Belə belə işlər - Elçin Hüseynbəyli

Elçin Hüseynbəyli İnsanlar niyə xoşbəxt deyillər?

Elçin Hüseynbəyli

İnsanlar  niyə xoşbəxt deyillər?

Bu sualın sadə bir cavabı var: çünki sevinə bilmirlər...

Ötənlərdə bir yazı oxumuşdum. Həmin yazıda insanların xoşbəxt olmamağının səbəbini həddən artıq qayğılı olmaları ilə bağlayırdılar. Yəni kədər sevinci üstələyir. Və kəskin qütbləşən dünyada adamlar çıxış yolu tapa bilmirlər. Özü də bu yazı qərbli bir araşdırmaçının idi və xaçpərəst sosioloqlar arasında aparılmış sorğunun nəticəsiydi.

Fikirlərimə , yaxud həmin fikrilərə bir əlavə də edim. Müdrik adamlar deyirlər ki, əgər sən varlısansa, ətrafdan üzr istəməlisən. Çünki ətraf səni başa düşməyə bilər. Adam başqasını başa düşməyəndə isə vəziyyət xoşagələn olmur...

Hərdən mən də bu barədə düşünürəm və o araşdırmanı müsəlman aləminə transfer edirəm. Onda belə çıxır ki, doğulandan ölənə kimi yaxınlarının, doğmalarının qayğısını çəkən bizim insanlar ömrüboyu xoşbəxt ola bilmirlər. Və bu, bizdə həyat tərzinə çevrilir. Mazoxizmə gətirib çıxarır.

Əvvəlcə başlayaq ilk sevgidən. Sevirik -ürəkdən sevinə bilmirik. Çünki qarşıda bizi qorxudan qayğılar dayanır. Uşağın doğulmasına çəkilən xərcləri düşünürük. Uşaq ilk məktəbə gedir, yenə də qayğılanırıq. Evlənəndə də sabahı düşünürük - düz nəvə-nəticəmizə kimi. Yəni biz sabahdan çox asılıyıq. Amma fikir vermişəm ki, indiki cavanlar daha çox pozitiv xarakterlidirlər, sabahdan qorxmurlar və "hər zamanın öz problemi və həlli yolları var" düşüncəsindədirlər.

Xoşbəxtlik sevincin ən bakirə və ən son nöqtəsidir.

Ayıb da olsa özümdən bir sitat gətirim: "Bədbinlər həyatda ölüm, nikbinlər isi iki həyat arzulayırlar!"

"Bir yerdə ölməyi üstün tutan millət xöşbəxtdir" deyimi də yada düşür. Ayrı-ayrılıqda xoşbəxt olmaq istəyən toplum nəticədə uduzur və sabahına ümidini itirmiş kütləyə çevrilir. Çünki 130 manat minimum əmək haqqına sığınan soydaşlarımız, kommunal xərclərə belə pulu çatmayan pensiyaçılarımız 130 mülkü olan soydaşına baxıb necə sevinsin. Bax, burda "bizim millət başqalarının pulunu saymağı çox sevir" deyiminə gəlib dirənirik.

Öncələr belə bir fikir vardı ki, Qərbdən fərqli olaraq Şərq adamları var-dövləti, mülkiyyəti çox sevir. Amma son zamanlar bu fərq itməkdədir və sosial təbəqələşmə dünyanın istənilən nöqtəsində gərginliklərə gətirib çıxara bilər. Qərbli sosioloqların düşüncəsi belədir, elə mən və həmfikirlərim də bu düşüncədədirlər. Hələ deyilənə görə qarşıda insanları daha bir, özü də çox ağır iqtisadi böhran gözləyir. Əgər bu baş verərsə, insanların sabaha ümidləri tamam itə bilər. Və insanlar öz uğursuzluqlarını qonşuda axtara, acıq çıxmağa can atarlar...

Bütün bu bədbin proqnozların sonunda mən sizə sevinc dolu günlər arzulayıram, dostlar!..

Noyabr, 2018

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31