Şeytanın (lən) növbəti tələsi

Bu gün dünyada xanımların çalışmadığı çox az sayda sahələr qalıb. Bəlkə də heç qalmayıb. Kosmosa getmək, ölkənin idarə edilməsi, ən çətin elmi nəticələrin əldə edilməsi və s. - artıq adi statistikaya çevrilib. Amma bütün bu sadalanan və sadalanmayan sahələrin fövqündə duran bir vəzifə var ki, onun öhdəsindən yalnız xanımlar gələ bilər. O da analıq duyğusudur və ananın evdəki funksiyasdır. Bunları heç bir texniki vasitə ilə əvəz etmək olmaz. Çünki, analarda elə bir duyğular var ki, hətta o duyğunun ifadə edilməsi üçün sözlər aciz olur.

Düşünürəm ki, evini idarə edən xanım ən çətin peşədə çalışan xanımdan daha çox mənəvi öhdəliklərə sahibdir. Çünki, Allah xanımı məhz ana olmaq potensialında yaradıb. Ona bu sahədə lazım olan bütün duyğuları ən ali səviyyədə verib.

Amma təəssüf ki, bütün bunlarla yanaşı, xanımlar bir mərəzə mübtəla olub. Bu gün mənəviyyatı nişan alan mərkəzlər, xanımların məhz analıq duyğularına kölgə salmaq üçün əllərindən gələni edirlər. Ananı artıq övladı üçün nümunə olmaq öhdəliyindən çıxartmaq istəyirlər. Əsil ana öz cavanlıq xatirələrini sevə-sevə övladına danışmalı və onun da nümunəvi həyatı üçün zəmin yaratmalıdır. Bu gün həyatını televizorlardan təbliğ edildiyi kimi - qırmızı xətləri olmadan yaşayan qız, sabahı gün övladına hansı nümunə olacaq?

Günümüzün trendi - qlamur həyatdır. Bu həyat daha çox özün üçün deyil, ətrafının rəyi üçün yaşamağı təqdim edir. Yəni, son dəb, ən bahalı aksesuarlar, ürəyi istədiyi münasibətlər və hətta elə qeyri-adi davranışlar ki, günlərlə müzakirə mövzusu olacaq. Əgər xanım bu girdaba düşdüsə, onun üçün ailə həyatı geridə qalmışların həyat tərzi kimi görünəcək. Ailə bu cür xanımlar üçün sadəcə əlavə məsuliyyətlər və tətbiq ediləcək qadağalardan ibarətdir.

Amma bir övladın anasına sevgi dolu baxması - qarşılığı olmayan mənəvi həzzdir. Bu gün həyatını nəfsi istədiyi kimi yaşamağı seçən xanım, bir neçə ildən sonra təkliyin nə qədər acı bir şey olduğunu anlayacaq. Onda isə ailə qurmağa olan ehtiyacını. sözün əsil mənasında hiss edəcək. Onun əsil sevgiyə, sirdaşa, göstərdiyi qayğının qarşılığını almağa ehtiyacı olacaq.

Qayğıya ehtiyacı olan vaxtı onun əlindən tutan, ətrafında sevgi dolu xidmət edən övladlarının olması - bir ananın ən böyük xəyalıdır. Bu səbəbdən şeytanın növbəti tələsi - məhz mənəvi ailə mühitinin yaranmasının qarşısının alınmasına yönəlib. Xanımlar çalışıb bu tələnin qurbanı olmamalıdırlar. Allahın ana haqqındakı mübarək nəzəri, xanımlara daima güclü ruhiyyə verməlidir.

İmam Cəfəri Sadiq (ə) buyurur ki, bir şəxs Həzrət Peyğəmbərdən (s) soruşdu ki, kimə yaxşılıq edim?". Həzrət (s) buyurdu: "Anana!". Həmin şəxs bu sualı təkrarlayaraq, daha kimlərə yaxşılıq etməli olduğunu soruşdu. Həzrət Rəsuli-Əkrəm (s) anaya yaxşılığı təkidlə vurğulayıb, sonda ataya yaxşılığı tövsiyə etdi.

Mətləb Həmzəli

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

"Dəyərlər" Jurnalistika Məktəbinin məzunu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31