"Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah”

Azərbaycanda sosial təminat sisteminin əsası XX əsrin əvvəllərində formalaşmağa başlayıb. Bu sahədə qanunvericilik bazsı olaraq ilk aktlar 1903-cü ildə “İstehsalatda bədbəxt hadisələrə görə işəgötürənlərin məsuliyyəti haqqında” və 1912-ci ildə “Bədbəxt hadisələrdən və xəstəliklərdən fəhlələrin sığortası haqqında” qanunlar qəbul olunub. İnqilabdan sonra da 8 saatlıq iş gününün tətbiqi ümumi siyasi tələb kimi fəhlə hərəkatında birinci yeri tutub.

Azərbaycanda sosial təminat sisteminin əsası XX əsrin əvvəllərində formalaşmağa başlayıb. Bu sahədə qanunvericilik bazsı olaraq ilk aktlar 1903-cü ildə "İstehsalatda bədbəxt hadisələrə görə işəgötürənlərin məsuliyyəti haqqında" və 1912-ci ildə "Bədbəxt hadisələrdən və xəstəliklərdən fəhlələrin sığortası haqqında" qanunlar qəbul olunub. İnqilabdan sonra da 8 saatlıq iş gününün tətbiqi ümumi siyasi tələb kimi fəhlə hərəkatında birinci yeri tutub. Nəhayət, 12 sentyabr 1917-ci ildə  RSDF(b)P Bakı təşkilatının konfransında fəhlələr üçün 8 saatlıq iş günü tətbiq edilməsi, əmək haqqının bahalıqla bir səviyyədə tənzimlənməsini nəzərdə tutan 5 bənddən ibarət tapşırıq qəbul edilib. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin də sosial siyasətinin əsas istiqaməti ümumi daxili məhsulda istehlak fondunun payının artırılması, əhalinin hər nəfərinə görə istehlak fondunun, ümumi daxili məhsulda milli gəlirin və məşğulluq səviyyəsinin artırılması, əmək şəraitinin yaxşılaşdırılması, təhsil, səhiyyə, mənzil və kommunal təminatın səviyyəsinin yüksəldilməsinə yönəlib. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin  müzakirə etdiyi 315 qanun layihəsinin 10-u sosial sahəyə aid olub. Azərbaycanda Sovet hakimiyyətinin bərqərar olmasından sonra da fəhlə və qulluqçuların sosial təminatı ilə əlaqədar bir sıra qərarlar qəbul olunub. "Muzdlu əməklə məşğul olan şəxslərin sosial sığortası haqqında", "Ailə başçısının itirilməsinə görə zəhmətkeşlərin ailələrinin sosial təminatı haqqında" və "Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və analığa görə sosial təminat haqqında" dekretlərlə pensiya təminatı məsələsi həllini tapıb.

Dayanıqlı sosial-təminat sisteminin banisi

Azərbaycan müstəqillik əldə etdikdən sonra Ulu öndər Heydər Əliyevin sosial sahəyə diqqət və qayğısı müstəqil Azərbaycan dövlətinin sosial siyasətinin formalaşması və təkmilləşməsinə səbəb olmaqla, sosial müdafiə sistemində müsbət dəyişikliklərə yol açıb. Ulu öndərin aztəminatlı vətəndaşlara diqqət və qayğısının nəticəsi olaraq, əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əlillərin tibbi-sosial reabilitasiyası sisteminin müasir tələblər səviyyəsində qurulması, əlillərin minik avtomobilləri, veloarabalar və digər reabilitasiya vasitələri ilə təminatı, pensiya və müavinətlərin artırılması, əhalinin məşğulluğunun gücləndirilməsi istiqamətlərdə uğurlu tədbirlərin həyata keçirilməsinə başlanılıb. Ölkənin iqtisadi inkişafının xalqın rifahının yüksəldilməsinə yönəldilməsi, eləcə də əhalinin sosial müdafiəsinin dövlətin vəzifəsi olması barədə prinsipial tezislər məhz  Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyasında  ayrıca maddələrdə əksini tapıb. Ümumən 1993-2003-cü illər respublikada əhalinin sosial müdafiəsi ilə bağlı Heydər Əliyevin mühüm qərarlar verməsi və məqsədyönlü tədbirlər həyata keçirməsi, pensiya və müavinət təminatının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atması ilə yaddaşlarda qalıb. Belə ki, 1990-cı ilin 20 Yanvar faciəsində şəhid olanların ailə üzvlərinin dövlət qayğısı ilə əhatə olunması, Çernobıl AES-də qəzanın ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların sosial müdafiəsi işlərinə başlanılması, bunlarla əlaqədar müvafiq qanunların qəbulu və hüquqi bazanın formalaşdırılması, İkinci dünya müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, eləcə də Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinin rifah halının yaxşılaşdırılması, habelə Azərbaycanın Milli Qəhrəmanlarının və onlardan həlak olanların ailə üzvlərinin sosial müdafiəsinin möhkəmləndirilməsi barədə Heydər Əliyevin imzaladığı fərman və sərəncamlar yeni bir sosial müdafiə sisteminin yaradılmasının əsasını qoyub.  Ulu öndərin imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi qərarlar nəticəsində pensiya və müavinətlərin orta aylıq məbləği təkcə 1995-2003-cü illər ərzində 8 dəfə artıb.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2001-ci il 17 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası"nda vətəndaşların pensiya ödənişlərinin etibarlı maliyyə təmiatına nail olunması, pensiya təminatı sisteminin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılması kimi mühüm vəzifələr müəyyənləşdirilib. Ulu öndər Heydər Əliyevin 4 avqust 2003-cü il tarixdə imzaladığı  "Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında", "Minimum aylıq əmək haqqının artırılması haqqında" və "Pensiyaların artırılması haqqında"  fərmanları əhalinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsinə, onun həssas qruplarının həyat səviyyəsinin yaxşılaşdırılmasına göstərilən qayğı və diqqətin bariz nümunəsi idi. 

