Danko ürəyi - Züleyxa Nadir yazır...
21 Yanvar 2019 12:42 SosialZüleyxa NADİR
Anam deyərdi ki, yüz manatın olunca yüz dostun olsun. Uşaq idim bu deyimin dəyərini, fəlsəfi anlamını və məna yükünü o qədər də dərk etmirdim. Amma əmin idim ki, söylədikləri atalar sözü deyil, özünün məntiqidi. Özü olduqca dəyərli söz söyləyən, məntiqli fikir yürüdən müdrik bir "atalar" idi.
Gözümü açandan anam övladlarına dostluq, qardaşlıq, qohumluq əlaqələrinin doğmalığını, toxunulmazlığını və səmimiyyətini təlqin edib. Dostluğun möhkəm və əyilməz polad kimi bir bağ olduğunu yaddaşımıza hopdurmağa çalışıb. Çox da düz edib. Böyüyəndə anamın müdrikliyini, bizə verdiyi tərbiyənin kamilliyini anladım. Onun dostluqla bağlı düşüncələrinin nə qədər dəyərli olduğunu taleyimdə yaşadım. Və mən hər zaman bu həyatda 100 manatdan çox, yüz dostumun olmasına çalışdım.
Dostluq çox böyük dəyərdi, qiymətli sərvətdi. Hər dost bir qızıl külçəsi, hər rəfiqə bir almaz parçasıdı. Yetər ki, bu sərvəti qoruya biləsən. Yetər ki, taleyini bəzəyən, həyatını istiqamətləndirən "ox işarələrindən" biri olan dostlarına, rəfiqələrinə arxa çevirməyəsən, onları sevəsən. Nə xoş mənə ki, bu həyatda illərlə qazandığım ən qiymətli sərvətim dostlarımdı, rəfiqələrimdi. Qəlbimdə hər dostumun öz yeri, könlümdə hər rəfiqəmin öz məqamı var. Hər birinə onların haqqında bir kitab yazacaq, bir dastan söyləyəcək qədər bağlıyam.
***
Bu yazıda haqqında məhz kitab yaza biləcək qədər sevdiyim, hər söhbəti bir nağıl, bir dastan olan, məni məndən çox sevən rəfiqəmdən - Əntiqə xanımdan bəhs etmək istəyirəm. O Əntiqə xanımdan ki, Azərbaycan jurnalistikasında, ölkə mətbuatında Əntiqə Qonaq imzası ilə tanınır. Diqqətli oxucu onun son vaxtlar "Olaylar" qəzetində "Ömrümün Qarabağ səhifəsi" rubrikası ilə yazdığı yazıları yəqin ki, nəzərdən qaçırmır, həvəslə oxuyur. O, jurnalist kimi Qarabağ müharibəsi zamanı döyüş bölgələrində olmasından, döyüşçülərlə görüşündən, şahid olduğu hadisələrdən, şəhidlərdən yazaraq, Vətən, torpaq sevgisini ortaya qoyur. Bu mövzuda yazdığı yazılar onun kövrək duyğularından süzülüb gələn qəlb çırpıntılarıdı. Oxucu onları oxuyarkən müharibə meydanının həyəcanını yaşayır, vahiməsini hiss edir. Top-tüfəng səsini, tank gurultusunu, bomba partlayışını, hərbi təyyarələrin uğultusunu eşidir, qan-qada qoxusunu hiss edir. Bu yaşantılar jurnalist xanımın yazı məharəti və qələminin gücü, SÖZ boğçasının dolu olmasından irəli gəlir.
O, yazılarında yalançı vətənşüvənlərdən fərqli olaraq 35 illik jurnalist qələmi ilə döyüşdüyünü sübut edir. Fakt: 8 il əvvəl çap olunmuş 800 səhifəlik, 70x100 formatlı "Vətən, səndən keçmək olmaz" adlı kitabı! Əntiqə xanım bu kitabı ürəyinin qanı və odu ilə yazıb. Eyni mövzudan bəhs edən "Ölməzlik" adlı kitabı da jurnalist xanımın yuxusuz gecələrinin məhsuludu. "Tarix yaradan şəxsiyyət" kitabının həmmüəllifi olan Əntiqə Qonaq, həm də onlarla kitabın redaktorudur. Düz on il əvvəl "Əməkdar jurnalist" fəxri adı alıb, "Qarabağ müharibəsi veteranı"dır. Çoxlu sayda mükafata layiq görülüb.
