Kim qırxıb başını, salıb bu kökə?

Bizə belə mövzuyla gəlin, qardaşlar. Qaqaşlar demişkən, tema budu, yoxsa filan sektora dövlət büdcəsindən ayırmalar elə oldu, tibbi sığorta belə getdi, ay nə bilim, vergilər artırılır, azad sahibkarlığın inkişafı ləngiyir və s...

Sən xəbər ver, görək, gənc və gözəl xanımı tərəfindən xəyanətə məruz qalan, çəkdiyi videoda üzü görünməyən kişi qadının başını qırxmaqda düz eləyib, ya yox? Bəlkə, baş qırxmağı düz eləyib, amma video çəkməkdə düz eləməyib? Bunlardan danış. Bu daha maraqlıdır... Yoxsa nə Qarabağ, nə münaqişə, nə futbol, nə "Qarabağ"? Başqa vaxt bu da çox müzakirə olunardı, amma başı qırxılmış qadının vaqiəsinin yanında bundan danışan kimdir.

3 gündür camaat bu mövzuda yazır, danışır. Peşəkar media hələ mövzuya girişməyə macal tapmayıb, amma sosial media söhbətin çürüyünü çıxarıb. Yəqin ki, bu gün-sabah tekekanallar başı qırxılmış qadını və baş qırxmış kişini studiyaya dəvət  edəcəklər.

Prinsipcə, hüquq-mühafizə orqanları da hərəkətə keçməlidirlər, baş qırxmış kişini peysərləyib içəri basmalıdırlar və profilaktika üçün onun öz başını da qırxmalıdırlar.

Sovet vaxtında beləydi, şübhəli şəxs qismində içəri düşənin başını hökmən qırxırdılar. İki gündən sonra adamın günahsız olduğu bilinirdi və onu ağzıbirdən buraxırdılar, amma adam bayıra daz halda çıxırdı. Ən böyük igidlik isə təcridxanaya düşmək və oradan başı qırxılmamış çıxmaq idi.

Bu, nə məsələdirsə, namus-qeyrət məsələsidir. İnsanın başındakı bir qom tük və atın yalı-quyruğu nədənsə lap qədimlərdən namus simvolu sayılır. Atının quyruğu kəsilmiş adamlar yazıq heyvanı güllələyərmişlər.

Xüləs, mentalitet incəliklərinə vara-vara mətləbdən uzaq düşdük. Təcili şəkildə qayıdıb gələk diletant dəlləyin yanına.

Videodan görünürdü ki, adam səliqəli işləməyib. O, dünənə qədər "sevgili canan", "uşaqların anası" dediyi qadının saçını daha abırlı qırxa bilərdi. Amma o, qəsdən, qisas almaq, xanımı biabır etmək üçün qeyri-məsum qadının başını, sanasan, qoyun qırxılığıyla qırxıb. 

Minlərlə adamın bu hadisəyə verdiyi reaksiyadan isə görünür ki, adam öz-özünü biabır edib. Hələ ağlı kəsib ki, öz sifətini videoya çəkməyib, yoxsa küçədə camaat onun üzünə... baxmazdı.

Hazırda adamın hərəkətinə cinayət məcəlləsinin müddəaları prizmasından baxanlar da var, sırf mental dəyərlər mövqeyindən yanaşanlar da. Hələ ortada qaqaş prizması da var, deyirlər: "Adam özünü peysər çıxarıb".

Qadınlar birmənalı olaraq kişini qınayırlar, deyirlər, o xanım nə qədər bağışlanmaz qəbahətə yol veribsə də, bu cür davranışa layiq deyildi.

Kişilərin bir yarısı münaqişəyə "ay ..., arvadını başqa kişiylə tutmuşdunsa, öldürəydin də" kimi qəddar mövqedən yanaşır, o biri humanist yarısı da "səs-küy salmadan boşamalıydı" deyə mövqe bildirirlər. Bəzi mentalitet qoruqçuları isə humanistlərə belə bir sərt sual ünvanlayırlar: "Sizin öz arvadınız belə etsəydi, nə edərdiniz, öldürərdiniz, başını qırxardınız, yoxsa sakitcə boşayardınız?"

Bax, bu sualı kim kimə üzbəüzdə versə, bişəkk, ortada bir kəsilmiş qulaq və ya yortulmuş qarın söhbəti də olar. Çünki bizim camaat belə söhbətlərdə çox həssasdır.

Amma gerçəkdən də hadisəyə soyuqqanlı yanaşmaq və xəyanətə məruz qalmış kişinin bu hərəkəti edərkən (arvadının başını qırxıb, videosunu çəkmək) məqsədinin nə olduğunu aydınlaşdırmaq lazımdır.

Yəqin ki, o, öz reputasiyasını zərbə altında qoymaqla qadını biabır etməyi düşünüb. Ya da özünün əslində namuslu adam olduğunu, indi isə zərərçəkmiş statusuna düşdüyünü göstərmək istəyib.

Hər nədirsə, hiss olunur ki, o niyyətinə çata bilməyib. Xanımın saçı 2-3 aya yerinə gələcək və onu küçədə, ictimai yerlərdə tanıyan, "aaa, sən o başı qırxılmış qızsan" deyən olmayacaq. Amma o kişi bu arvadını boşayıb, yenisini alsa da, işlədiyi kollektivdə onun keçmişindən xəbər tutacaqlar və bəzən zarafata salıb üzünə, bəzən də eşitdirmək üçün yanında "qayçı" söhbəti edəcəklər, dalınca isə ayrı söz qoşacaqlar.

Belə epizodlar (xəyanət etmiş arvadı və ya kişini videoya çəkmək) bəzi Hollivud filmlərində olur. Amma bir fərq var. Orada milyonçu ər-arvad sərvəti özlərinə sərfəli şəkildə bölmək üçün qarşı tərəfin xəyanətini sübut etmək istəyir və videonu da dəlil-sübut kimi çəkdirir.

Görünür, bizim "xəyanət videosu" çəkənlər mövzunu yanlış anlayıblar. Ortada bölünəsi milyonlar yoxkən, özlərini 10 milyonun dilinə-dişinə salıblar.

Samir SARI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31