"Özəl telekanallarda olan bəzi verilişlər əxlaqsızlığı bizə gətirirlər" — Araz Əlizadə
19 Noyabr 2018 13:43 Sosial"Bu gün Avropa əxlaqi dəyərlər baxımından dəhşətli vəziyyətə düşüb. Təsəvvür edin ki, bu gün ən çox zorlanmış kişilərinə sayına görə İsveç birinci yerdə gedir. Ən qəribəsi də odur ki, artıq dünyada zorlanmış kişilər üçün ilk xəstəxana İsveçdə açılıb. Allaha şükürlər olsun ki, bizdə belə hallar mövcud deyil. Çünki biz onlara qapı açmamışıq".
Bu fikirləri Milli Məclisin deputatı Araz Əlizadə bildirib.
A.Əlizadə deyib ki, əgər Azərbaycan qapılarını tamamilə Avropaya açsa, burada da belə hallar mövcud olacaq:
"Avropanın mədəniyyəti onun musiqisi və ədəbiyyatıdır. Amma sən miqrantsan, qaçqınsansa, gəl keç yuxarı başa, bu mümkün deyil. Bu gün Parisdə fransız ərəb məhəllərinə girirsə, onu döyüb yola salırlar. Əgər ciddi tədbirlər görülməsə, Avropa 2050-ci ildə özünü tamamilə itirəcək və avara bir dövlətlərə çevriləcək".
Deputat qeyd edib ki, Azərbaycanın yerli telekanallarında da Avropa dəyərlərinə xas olan hərəkətlərə rast gəlinir:
"Özəl telekanallarda olan bəzi verilişlər təkcə Avropanı deyil, əxlaqsızlığı bizə gətirirlər. Nədənsə biz yaxşı hərəkətləri deyil, pis hərəkətləri yamsılayırıq. Üzdəniraq homoseksual adamları efirə çıxarırlar, camaata məsləhətlər verirlər. Bunlar eyni mərkəzlərdən idarə olunurlar. Məqsəd insanlığı məhv etməkdir. Siz gedib araşdırın görün, həmin telekanallar haradan maliyyələşir. Bu gün telekanal saxlamaq çox çətin məsələdir. Həmin telekanallara vəsait ayrılır. Bu gün Azərbaycanda özəl televiziya kanallarına ailə üzvləri ilə oturub rahat şəkildə baxmaq olmur. Hesab edirəm ki, bu cür verilişlərə görə telekanallar çox böyük miqdarda cərimə olunmalıdır".
Ölkə.Az