Əntiqə Qonaq sözün həqiqi mənasında jurnalistdi. O, SÖZə dəyər verən, SÖZün başına dolanan, hər SÖZün üstündə əsən yaradıcı xanımdı. Yaradıcılıq fitrətdən gələn bir nəsnədi, istedaddı. Yaradıcılıq bədii sözün və publisistik fikrin qaynayan bulağıdır. Bu bulağın gözünü tutsan, o, özünə başqa yerdən yol tapıb üzə çıxacaq. Mənim rəfiqəm universitetin jurnalistika fakültəsini bitirəndən yaradıcılıqla məşğul olur. Məzun olduğu vaxtdan SÖZ dünyasına Nəqliyyat Nazirliyinin "Magistral" qəzeti ilə daxil olub, "Həyat", "Azərbaycan", "Biznes" qəzetlərində korrektorluqdan redaktorluğa qədər yol keçib. Daha sonra özünün müstəqil "Ana" qəzetini təsis edən Əntiqə Qonaq həmin illərdə SÖZlə başa-başa qalmaqdan zövq alıb və bu gün də eyni duyğu ilə yazıb-yaradır.
Əslində jurnalistin hər yazısı onun bir övladıdır. Onun öz iç dünyasının ağrıları ilə baş-başa qalarkən qələmə aldığı yazını sonradan qəzet, jurnal səhifəsində görəndə keçirdiyi sevinc hissi doqquz aydan sonra dəhşətli ağrılarla dünyaya uşaq gətirən ananın körpəsini ilk dəfə qucağına alarkən yaşadığı duyğuya bərabərdi. Bu hissləri Əntiqə xanım illərdi canında-qanında gəzdirir. Çünki o, həmişə vicdanlı və qərəzsiz olub, qəzetçidən tələb olunan doğruluğu, düzgünlüyü, ədalətliliyi qoruyub. Jurnalist etikasına və mədəniyyətinə əməl edib, peşəsinə, sənətinə, əqidəsinə olduqca hörmətlə yanaşıb. Heç vaxt qadınlıq və xanımlıq şərəfinə, qüruruna və ləyaqətinə ləkə salmayıb. İmza qoyduğu bütün yazıların ana xəttini dövlətə və dövlətçiliyə xidmət təşkil edib.
***
Əntiqə xanımın 35 illik jurnalist taleyi heç də hamar olmayıb. Jurnalistika yolunda borana da düşüb, çovğuna da. Daş-kəsəklə dolu yollarda büdrəsə də yıxılmayıb, qətiyyəti və cəsarəti ilə dik dura bilib. Müxbir kimi imza qoyduğu hər yazının məsuliyyətini jurnalist şərəfi ilə möhürləyib. "Ana" qəzetinə rəhbərlik edəndə baş redaktorluqla yanaşı, müxbirlik, korrektorluq da edib. Bu, onun çox məsuliyyətli olmağından irəli gələn faktordu. 90-cı illərin əvvəli, daha dəqiqi 1993-1996-cı illər idi. Ölkədə ictimai-siyasi vəziyyət heç də ürəkaçan deyildi. Amma bu xaosun içində dünyanın dərd-sərini ürəyinə, gözünə hopduran və bundan əzab çəkən analar (qadınlar) üçün "Ana" adlı qəzetin meydana gəlməsi təsadüf deyidi. Əslində ad şərti idi, qəzet ictimai-siyasi, ədəbi-bədii mövzuda olduğu üçün, həm də cəmiyyətin bütün təbəqələrini əhatə edirdi. "Ana" mətbu bazara tam zamanında gəldi və layiqli yerini tutdu. Rəfiqəm dövrün nəbzini tuta bilmişdi. O zamanın qəzet bolluğunda bir informasiya aclığı da var idi. İnsanlar bu bolluqda doğru informasiyanı lazımı qədər ala bilmirdilər. Belə bir zamanda "Ana" bir çox üstünlükləri ilə fərqlənirdi. Bu fərqlilik Əntiqə xanımın cəsarətli qərarlarından və riskli addımlarından doğurdu.