Ölkədə etibarlı sosial müdafiə sistemi formalaşıb

Ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursunun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkə qarşısında yeni tərəqqi mərhələnin əsasını qoyub. Dövlət başçısının düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində mühüm uğurlar qazanılıb. Prezident  İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, qəbul edilən fundamental qərarlar, imzalanan fərman və sərəncamlar, dövlət proqramları ölkədə insan firavanlığının ümumi inkişafın başlıca məramı kimi qəbul edilməsini şərtləndirməklə, dövlət başçısının "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır" bəyanatının əməli şəkildə təsdiqini tapdığını ifadə edən mühüm nailiyyətlərin əldə edilməsinə səbəb olub. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin əhalinin sosial müdafiəsi məsələlərini daim xüsusi diqqət mərkəzində saxlaması əksər ölkələrin getdikcə artan maliyyə təzyiqləri səbəbindən sosial sahədə ciddi ixtisarlar aparmaq zərurəti ilə qarşılaşdığı bir zamanda Azərbaycanda sosial proqramların vaxtında və tam icra edilməsinə, yeni-yeni sosialyönümlü təşəbbüslərin reallaşdırılmasına imkan verib. Ölkədə həyata keçirilən sosial siyasətin mühüm uğurları sırasında təbii ki, etibarlı sosial müdafiə sisteminin formalaşması, əhalinin müxtəlif təbəqələrinin, xüsusilə də aztəminatlı ailələrin və sosial cəhətdən həssas insanların həyat səviyyəsinin yüksəldilməsi mühüm yer tutur. Təsadüfi deyil ki, Dünya Bankının son illərdə apardığı qiymətləndirmələr nəticəsində Azərbaycanda mövcud olan və üç əsas istiqamət üzrə aparılan sosial ödənişlər sistemi geniş əhatəliliyə malik olan və əhalinin yoxsul sayıla biləcək hissəsinin 90,1 faizini əhatə edən, yoxsulluğun azaldılmasında mühüm rol oynayan bir sistem kimi dəyərləndirilib.

