Bir romançı gördüm...

Elçin Hüseynbəyli

Elçin Hüseynbəyli

Dostum, həm də naşirim Pərviz Çingizoğlu (Əyyubov) mənə oğlunun "Gizli şahid" kitabını verəndə təəccübləndim. Daha doğrusu, həm də təəccüblənmədim. Təəccübləndim, ona görə ki, Pərviz yazarların hansı durumda olduğunu bilir. Çünki Pərviz "çapçı" deyil, o, naşirdi. Özü də yaxşı zövqü var. Ona təqdim olunan əsəri oxuyur və ağlı bir şey kəsirsə, çap edir, üstəlik qonorar da verir. Yazarlar bilirlər ki, indiki zamanda bu, müşkül məsələdir. Təccüblənmədim ona görə ki, oğlu Elgün (hərçənd onun adını gizli şriftlərlə verib, detektiv janrına uyğun) naşir ailəsində böyüyüb, babası Çingiz müəllimdən, atasından və Hafiz əmisindən (o da naşirdir) ədəbiyyat, yazıçılar haqqında xoş sözlər eşidib və yazarlığın şərəfli bir iş olduğunu anlayıb.

Nəysə. Bütün bunları qoyaq bir kənara və keçək şahzadənin özünə.

Roman detektiv janrında yazılıb və sadə süjeti var: Londonun sayılıb-seçilən iş adamlarından Con Ueldon özünün ad günündə dəhşətli xəbərdən sarsılır. Onun oğlu qətlə yetirilib. Con buna dözmür və intihar edir. Bundan sonra detektiv dostlar Konsel və Dik cinayət işini açmağa çalışırlar.

"Gizli şahid" əsəri detektiv süjetlə başlayır və gözlənilməzliklə davam edir.

Fikir verdinizsə, əsər Londonda, yəni ingiliz cəmiyyətində baş verir. Ümumən, detektiv janrında yazanların əksəriyyəti (bizim məşhur detektiv ustası Çingiz Abdullayev də daxil olmaqla) əsərlərini əsasən ingilis (Avropa) cəmiyyəti üzərində qururlar. Görünür, bu, detektiv janrının İngiltərədə doğulmasından qaynaqlanır. Təsadüfi deyil ki, Aqata Kristi, Konan Doyl kimi müəlliflər, məhz bu ölkənin vətəndaşlarıdırlar...

İlk baxışdan, yəni ağızdan-ağıza eşitməkdən belə anlaşıla bilər ki, romanın yazılmasında yeddinci sinifdə oxuyan bu növcavana kimlərinsə köməyi olub. Əslində olub da. Çünki Elgün Pərviz (təxəllüs də tapdıq) girişdəcə romanın yazılmasına vəsilə olan insanlara, yəni bacısı Nərgizə və sinif yildaşı Rüxsarəyə təşəkkür edir. Romanı oxuyanda elə təhkiyədəncə başa düşürsən ki, bu, bir növcavanın əsəridir. Çünki təhkiyə daha çox inşa xarakterlidir, yəni  sadədir. Mübtəda və xəbər aparıcı qüvvədir. Və buradaca ədəbiyyat araşdırmaçısı Gertruda Staynın "ədəbiyyat mübtəda və xəbərdən ibarətdir" deyimi yada düşür. "İtirilmiş nəsil" ifadəsinin məllifi demək istəyirdi ki, bədii əsər uzun-uzadı cümlələrdən ibarət olmamalıdır. Yəni dillə təfəkkür arasında məsafə qısa olmalıdır. Onda oxucu daha yığcam süjet və təhkiyə ilə tanış olur və yorulmur. Maraqlıdır ki, Gertruda Stayn da ingilisdir.

Əsər haqqında uzun-uzadı danışmaq olar. Amma buna lüzum görmürəm. Hesab edirəm ki, Elgün Pərvizin "Gizli şahid" romanını detektiv oxucularının özləri oxusalar yaxşıdır. Əsərin, yaxud filmin sonluğunu danışan adamlardan xoşum gəlmir.

Kitab yeniyetmələr üçün nəzərdə tutulub. Rəssam Elçin Cabbarov və  dizayner Ömər Məmmədov  xüsusi bacarıq nümayiş  etdiriblər.

Bu əsər onu göstərir ki, Elgün Pərvizin timsalında Azərbaycan detektiv ədəbiyyatına yeni və istedadlı bir nasir gəlir.

Uğurlu olsun!

Yanvar, 2019

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31