Allah Azərbaycan dilini bilmir? - Züleyxa NADİR

Züleyxa NADİR

İki gün əvvəl whatsappda ərəb əlifbası ilə yazılmış bir kitab şəkli paylaşıb üstündə nə yazıldığını soruşdum. Heç kim bilmədi, ən yaxşı halda "yəqin ki, Quran yazılıb" deyənlər tapıldı. Amma sonrakı paylaşımım dostların ürəyindən oldu. Azərbaycan dilində yazılmış  Quran kitabının adını hər kəs oxuya bilmişdi. Quranın ərəbcə, yaxud da azərbaycanca oxunmasına dair bir dostumla isə saatlarla yazışdıq. Ərəb əlifbası ilə yazılmış sözün nə olduğunu bilməyən, ərəb dilindən anlayışı olmayan  rejissor dostum "Quran ərəbcə oxunmalıdır" deyə israr edirdi. Çox çətinliklə ona izah edə bildim ki, mənasını anlamadığın  sözü, fikri, cümləni, lap elə bütöv bir mətni əzbərləməyin heç bir faydası yoxdu. Nəhayət mənimlə razılaşan xanım rəfiqəm bundan sonra Quranı Azərbaycan dilində oxumaq qərarına gəldiyini söylədi.

Əslində kitabın şəklini paylaşmaqda da məqsədim bu idi. Ki... ərəb dilində edilən ibadətlər, dualar, oxunan ayələr, söylənən fikirlər bu cür  qəliz olur, başa düşülmür və siz bundan heç cür faydalana bilməzsiniz. Çox təəssüf ki, Azərbaycanda insanların çoxu Quran oxumur, Azərbaycan dilində yazılmış Kitabı əlinə almır, yas məclislərində mollaların dilindən eşitdikləri ilə kifayətlənirlər.  O mollalar ki, ərəb əlifbasını bilmirlər. Eləsi var ki, latın əlifbasından da anlayışı  yoxdu. Amma dini savadı olmyan insanların beynini mövhumatla, xurafatla, cahil fikirlərlə yükləməyi çox gözəl bacarırlar. Xüsusilə də namazla bağlı o qədər dolaşıq  fikirlər söyləyirlər ki, bu ayini yerinə yetirmək istəyən insan arzusundan daşınmalı olur.

***

Namaz nədi? Namaz Allahla ünsiyyət qurub ona yaxın olmaq və Onun varlığına  şükür etməkdi. Namaz duadı. Dua Allahdan istəməkdi, ona yalvarmaqdı. Allah deyir ki, "Mən sizə şah damarınızdan yaxınam" (Qaf surəsi, ayə 16).  Bu, o deməkdir ki, Yaradan 24 saat bizimlədi.  Namaz saatlarında isə, yəni günün beş vaxtında biz Onunla ünsiyyət qura bilirik. Həmin vaxtlarda  Allah dualarımızı qəbul edir, Ondan istədiyimizi zaman-zaman bizə verir.  "Ya Rəsulum, mənim barəmdə soruşsalar, mən onlara yaxınam, mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da mənim çağırışımı qəbul edib mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər" (Bəqərə surəsi, ayə 186). Allah öz mərhəmətini və lütfünü  Ğafur surəsi, ayə 60,  Səffat surəsi, ayə 75-77, Bəqərə surəsi, ayə 129,  Ənbiya surəsi, ayə 83-84 və həmin surənin 87-89-cu ayələrində çox aydın şəkildə  bildirir. Qısaca deyim ki, həmin ayələrdə  peyğəmbərlərdən Nuh, İbrahim, İsmayıl, Əyyub,  Yunus və Zəkəriyyənin əl açıb Allahdan istədiklərinin onlara necə verildyindən, dualarının qəbul olunmağından  bəhs edilir. Biz peyğəmbər olmasaq da bilməliyik ki, Allah yaratdığı insanları  peyğəmbərlərindən az istəmir,  dualarımız qəbul olunur, yalvarışlarımız eşidilir. Nə gözəl!

Amma gözəl olmayan nəsnələr, xüsusilə də namazla  bağlı mübahisələr var ki, Qurana söykənərək doğruları bölüşmək istəyirəm. Gözümü açandan ərəb dilində namaz qılmaq görmüşəm,  çevrəmdəkilər və başqa tanıdıqlarım bu ayinin yalnız ərəb dilində olduğunu  söyləyiblər. Amma düz 24 il əvvəl Quranı Azərbaycan dilində oxumağa başladığım gündən bu günə  qədər Kitabın heç yerində bu iddiaya rast gəlmədim. Üç ayədə (Bəqərə, Hud və İsra surələri) namazın gündə beş vaxt qılınması  buyurulub. Vəssalam!

Amma bəzi  insanlar  üç dəfə qılırlar. Bunu da sünni-şiə məzhəbi deyə İslamı iki yerə  parçalamaq bahasına edirlər. Özlərini şiə adlandıranlar gündə 3 dəfə, sünni adlandıranlar isə Allahın buyurduğu vaxtlarda - ibadət edirlər.  Şiələr deyir ki, biz ikisini birləşdirib üç dəfə ibadətimizi yerinə yetiririk. Belə çıxır ki, günün istənilən saatında imkan tapan kimi üç dəfə namazı qılmaqla vəzifə bitmiş sayılır. Əslində isə "üç dəfə" sözü doğru deyil. "Dəfə" və "vaxt" sözlərinin anlamı, məna tutumu bir-birindən tam fərqlidir. Allah dediyi həmin vaxtlarda bizi məhz ona görə namaza dəvət edir ki, o dəqiqələrdə, o saatlarda bəndəsinə daha yaxın olur. Biz Onunla yaxından ünsiyyət qura bilirik. Allah namazı bizə ona görə vacib buyurub ki, məhz həmin saatlarda Onunla birbaşa ünsiyyət quraq, Onu başımızın üstündə hiss edək, daha doğrusu, Yaradanımızla söhbətə başlayaq. Söhbət ana dilində olanda daha effektli olur, deyilmi?  Fatihə surəsinin qol-qıçını sındırıb, ərəbcə doğru-dürüst tələffüz etməyəndə  tam fərqli məna verir, Allah da başa düşmür ki, sən nə istəyirsən, nə deyirsən. Bunun  nə fərqi var, Allah Azərbaycan dilini  anlamırmı? Rus, ingilis, alman, ispan, italyan, fransız öz dillərində Allahla danışırlar. Bəyəm Tanrı onları eşitmir?