Sonra tale elə gətirdi ki, Əntiqə xanımın yolu prokurorluq orqanına düşdü. Azərbaycan Respublikası Baş Prokurorluğunun hüquqi təminat və informasiya idarəsində çalışdı. Baş mütəxəssis kimi ikinci ali təhsil aldı. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdi. Hüquqi bilgi ona hər zaman gərək oldu, çətin zamanlarda əlindən tutdu. Həyatın dar məqamlarında, ömrün alatoran yollarında işıq oldu. Prokurorluq sistemində də jurnalist peşəsinə sadiq qaldı, qələminə arxa çevirmədi. Əksinə ona yeni nəfəs verdi, yeni məzmun qatdı. Bir gün də olsun mətbuatdan uzaq düşmədi. Bu gün onun çevrəsində jurnalistlər, söz adamları ilə yanaşı hüquq-mühafizə orqanlarının nümayəndələri də var. Sanki rəfiqəm mənim anamın öyüdünü illərlə dinləyib, pul-para əvəzinə dost toplayıb. Və nə xoş ki, o dostlar arasında mən də varam.
***
Əslində biz dostdan çox can yoldaşı, qəlb sirdaşı, sirr daşıyıcısıyıq. Əntiqə könlümdə xüsusi məqamı olan bir DOST, ürəyimdə silinməyəcək yer tutan bir RƏFİQƏdi. Mən onu çox sevirəm, çox istəyirəm. O da mənə qarşı eyni hissləri sərgiləyir, hələ bir az da çox diqqət göstərir. Bu xanım nə qədər ciddi və zəhmli olsa da, o qədər qayğıkeş, rəhimli, humanist və xeyirxahdı. Ürəyi çox böyükdü. Maksim Qorki "Dankonun ürəyi"ni yazarkən sanki, Əntiqə xanımı nəzərdə tutub. Danko kimi onun da ürəyi hər tərəfə işıq saçır, hər kəsin yolunu işıqlandırır. Doğru-dürüstlüyü, cana yaxınlığı ilə diqqət çəkəndi. Demokratik ruhlu bir dostdu. Kimsədən köməyini əsirgəməz. Leksikonunda "yox", "yoxdu" kəlməsinə yer yoxdu. "Canım" dediyi insanlara gerçəkdən də can yandırır. Birisinə balaca bir kömək etmiş olarsa dünyanın xoşbəxtinə çevrilir. Özü isə kiçik bir diqqətdən dünya boyda sevinir. Onunla "kəşfiyata getmək olar", heç bir zaman xəyanət etməz, yoldaşını yarı yolda qoymaz. Dostun, rəfiqənin, qonşunun, uzaq-yaxın qohumun ona olan etimadını doğruldur. O qədər məsuliyyətli və etibarlıdır ki, adam çox rahatlıqla evini-eşiyini, övladlarını, yarımçıq qalan işini, həll olunmayan problemini ona tapşırıb uzun müddətli dünya səyahətinə çıxa bilər. Və dönərkən qarşılaşdığı mənzərədən şok olar: Əntiqə xanım bağlı qapıları açıb, çözülməyən bütün işləri həll edib! Qalıb sadəcə qarşısında baş əymək!
