Azərbaycan tələbələrinə ikili diplom veriləcək
Ceyhun Bayramov: "Dövlət proqramı çərçivəsində təhsil alan yüzlərlə Azərbaycan gənci ali təhsilə töhfə verir".
21 Noyabr 2018 17:54 SosialCeyhun Bayramov: "Dövlət proqramı çərçivəsində təhsil alan yüzlərlə Azərbaycan gənci ali təhsilə töhfə verir".
Noyabrın 21-də Təhsil Nazirliyində "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" ilə bağlı mətbuat konfransı keçirilib.
Olaylar.az xəbər verir ki, konfransda təhsil naziri Ceyhun Bayramov müasir dünyada təhsilin mühüm rolunu qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi önəm verdiyini vurğulayıb. Prezident İlham Əliyevin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın əhəmiyyətindən danışan C.Bayramov ölkəmizdə təhsilin inkişafı ilə bağlı səmərəli tədbirlərin reallaşdırıldığını bildirib.
Nazir qeyd edib ki, Dövlət Proqramının əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərinin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.
C. Bayramov bildirib ki, Dövlət proqramı çərçivəsində xaricdə təhsil alan məzunlarla bağlı hər il yerli işəgötürənlərə, dövlət orqanlarına təkrar məlumat veririk: "2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 3 558 Azərbaycan gənci nüfuzlu xarici ali məktəblərdə bütün ali təhsil səviyyələri üzrə təhsil alıblar. Onların əksəriyyəti təhsillərini başa çatdıraraq ölkəyə qayıdıblar və müxtəlif sahələrdə çalışırlar. Sevindirici haldır ki, Azərbaycana qayıtmış həmin gənc məzunlar həm də ali məktəblərdə dərs deyirlər. Bu gün dövlət proqramı çərçivəsində təhsil alan yüzlərlə Azərbaycan gənci öz pedaqoji akademik fəaliyyətləri ilə ali təhsilə töhfə verirlər".
Nazir Azərbaycan gənclərinin süni intellekt istiqaməti üzrə təhsil alması məsələsinə toxunub: "Bizim gənclərimiz həmin sahə üzrə doktorantura səviyyəsində təhsil almaq üçün müraciət edərsə, çox şad olarıq. Gənc özü araşdırma apararaq, həmin təhsil proqramı haqqında məlumat toplamalıdır. Dövlət yalnız həmin proqramın maliyyələşməsinə yardım edə bilər".
C.Bayramovun sözlərinə görə, Təhsil Nazirliyi tələbə kreditlərinin qaytarılması üçün yeni alternativ mexanizmlər hazırlayır. Bir neçə ildir ki aztəminatlı tələbələrin təhsil haqlarının ödənilməsi üçün təhsil kreditləri verilir, amma Maarifçi Kredit Fondu tərəfindən verilən kreditlərin hesabına müraciət edən bütün tələbələrin ehtiyaclarını ödəmək mümkün deyil: "Bu məsələ bir neçə dəfə parlamentdə də qaldırılıb. Maliyyə Nazirliyi əsas problem kimi təhsil kreditlərinin qaytarılma mexanizmində tam aydınlığın olmamasını deyir. Biz də Təhsil Nazirliyi olaraq, rəyləri nəzərə almaqla, alternativ mexanizmlər üzərində düşünürk. Biz onları yaxın müddətdə hökumətə təqdim edəcəyik. Biz bu məsələnin həll ediləcəyinə kifayət qədər nikbin baxırıq".
Nazir deyib ki, kifayət qədər Azərbaycan alimi xarici ali məktəblərdə elmi- pedaqoji fəaliyyətlə məşğul olur. Ali təhsildə ikili diplom proqramlarının tətbiqi zamanı Təhsil Nazirliyi tərəfindən Azərbaycan mütəxəssislərinin cəlb olunması üçün işlər görüləcək.
Media nümayəndələrinin suallarını cavablayan C. Bayramov məktəb direktorunun dyülməsi ilə bağlı məsələyə münasibət bildirib ki, aktyor Rza Rzayev tərəfindən 175 saylı məktəb direktorunun döyülməsi halı Azərbaycan cəmiyyəti üçün nadir, qeyri-adi haldır: "Azərbaycan cəmiyyətində həmişə müəllimə böyük hörmət görmüşük. Müəllimə qarşı fiziki gücün tətbiqi qəbuledilməzdir. Biz bilirik ki, hüquq-mühafizə orqanları araşdırma aparırlar. Hesab edirəm ki, bu işə düzgün hüquqi qiymət veriləcək".
Nigar Orucova