Abel Məhərrəmovun səfir oğlu geri çağırılacaq
17 Noyabr 2018 11:09 SosialXəbər verildiyi kimi, prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib.
Olaylar.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, mətbuatda Abel Məhərrəmovun işdən çıxarılması ilə bağlı sensasion məlumat yayılıb. Noyabrın 3-də geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb.
Həmin zaman A.Məhərrəmov və onun səfir oğlunun şərab biznesinə aid çəlləkləri İspaniyaya aparması böyük qalmaqala səbəb olub. Yayılan məlumatlara görə, sonradan Madriddə düzənlənən tədbirdə daha bir qalmaqal yaşanıb, spirtli içkinin təsiri altında olan rektor orada aranı qatıb.
Abel Məhərrəmov işdən çıxarılması barədə sərəncama qəfil yaxalanıb. Əvvəl sosial şəbəkələrdə Abel Məhərrəmovun işdən çıxarıldığı haqda şayiələr yayılıb. Saytlardan biri rektora zəng vurub və bu şayiələrə münasibətini soruşub. A.Məhərrəmov bu məlumatları təkzib edib:
"Hazırda işdəyəm, pedaqoji kollektivin iclasını keçirirəm".

Bu da Abel Məhərrəmovun səfir oğlunun şərab biznesi - dosye
Unikal.org Abel Məhərrəmovun səfir oğlu Anar Məhərrəmovun İspaniyada şərab biznesi ilə bağlı maraqlı araşdırma edib. Məlum olub ki, A.Məhərrəmov 2016-cı ildən İspaniyaya səfir təyin edildikdən sonra bu ölkədə Azərbaycan şərablarının satışı ilə də məşğul olurmuş.
Belə ki, səfir İspaniyada Azərbaycan, Azərbaycanda isə İspaniya şərablarının satışı üzrə monopoliyanı öz üzərinə götürüb.
Səfir 2 ölkə arasında bu işlə məşğul olan digər biznes tərəfdaşlarına mane də olurmuş. Anar Məhərrəmov səfirlik dövründə Madriddə Azərbaycan şərablarının satışını həyata keçirən mağazaların da açılışını edib.

Nəhayət, 2018-ci ilin oktyabr ayında İspaniyanın Madrid şəhərində yerləşən "Madrid Rioxa Mərkəzi"ndə Azərbaycan şərablarının təqdimat mərasimini keçirib.
Mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və yerli kütləvi informasiya vasitələrinin, İspaniyanın şərabçılıq üzrə tanınmış şirkətlərinin, habelə A.Məhərrəmovun biznes ortaqlığı ilə Qəbələdə yaradılan "Aspi Agro" MMC şirkətinin təmsilçiləri iştirak ediblər.
Tədbiri açan "Madrid Rioxa Mərkəzi"nin prezidenti Xose Antonio Ruperes Kanyo Azərbaycan şərablarının füsunkar dada və keyfiyyətə malik olduğunu deyib və məhz bu səbəbdən İspaniyanın əsas şərabçılıq bölgələrindən sayılan Rioxa şərabları ilə Azərbaycan şərablarının birgə təqdimat mərasiminin keçirilməsinin təsadüfi olmadığını bildirib.
