“Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya”

Fiziki məhdudiyyətli insanlara olan davranış tərzi millətin sivil dərəcəsinin göstəricisidir Sağlamlıq həyatımızın vacib aspektlərindən biri sayılır, çünki bizim həyat fəaliyyətimiz məhz sağlıq durumumuzdan asılıdır. Hər insan suya, qidaya, sevgiyə, qayğıya ehtiyac duyur. Əlilliyi olan şəxslərə gəlincə isə, heç bir fiziki qüsur onları insan olmaqdan məhrum etmir. Onlar da bizim kimi insandı, arzuları və ən əsası bizim kimi yaşamaq haqqı var.

Fiziki məhdudiyyətli insanlara olan davranış tərzi millətin sivil dərəcəsinin göstəricisidir

Sağlamlıq həyatımızın vacib aspektlərindən biri sayılır, çünki bizim həyat fəaliyyətimiz məhz sağlıq durumumuzdan asılıdır. Hər insan suya, qidaya, sevgiyə, qayğıya ehtiyac duyur. Əlilliyi olan şəxslərə gəlincə isə, heç bir fiziki qüsur onları insan olmaqdan məhrum etmir. Onlar da bizim kimi insandı, arzuları və ən əsası bizim kimi yaşamaq haqqı var.

İlbəil fiziki məhdudiyyətli insanların sayında müşahidə olunan artımı nəzərə alsaq, hazırda dünya əhalisinin 10 faizi, yəni 650 milyona yaxın insan əlilliyin bu və  ya digər növündən əziyyət çəkir. Azərbaycanda isə əlil insanların sayı ümumi əhalinin 6 faizini təşkil edir ki, bu da dünya səviyyəsində xoşbəxtlikdən çox aşağı nəticədir.Ümumilikdə, ölkəmizin genefond durumu çox sağlam sayıla bilər. Əlillərin 6 faiz təşkil etməsinin əsas səbəbi kimi, ilk olaraq Qarabağ müharibəsini göstərmək olar. Digər səbəb isə, əlilliyi olan şəxslərin ailələrində dünyaya gələn sağlamlıq imkanları məhdud olan uşaqların say çoxluğundadır. Bundan başqa, qızların erkən yaşlarda ailə qurmaları və daha erkən yaşda uşaq sahibi olmaları, habelə qohumluq əlaqələrinə əsaslanan ailələrin qurulması mövcud vəziyyətə təsir edən digər amillərdən biridir.

...Hər birimiz gündəlik həyatda onlarla qarşılaşırıq. Onların hansı dərdlərinin olduğunu, necə bir həyat və psixoloji mücadilə içində yaşadıqlarını fikirləşməməyimiz bir tərəfə, sanki onlar tərəfə baxmaqdan da qorxuruq, çəkinirik... Sanki onlara tərəf baxsaq, vicdan əzabı çəkirikmiş kimi hiss edərik...Sanki fiziki cəhətdən sağlam olduğumuza görə, onların yanında günahkar olarıq... Hansı səbəbə bu cür düşünürük bilmirəm, amma əminəm ki, yazını oxuyan hər bir kəs həyatında bircə dəfə də olsun bu hissi keçirib.

Bu səpkidə bir misal çəkim.Uşaqla anası yolda gedərkən fiziki məhdudiyyətli insanla qarşılaşır. Uşaq hələ həyatı tam dərk etmədiyindən təbii ki, "o niyə belədir?" deyə  soruşur.Anası uşağı anlayacaq dildə başa salmaq əvəzinə, "yalan danışdığı üçün, Allah baba  cəzalandırıb" deyə cavab verir. Əslində ana öz aləmində uşağı yalan danışmaqdan çəkindirməyə çalışır. Amma bununla da, sanki fiziki məhdudiyyətli insanlar Allah tərəfindən onlara verilən cəzanı da üstün mövqeyə gətirməyə çalışır. Bu yanaşma düzgün deyil. İnanın, o uşaq böyüyəndə yalan da danışacaq, amma beyninə həkk etdirilən "cəza"onun  baxış tərzinə həmişəlik öz təsirini göstərəcək. Xoşbəxtlikdən, cəmiyyətimizdə misal çəkdiyim insan tipi olduqca azdır.Təbii ki, cəmiyyət varsa müxtəlif  səviyyədə düşünən insanlar da olacaq. Ən əsası bunu unutmayaq ki, fiziki məhdudiyyətli insanlara olan davranış tərzi millətin sivil dərəcəsinin göstəricisidir.