Əntiqə xanım illərin hər dolanbacından, hər tufanından, boran-çovğunundan qələbə ilə çıxıb. Yorulmadan, usanmadan ömrünü xırdalayıb. Tale elə gətirib ki, ömür yaşantılarında iki igid oğlunun "yükünü" təkbaşına daşımalı olub. Uşaqların 3-4 yaşlarından onlara həm ata, həm də ana olub. Övlad yükü dünyanın ən müqəddəs, ən ağır, eynilə də ən yüngül şələsidi. Ağırdı ona görə ki, doğru - dürüst övlad tərbiyə etmək, onu normal böyütmək üçün fədakar qadın olmalısan. Övladın üçün canından keçməyi bacarmalısan. Yüngüldür ona görə ki, övladın yolunda rast gəlinən maneələri keçməyə, əngəlləri aradan qaldırmağa Allahın qadına lütf etdiyi analıq duyğusu, analıq şəfqəti kömək edir. Əntiqə xanım ömrünün son 20 ilində daşıdığı bu müqəddəs yükdən heç bir zaman yorulub usanmadı, onu kənara qoyub az da olsa dincəlmək barədə düşünmədi. Tək ana olaraq ailə başçısı rolunun öhdəsindən gəlməkdə zorlanan vaxtları çox olub. Amma həmin təkliyin ağrılarını, tənhalığın sıxıntılarını övladlarının varlığı ilə ovundurub. Bu gün oğlanlarının ikisi də qardaş Türkiyədə oxuyub işləyirlər. Həsənin, Şəhriyarın nəfəs aldığı havadan uzaqda olsa da, ana fəhmi, analıq hissi ilə övladlarının nə yeyib, nə içdiyini, necə yatıb, necə durduğunu aydın görə bilir. Ana olmaq belədi! Övlad sevgisi ilə nəfəs alanda, oğul məhəbbəti ilə yaşayanda uzaq məsafə də yaxın görünür.
***
Bu gün Əntiqə xanımın - mənim gözəl rəfiqəmin 60 yaşı tamam olur, yəni yubiley yaşıdı. Əntiqəni tanıyanlar, görənlər bu yazını oxuyarlarsa, əminəm ki, etiraz edəcəklər: 60 nədi? Bu yaşı ona vermək ədalətsizlik deyilmi? Bəli, razıyam, haqsızlıqdı. 60 Tanrının sadəcə ona verdiyi ömürdəki illərin sayıdı. Amma zahiri görüntüsü və daxili aləmi bu rəqəmi özündə əsla ehtiva etmir. Daha gənc görünən rəfiqəm hər zaman başqalarına qarşı göstərdiyi diqqət və qayğıdan özünə də pay götürür. Sağlamlığına fikir verir, gözəlliyinin qayğısına qalır. İstəyir ki, çevrəsindəkilər onun daxili təmizliyi ilə zahiri qəşəngliyinin, gözəl-göyçəkliyinin vəhdətini gözlərinə hopdursunlar. Axı, gözlər gözəllik görəndə sevinir, gülür. Bu xanım çevrəsindəkilərə sevinc paylamağın, xoş təbəssüm bəxş etməyin xiridarıdı...
O, iki il əvvəl tələbə dostumuz Qulu Kəngərli haqqında yazdığım yazının bu abzasını "60 yaşın tərifi" adı ilə facebook səhifəsində paylaşmışdı: "60 insanın üzündəki cizgilərdə ötən illərin acısını-şirinini gizlədən, yüzlərlə kövrək ümidi saxlayan və bu ümidlərlə gələcəyin qapısını açan bir yaşdır! 60 keçmişlə bu günün üz-üzə gəldiyi, sevginin, məhəbbətin şəfqətə, mərhəmətə döndüyü bir yaşdır! 60 hər atanda yek düşən hiyləgər bir zər, qazancı olmayan xain qumar, amma bu həqiqəti amansız illərin, vəfasız dünyanın üzünə çırparaq ucalığa qalxan bir yaşdı! 60 dopdolu bir ömür, 60 min yaşanmış öyüddü! 60 yaş parlaq işıqdı"!
Gözəl rəfiqəm, sevimli dostum! Həmin yaşantılar sənin taleyində qabarıqdı, onu aydın görə bilirik. Amma bunların fonunda əminəm ki, 60-ın yaşantılarını deyil, əvvəlki illərin insani hisslərini, mənəvi zənginliyini dopdolu həyat eşqi və gənclik həvəsi ilə 70-ə, 80-ə, 90-a... aparacaqsan. Çünki sənin ömür yollarını işıqlandıran, ətrafa parlaq işıq saçan, başqalarını qaranlıqdan çıxarmaq üçün yol göstərən Danko ürəyin var.
Danko ürəyin var olsun! Heç bir zaman alovu sönməsin!