Tələbələri dövlət qulluğu ilə bağlı məlumatlandırıldı
16 Noyabr 2018 17:52 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Dövlət qulluğunun əsas vəzifələri və prinsipləri" mövzusunda maarifləndirici tədbir keçirilib.Tədbirdə Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova, Dövlət İmtahan Mərkəzinin sektor müdirləri Əlişirin Şükürov, Tural Əlizadə, universitetin yuxarı kurs tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov Bilik Fondu ilə əməkdaşlıqdan və bu əməkdaşlığın gənclərin maarifləndirilməsi işinə faydasından danışıb.
Sektor müdiri Xatirə Hüseynova Bilik Fondunun fəaliyyətindən bəhs edərək gəncləri maarifləndirici layihələrdən faydalanmağa çağırıb. DİM-in əməkdaşı Əlişirin Şükürov dövlət qulluğuna qəbulla bağlı müsabiqənin şərtləri, keçirilmə qaydaları haqqında ətraflı məlumat verib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "İnzibati idarəetmə" fakültəsinin Fondda elmi-tədqiqat təcrübəsi keçən II kurs magistrantları Xanım Rəhimova və Aysan Abdullayeva tələbələrə dövlət qulluqçusunun etik davranış qaydaları, əsas funksiyaları haqqında məlumat veriblər.
Tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.