Əlillik cəza deyil

Əksər hallarda, çətin vəziyyətə düşən və yaxud da əlillik statusu qazanmış insanlar, sonsuz depressiya halına düşərək, əlilliyin əsarəti altında qalmağı tərcih edirlər.Bu insanlar ümidsiz olmaqla yanaşı, ətraflarında baş verən hadisələrə biganə yanaşır. Xoşbəxtlikdən, əlilliyin bir cəza olmadığını anlayan cəmiyyətin bir qrup nümayəndələri də var. Bu tip insanlar öz beyinlərində yalnız bir motivasiyaverici sloqan tuturlar: ayağa qalx və et. Onların məqsədlərinə nail olma istəkləri, müxtəlif bacarıq və qabiliyyətlərin inkişafına gətirib çıxarır ki, bu da öz növbəsində tam sağlam insanın belə edə bilməyəcəyi imkanlara yol açır. Əgər siz öz gücünüzə və bacarığınıza şübhə edirsinizsə, bu zaman uğur qazanmış fiziki məhdudiyyətli insanların həyatı ilə tanış olmaq kifayət edəcək.

Təsəvvür edin ki, dahi  alman bəstəkarı L.V.Bethoven eşitmə qabiliyyətini itirəndən sonra belə hələ də musiqi məktəblərində, konsertlərdə öz aktuallığını itirməyən yüzlərlə əsər bəstələdi.Bundan başqa Stiven Hokkinq, Silvester Staloni, Nik Vuyçiç, Marli Metlin və yüzlərlə bu kimi fiziki məhdudiyyətli insan, əslində əlilliyin cəza və əngəl olmadığını dünyaya sübut ediblər.

Ölkəmizdə də onlarla nailliyyət qazanmış fiziki məhdudiyyətli insanlar var. Onlardan biri, son günlərdə populyarlıq qazanmış "ƏSA" teatrının aktyoru İmran Lalayevdir. 26 yaşlı İmran Lalayevin ayaqlarının üstündən beş il əvvəl qatar keçib.Bu hadisə onun həyatını dəyişdirsə də, həyata baxışını dəyişə bilməyib."Məndə heç bir neqativ düşüncə olmayıb. Olubsa da, mən ikitərəfli düşünürəm. Şəhərə çıxıram,protezlə açıq şəkildə. İnsanlara maraqlı gəlir və mən bundan qəti şəkildə kompleks keçirmirəm", deyə Lalayev bildirib.                                              

Azərbaycan kiçik dövlət olduğu halda, əlillər üçün hər şəraitin maksimum şəkildə yaradıldığı və qayğının ilbəil artdığı ölkələrdən biridir.Ölkə başçısının bu istiqamətdə göstərdiyi qayğı nəticəsində,vaxtaşırı sosial layihələr,idman yarışları keçirilir. 1saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi yaradılması da təqdirəlayiqdir. Hazırda yüzlərlə fiziki məhdudiyyətli insan burada yaradılmış 10 peşə (xalçaçılıq, toxuculuq, tikişçilik, bərbərlik, kompyuter istifadəçisi, ağac üzərində oyma, rəssamlıq, kulinariya və s.) üzrə hazırlıq kurslarında təhsil alır və bu mərkəzi onların gələcəyi üçün bir tramplin adlandırmaq olar. Bundan başqa, onların yeni qazandıqları peşələr üzrə məşğulluğunun təmin olunması üçün Dövlət Məşğulluq Xidməti tərəfindən müvafiq işlər görülür. 

İdman sahəsində də, fiziki məhdudiyyətli idmançılarımızın kifayət qədər uğuru var. Belə ki, respublikamızda paralimpiya hərəkatının genişləndirilməsi məqsədilə əhali arasında paralimpiya dəyərləri geniş tətbiq edilərək bir sıra tədbirlər həyata keçirilib. Məhz bunun nəticəsi olaraq paralimpiya idman növləri 7-dən 12-yə çatdırılıb. Artıq yeni yaranan adaptiv avarçəkmə, əlil arabasında qılıncoynatma, stolüstü tennis, kanoe, bossia idman növləri üzrə komandalar formalaşaraq bir sıra beynəlxalq yarışlarda iştirak ediblər. İdmançılarımız müxtəlif idman növləri üzrə beynəlxalq yarışlarda iştirak edərək medallar qazanırlar. Bundan əlavə, komanda yarışlarında 1-ci, 2-ci və 3-cü yerlərə sahib olurlar.

Milli Paralimpiya Komitəsi fiziki məhdudiyyətli insanlar arasında idmanın kütləviliyinin artırılması məqsədi ilə qeyri-paralimpiya idman növlərinin yaradılmasına da xüsusi diqqət yetirir. Artıq əlil arabasında idman rəqsi, boulinq idman növləri yaradılıb və bu istiqamətdə qarşıya qoyulmuş əsas məqsədlərdən biri də milli komandaların maddi-texniki bazasının gücləndirilməsi və müasir tələblər səviyyəsinə çatdırılmasıdır.