***

Küçədə, işdə, yaxud da digər yerlərdə açıq-saçıq, yarıçılpaq geyinən qadınlar namaz qılarkən örtüyə bürünürlər. İbadəti bitən kimi əynindəki örtüyü çıxarıb yarıçılpaq geyinərək işlərinin dalınca gedirlər. Bu qadınlar kimdən qorunur? Allahdanmı? Allah onun içinə də, çölünə də bələddir. Yaratdığı bəndəsini udduğu havadan tutmuş, verdiyi nəfəsə kimi hər kəsdən yaxşı tanıyan Allahdan qorunmağa gərək yoxdu. Qadın, Allah sənə Ondan yox,  naməhrəmlərdən qorunmağı  buyurub. Sən isə tam tərsinə edirsən. Yaradanın yanında bürünür, yad kişilərin yanında soyunursan. Namaz ruhun sakitliyidi. İbadət vaxtı istər  bürün, istərsə də normal paltarda ol, əgər ruhun dincəlməyəcəksə bunun faydası yoxdu.

Bu gün Azərbaycanda İslam dininin doğru-dürüst anlaşılmamasının ən birinci səbəbi namazla bağlı iddialardı. Biri deyir ki, möhürlə qıl, digəri buna etiraz edir. O biri irad tutur ki, niyə qaranlıqda namaz  qılırsan, günahdı.  Bir başqası hökm edir ki, sünni namazı ilə şiə namazını qarışdırmaq olmaz. Bəziləri əli bağlı, digərləri əli açıq qılmağın vacibliyini söyləyirlər. Namazda salavatı sağ, yaxud da sol əllə çevirməyi problemə çevirənlər də var.  Dəstəmaz alarkən  anlaşılmaz dildə  söylənən "dualar" olmasa, namazın qəbul olunmadığını iddia edənləri isə anlamaq mümkün deyil. Ən gülməli görünənlər "xüsusi namaz paltarı geyinmədən namaz qılmaq olmaz, yoxsa ibadətin qəbul olunmaz" deyənlərdi.

Halbuki bu iradlar və iddialar cəfəngiyyatdan başqa bir şey deyil. Bütün bunların adı cahillik, yaxud da avamlıqdı. Və bütün bunların ən ağrılı tərəfi odur ki, həmin iddiaları, iradları tutanlar ali təhsilli, cəmiyyətin üst pilləsində yer tutanlardı. Namaz qılmaq yalandan əyilib-qalxmaq, tez-tələsik Fatihəni söyləyib ayağa durmaq deyil.  Namaz harda olmağından asılı olmayaraq Yaradanla yaxınlıqdı, Allahla ünsiyyətdi.  İstər qaranlıqda ibadət et, istərsə də günəşli havada. İstər əli bağlı dur, istərsə də əllərin yanında olsun. İstər namaz paltarı geyin, istərsə də  gündəlik ev, iş paltarı olsun, fərq etməz. Bütün hallarda namazı qəbul edən Allahdı. İstər 17 rükət qıl, istərsə də 7, ya da  27 olsun. Əgər Allaha yaxınlığın yoxdursa, ona kamil ibadət demək olmaz. Namazın tək şərti var. O da gündə beş vaxt, yəni Quranda deyilən saatlarda Ona yaxın olmaq və şükür etməkdi. Vəssalam!

***

1453-cü ildə 21 yaşlı Osmanlı sultanı II Mehmet Konstantinopolu fəth edir, 1000 illik Bizans imperiyasına son qoyaraq Fateh adını alır. II Mehmet fəthin ilk günü - mayın 29-da günortadan sonra şəhərə daxil olur və namaz qılmaq üçün birbaşa Ayasofa kilsəsinə yollanır. Kilsədə sultan qabaqda, paşalar, vəzirlər, digər ağalar arxada üzü qibləyə dayanırlar. Bir neçə dəqiqə keçir, amma II Mehmet namaza başlaya bilmir. Vəzirlərin, paşaların canına qorxu düşür ki, nə oldu, padişah niyə namaz qıla bilmir, dilimi tutuldu? Sultan özü də həyəcanlanır, yuxarı baxır, sağa-sola boylanır, onu tər basır, nəfəsi çətinləşir, amma əllərini qaldırıb "Allahu-Əkbər" deyə bilmir. Nəhayət sultan "Allahu-Əkbər" deyib namaza başlayır. Namazdan sonra padişah paşalara deyir ki, siz bildinizmi mən nədən bir müddət namaza başlaya bilmədim? Ona görə ki,  Allahı heç cür görə bilmirdim, Onu başımın üzərində hiss etmirdim, sanki görünməz bir uzaqlıqda idim.

Allahla ünsiyyət qurmağın yolu Ona yaxınlığı fəth etməkdən keçir - İstanbul Fatehi kimi...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31