Ayla söhbət - Elçin Hüseynbəyli

Elçin Hüseynbəyli (“Paralel dünyalar” silsiləsindən)

Elçin Hüseynbəyli

("Paralel dünyalar" silsiləsindən)

...Uzun uzadı yol gedirik. Yol qurtarmaq bilmir.

-Boz dağ, görən uzaqdadır? - deyə Təlim üzümə baxmadan soruşur.

Çiynimi çəkirəm, sonra da:

-Hər şeyi görən odur. Görmürsən, müdrik adamlar kimi susur, -deyə göydən sallanmış Aya işarə edirəm.

Ay orağa oxşayır, amma dəstəksizdi...

-Hə, soruşa bilsəydik, -deyə Təlim, az qala, zarıyır.

O birilərinin vecinə də deyil,  ağır-ağır yeriyirlər. Ayaqlarının altından çınqıl qırıntıları kənara sıçrayır. Qaranlıq olsa da, belə olduğunu bulirəm:xarç-xurç...

-Hər şey rədd olsun! -deyirəm. Mən gedirəm Ayın yanına ordan hər şeyi özüm görəcəm.

-Elə bilirsən, səni xoşlayacaq. İt kimi qovacaq səni.

-Qovmaz, -deyirəm. O da təkdi, yəqin darıxır.

-Səni yanına buraxmayacaq.

-Niyə?

-Çünki onu o qədər daşlamısan ki.

-Nə vaxt?- deyə gözlərimi döyürəm. - Ora mənim daşım çatar?

-Suya düşən əksini deyirəm.

Gülürəm:

-Daşlayırdım ki, Ayı başqa sifətdə görüm, amma o, heç zaman dəyişmədi. Üzü bir az qırışır, sonra da açılırdı...

-Özün bil, mən səni xəbərdar elədim...

-Deməli, Ayla çoxdanın tanışıyıq. Dərdləşərik bir az.

Dağın başına çıxdım və əlimi göyə atdım. Bir əl mənim əlimi tutdu və ehmalca Ayın üstünə qoydu. O, heç qımıldanmadı da, sanki  mürgüləyirdi.

Ayin üstündə oturub, ayağımı aşağı salladım və yelləndim özümçün. Aşağı baxdım. Bizimkilər dağ boyu, cığırla qalxırdılar.

-Bilirsən, onlar inanmırdılar ki, mən sənin yanına qalxa bilərəm, -deyirəm və Ayı sığallayıram. O da məmnun - məmnun gülümsünür, üzünün qırışığı açılır. - Heç indi də məndən xəbərləri yoxdu. Elə bilirlər ki, arxalarınca gəlirəm.

-Çünki inanmırlar. Həyata inamları ölüb.

-Biz də elə onun arxasınca gedirik da. Sən bilən boz dağa çox var?

Susur.

-Cavanlıqda çox yaraşıqlı olmusan, yəqin, - deyirəm, könlünü almaq istəyirəm. - Sən hər şeyi görürsən axı, elə deyil?

O, yenə də susur və gülümsünür, xırda-xırda qımışır.

-Biz onu mütləq tapmalıyıq. İnamı tapsaq, lənətin kökünü də tapacağıq. Nəslimiz qaramat içindədi. Məndən başqa üzü gülən görməzsən. Böyüklər tərpənmək istəmirlər. Ona görə də əlac bizə - uşaqlara qalıb. Öz taleyimizi düşünməliyik, ya yox? Heç nə öz yerində deyil. Əlac Ona qalıb. Mən təsadüfən eşitdim. Bəlkə o...

Ay:

-Axtaran tapar, - müdrik görkəmlə, halını pozmadan cavab verir.

-Bilirsən orda...lap bezmişik...Ürəyimdən keçənlərin hamısını hüdüləyib-tökürəm. Sonra da böyüklərin qarasınca danışıram. - Bizi yalqız qoyublar, sanki dünyanın axırıdı...

-Bilirəm...

"Bəlkə söhbəti dəyişək?" - deyə ürəyimdə fikirləşirəm.

-Günəş gözlərini yandırmır? - deyə soruşuram

Təəccüblə üzümə baxr.

-O, mənim həyatımdır, -deyir və yenidən gülümsünür.

-Gülürsən!?

-Gülməsəm, sizə həyat yoxdur, elə mənə də, -deyir.

...

-Günəş sənin gözünə düşür?-indi o soruşur.

-Harda, orda? -sual verirəm.

Başını tərpədir.

-Bizə günəşi göstərirlər ki...

-Kədərlidir, -Ay deyir və yenidən gözünü məchul bur nöqtəyə zilləyir...

Noyabrın sonu, 2018

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31