Əlillərin ev problemi dövlət tərəfindən hər il qismən aradan qaldırılır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncamı da ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş, 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanmış 5731 nəfər şəxsin və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmişdir. Qeyd edək ki, bu kateqoriyadan olan yüzlərlə  əlil və şəhid ailəsi mənzillə təmin edilib.

Hər birimiz fiziki məhdudiyyətli insan olmağa namizədik

İnsan ya doğuşdan, ya da sonradan əlil ola bilər.Əlillik bir seçim deyil və hər birimiz fiziki məhdudiyyətli insan olmağa namizədik. Dövlət tərəfindən yuxarıda sadalanan qayğıya və bu istiqamətdə görülən işlərə baxmayaraq mövcud olan bəzi problemlər hələ də qalmaqda davam edir.Burada psixoloji amillərin problem yaratdığı bəzi məsələlər mövcuddur. Onlardan biri əlillərin ailə qurmaq kimi vacib məsələ ilə bağlıdır.Sözsüz ki, bir insan üçün ən vacib və yadda qalan hadisə ailə həyatına girmək olur.Lakin təlim-təhsildən uzaqda qalan, özünə qapanan,yalnız valideyn himayəsində böyüyən bir kəs üçün ailə həyatına girmək problem olur.Adətən əlilliyi olan şəxs ailə qurmağa bir o qədər də həvəsli olmur, olsa belə o, özünə yoldaş kimi özü kimi fiziki məhdudiyyətli bir şəxs axtarır ki, bu da ailə qurmağı uzadır və yaxud digər problemlər yaradır.

Cəmiyyətimizdə əlilliyi olan və tam sağlam şəxslərin izdivacları da qeydə alınıb.Lakin bu evliliklərin sayı barmaq sayacaq qədər azdır.Azlığın səbəbi isə valideynin öz ovladının əlil şəxslə evlənməsinə qəti olaraq qarşı çıxmasıdır. Bu da cəmiyyətdə əlilliyə qarşı mənfi və diskriminativ münasibətdən irəli gəlir. Halbuki, sağlamlıq imkanları məhdud insanla əlilliyi olmayan insanın ailə həyatı qurmasında çox böyük fayda olardı. İstər gündəlik məişət problemlərinin həllində, istərsə də ictimai işlərdə bir-birinə dəstək olaraq əməkdaşlıq edərdi.

Digər məsələ isə valideynlərin övladlarına qarşı olan laqeyd münasibətidir. Heç kəsə sirr deyil ki, ailədə əlilliyi olan uşaq dünyaya gələndə əksər vaxtlarda valideynləri tərəfindən internat evlərinə və müəssisələrə yerləşdirilir. Bu isə onların sonrakı taleyinə təsirsiz ötüşmür və bununla da özünə inamı olmayan insanlar evlilik barədə də düşünmür və əksər vaxtlarda  ömrü təklikdə başa vurmaq məcburiyyətində qalırlar.

Əsas problem yaradan məsələlərdən biri əlilliyi olan şəxslərin müxtəlif müəssisələrdə  işlə təmin oluması ilə bağlıdır.Qanunvericilikdə göstərilir ki, hər bir müəssisə öz iş yeri planında fiziki qüsurlu insanlara da yer ayırmalıdır. Amma Azərbaycanda bəzi müəssisələr buna əhəmiyyət vermir.

Məhəl qoyulmamağın əsas səbəbi isə odur ki, sağlam insanlara 21 gün məzuniyyət verildiyi halda, əlilliyi olan insanlara 42 gün məzuniyyət düşür və bu məzuniyyətin pulunu işəgötürən ödəməli olur, bu da müəssisənin ziyanına işləyir. Problemin həll olması üçün əlil şəxslərə verilmiş bəzi imtiyazlar bu istiqamətdə yaradılmış fondlar tərəfindən və yaxud  Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşılanmalıdır.

Göründüyü kimi mövcud problemlər daha çox psixoloji faktorlar daşıyır.Bu psixoji amillərin aradan qaldırılması üçün dövlətlə cəmiyyət çiyin-çiyinə daha çox çalışmalıdır. Əgər bizlər onları özümüzə bərabər tutsaq, dəyər versək və tələbatlarını ödəməyə kömək etməyə çalışsaq həyat daha maraqlı və daha rəngərəng olar.Hər kəs üçün...

Aysel Oğuz

"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31