarlıq İdarəsi də rayon ərazisində mülkiyyət formasından asılı olmayaraq təsərrüfatlarda saxlanılan heyvanlarda xəstəliklərin qarşısının alınması istiqamətində aparılan profilaktik tədbirləri davam etdirir. Aparılan tədbirlərin nəticəsidir ki, rayonda epizootoloji sabitlik qorunaraq saxlanılıb.
Samux Rayon Baytarlıq İdarəsi tərəfindən 2019-cu ildə 6 sahə baytarlıq məntəqəsi vasitəsilə 36 kənd və qəsəbədə 23515 baş iribuynuzlu heyvanda, 147177 baş xırdabuynuzlu heyvanda və 2700 baş təkdırnaqlı heyvanda, 150000 başa qədər ev quşları və 3000 baş sahibli itlərdə peyvəndləmə, diaqnostik və seroloji müayinələrin aparılması nəzərdə tutulur.Hazırda rayonun baytarlıq mütəxəssisləri iribuynuzlu heyvanlardan qan alaraq bruselyoza görə müayinənin aparılmasını təmin edir və qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirini aparırlar. Bununla bərabər sahibli itlərdə quduzluq xəstəliyinə qarşı vaksinasiya işləri həyata keçirirlər. Tədbirdən sonra ərazilər və avadanlıqlar dezinfeksiya olunur. İribuynuzlu heyvanlarda qarayara xəstəliyinə qarşı aparılan tədbirin fevral ayının sonunda başa çatdırılması nəzərdə tutulub.