Kimi keçəl ediblər?

Bu cəmiyyət var olduqca, bizim təəccüblənmək hissimiz də itməyəcək. Daim adrenalinimiz yüksək olacaq, şoka girəcəyik, saatlarla danışmağa, dartışmağa mövzu tapacağıq. İki gündür yurdumun insanı nəyi müzakirə edir, bilirsizmi? Xəyanət edən arvadının saçını qırxıb, videoya çəkən və bunu paylaşan kişinin hərəkətini. Heyrətlə izləyirəm: iki vur iki, bərabərdir qədər aydın olan bir gerçəyin bir cavabı yoxmuş sən demə. 5 də ola bilərmiş cavab, 15 də, 155 də... Yəni, burda vahid mövqe olmalıdır, deyilmi? Xəyanət yanlış olduğu kimi, onun bu formada ifşası da qəbul edilməzdir. Vulqardır, ibtidaidir, vəhşiliyin əlifbasıdır. Bəs biz niyə bu mövzunu dartışmaya açıq qoyuruq axı? Bunu edən kişi ən yaxşı halda polisə verilməli, həbsə girməlidir, halbuki alqışlanır. Halbuki qəhrəman münasibəti göstərilir.

Kim kimə niyə, kiminlə, nə zaman xəyanət edib, vecimə də deyil. Maraqlanmıram da, detallarını öyrənməyə can da atmıram. Burda məni təsirləndirən iki məqam var. Adına ata deyilən zat iki uşağının gələcəyini, onların cəmiyyətdə düşəcəyi durumu düşünmədən bu ağılsızlığı edir. Özünün qürurunu, namusunu düşünən kişi iki övladının gələcəyini, psixoloji durumunu ayaqlar altına alır. Harda qaldı atalıq, övlad sevgisi, ailə təəssübkeşliyi?

Dediyim kimi, hərənin xəyanət faktoruna yanaşması müxtəlif cür ola bilər. Xarakterdən, gördüyü ailə tərbiyəsindən, əsəblərinin durumundan, yetişdiyi şəraitdən, hətta və hətta dünyagörüşündən, təhsilindən asılı olaraq reaksiyalar fərqlidir. Xəyanətə uğradığını eşidən kişi qadına qapını da göstərə bilər, məhkəməyə də gedər, özü pencəyini götürüb evdən də çıxar. Bu, bizim bildiyimiz ən sivil versiyalardır. Unutmaq, iqnor etmək, varlığını heçə saymaq, həyatının bütün guşələrindən silmək. Bundan böyük cəza olarmı? Amma ibtidai təfəkkürlə məsələyə yanaşıb, daşlama siyasəti, keçəl edib, küçəyə qovma... 21-ci əsrdə yaşadığınızdan əminsiz? Əlinizdə müasir telefon, instaqrama girirsiz, ən yeni dəb maşın sürməyə çalışırsız, amma təfəkkür 5-ci əsrdə qalıb. Şəhrizadın  nağılları niyə yaranıb bilirsizmi? Padşah ona xəyanət edən arvadını öldürüb. Onun qisasını isə digər qadınlardan alıb. Hər gün biri ilə gecə keçirib, səhəri gün onu öldürüb. Bəli, 21-ci əsrdə bunu etmək bir az absurddur, amma keçəl etmək mümkünmüş sən demə.

Məni təsirləndirən ikinci məqam həmkarlarımızın düşdüyü durumdur. Sözügedən video bir çox saytlarda yayılıb. Qadının üzü qapadılmadan. Düzdür, başdan-ayağa "biip"lə dolu videodakı söyüşləri eşitmirik, amma qadının üzünü açıq şəkildə görürük. Həmkarlar, nə etməyə çalışırsız? İP yığmağa? Allah kəssin o reytinqi. Sizin o kişidən nə fərqiniz var axı? İndi bu videonu təkcə Azərbaycanda izləmirlər. Bu ibtidailiyi, vəhşiliyi düşmənlərdən tutmuş, dostlara qədər hamı öyrəndi. İnformasiya yaydız, öz ağlınızla? Yoxsa oxucuların informasiya alma azadlığını təmin etdiz? Yazıqlar olsun, dəfələrlə. O saytı bağlayın, qələmi də yerə qoyun. Ölkəni bərbad günə qoyanlardan yazmağa qüdrətiniz çatmır, amma bir zavallı qadını ifşa etməklə qəhrəman olduğunuzu düşünürsüz? Siz də belə edəndən sonra... heç kimdən heç nə gözləmək olmaz... 

Qadının qadından başqa düşməni yoxdur deyiblər. Məlum videoda ifşa edilmiş qadın üzünü gizlətməyə çalışır, səsi eşidilən başqa bir qadın isə (çox güman ki, kişinin qohumlarındandır) bu prosesə dəstək verir, qadını qorumur, bu hərəkətin qarşısını almağa çalışmır. Hər şeyi qoyaq bir kənara, bəs analıq? Doğrudanmı bir ana digər bir ananın ölkədə rəzil olmasına bu cür haqq qazandıra, dəstək verə bilər? Gözünü qan örtmüş, qüruru incidilmiş kişinin çılğın, ağılsız hərəkətini bəlkə də bir anlıq da olsa, anlamaq olar. Bəs bu məqamda, onun həndəvərində bir nəfər də olsun, ağıllı adam olmayıbmı?

Onun həndəvərini boş verin, ölkədə ona haqq qazandıran insanların sayı niyə bu qədər çoxdur axı? Doğrudanmı bu qədər bir-birimizin qanına susamışıq?  Təkcə o qadının keçəl edildiyinə əminsizmi? Bu olay cəmiyyətin də "keçəl"ini üzə çıxardı. Üzünüz ağ olmasın...

Sevinc TELMANQIZI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31