Azərbaycan Prezidentinin "Müasirləşmək, yeniləşmək siyasətimizin əsas mənasını, bizi inkişafa aparan yolun baş xəttini təşkil edir" prinsipinə uyğun olaraq, ölkədə idarəçilik praktikasının yeni çağırışlara uyğun şəkildə mütərəqqi təcrübələrə və innovativ yanaşmalara söykənən modernləşdirilməsi prosesləri milli əmək və sosial müdafiə sistemini də geniş şəkildə əhatə edir. Dövlət başçısının  tapşırıqları əsasında  Əmək və Əhalinin Soaial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə əmək, sosial təminat, tibbi-sosial ekspertiza sahələrində genişmiqyaslı islahatlar həyata keçirilərək, müasir beynəlxalq standartlara uyğun idarəetmə metodları yaradılmaqla sosial sferada səmərəliliyin və optimallığın artırılması, həm də əhaliyə xidmət səviyyəsinin keyfiyyətcə yüksəldilməsi və şəffaf müstəvidə qurulması təmin edilib. Artıq Azərbaycanın əmək və sosial müdafiə, tibbi-sosial ekpertiza və reabilitasiya sahələrində avtomatlaşdırılmış sistemləri ayrı-ayrı ölkələr tərəfindən qabaqcıl təcrübə nümunələri kimi öyrənilir. Nazirlik sistemi üzrə bu innovasiyaların tətbiqi nəticəsində sosial sahədə onlarla elektron xidmət əhalinin istifadəsinə verilib. Bu elektron xidmətlərdən istifadə məmur-vətəndaş əlaqələrinin aradan qaldırılmasında xüsusi əhəmiyyət kəsb edir.

Hədəflər uznmüddətli təminata hesablanıb

Hazırda Azərbaycanda sosial təminat sisteminin bütün istiqamətləri üzrə ödənişlərin davamlı artımına, bu sistemin əhatə dairəsinin genişləndirilməsinə nail olunmaqla dövlət başçısının tapşırıqları əsasında özünəməşğulluq proqramlarının icrasında aztəminatlı və həssas qruplar üçün dövlət dəstəyi, kiçik ailə təsərrüfatlarının biznesə çıxış imkanlarının yaradılması, onların ünvanlı sosial yardım proqramlarından asılılığının azaldılması əsas hədəflərdəndir. Sadalanan hədəfləri təmin etmək məqsədilə Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) konsepsiyası, dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə yaradılmış "e-sosial" internet portalı, nazirliyin yeni loqosu və rəsmi internet səhifəsi (www.sosial.gov.az) yaradılıb. Yeri gəlmişkən qeyd edək ki, 2019-2025-ci illərdə Bakıda və respublikanın regionlarında 31 DOST mərkəzi yaradılacaq. Bununla da "DOST" mərkəzləri şəbəkəsi və müasir texnologiyaların tətbiqi ilə əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə rahat çıxışına imkan yaranacaq. Həmçinin Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli Fərmanının icrası ilə əlaqədar ümumilikdə şəhid hərbi qulluqçulardan 9531 nəfərinin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya tərəfindən (noyabr) 1223 şəhid hərbi qulluqçu üzrə 1509 vərəsəyə 11 min manat məbləğində ödəmənin verilməsi üçün qərarlar qəbul olunub və ödənişin verilməsi prosesi davam etdirilir. Yeri gəlmişkən xatırladaq ki, cari ildə 265 nəfər müharibə əlilinə minik avtomobili verilib, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrindən 35 nəfəri mənzillə təmin olunub və ilin sonunadək bu göstərici 500 nəfərə çatacaq. Gələn ildən pensiyaların tam avtomatlaşdırılması məqsədilə 2006-cı ilin 1 yanvar tarixindən əvvəlki dövrə 25 il sığorta stajını avtomatik olaraq hamı üçün hesablanacaq. Bununla şəxsin pensiya yaşı tamam olduqda onun telefonuna SMS vasitəsilə məlumat göndəriləcək. Eyni zmanda, 2019-cu ildə həyata keçiriləcək büdcə-vergi siyasəti nəticəsində məcburi dövlət sosial sığorta haqları üzrə yükün işəgötürən və işçi üzərinə düşən nisbətləri tənzimlənəcək. Xatırladaq ki, hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 309 min nəfər əmək pensiyası, 509 min nəfər müxtəlif müavinətlər, 64 min nəfər Azərbaycan Prezidentinin təqaüdlərini, 50.2 min ailənin 200 mindən yuxarı üzvü isə sosial yardım alır. Onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 340 milyon manatdan çox vəsait ödənilir. Pensiya və müavinəti sosial yardım formasında ödənişlərlə təmin olunan 2.1 milyona yaxın insanı və ya ölkə əhalisinin təqribən 21 faizini əhatə edən sosial təminat sisteminin gücləndirilməsi və onun uzunmüddətli inkişafı üçün korrupsiya, süründürməçilik hallarından uzaq, tam şəffaf və sosial ədalət prinsipini təcəssüm etdirən və vətəndaş məmnunluğuna səbəb olan sosial təminat sisteminin qurulması həyata keçirilən islahatlar paketinin əsas hədəfini təşkil edir.

Alim Hüseynli

Məqalə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31