Media kapitanları Ali Məhkəmədə toplandı
16 Noyabr 2018 17:16 SosialNoyabrın 16-da Mətbuat Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı media qurumlarının rəhbərləri Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb.
Olaylar.az bildirir ki, görüşdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev məhkəmə-media münasibətlərinə toxunub. Sədr qeyd edib ki, məhkəmələr media qurumları ilə əməkdaşlıqda maraqlı olmalıdır: "Məhkəmə cəmiyyət üzvlərinin tarazlaşdırılmasına xidmət edir. Məhkəmə dövlət maraqlarını müdafiə edən icra hakimiyyətindən fərqlənir. Azad mətbuat demokratik cəmiyyətin inkişafında mühüm rol oynayır. Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir. Məhkəmə qəbul etdiyi qərarların ictimaiyyətə çatdırılmasında maraqlıdır və bu prosesin reallaşması üçün media ilə əməkdaşlıq zəruridir. Məhkəmə orqanları daim KİV-lə əməkdaşlıqda maraqlıdır".
Ali Məhkəmənin sədri Azərbaycanda 540-550 məhkəmə hakiminin və ölkənin əhalisi isə 10 milyon nəfərə yaxın olduğunu qeyd edərək bildirir ki, Avropa standartları ilə götürsək Azərbaycanda hər 100 min nəfərə 6 hakim düşür: "Avropa standartlarına görə isə əhalinin hər 100 min nəfərinə 20 hakim düşməlidir. 2017-ci ildə Azərbaycanın birinci instansiya məhkəmələrində 15 min 919 işə baxılıb. Bunlardan 357 mini mülki, 5 mini iqtisadi, 27 mini isə inzibati işlərdir. Ümumilikdə isə Azərbaycan məhkəmələrində 2017-ci ildə 389 min 580 işə baxılıb. Bu qədər işə 500 hakimin baxması isə çətindir"
Ramiz Rzayev qeyd edib ki, bu prosesdə bəzi mətbu orqanları da məhkəmələrin fəaliyyətinə mane olur: "Bu gün bu prosesdə yaranan problemlərdən biri də qeyri-peşəkar jurnalistlərin məhkəmə fəaliyyətinə mane olmasıdır. Bu gün məhkəmələrin qeyri-peşəkar jurnalistlərdən qorunmağa ehtiyacı var. Bəzi mətbu orqanları məhkəmə fəaliyyətinə, hakimlərin nüfuzuna xələl gətirən əsassız yazılar dərc edir. Jurnalist məhkəmənin obyektivliyini və müstəqilliyini nəzərə almalı, onun fəaliyyətinə hörmətlə yanaşmalıdır. Məhkəmə orqanları jurnalistlərə bu sahədə yardım etməlidirlər. Bu qarşılıqlı əməkdaşlıq sahəsində baş verməlidir. Ali Məhkəmə mətbuatla əməkdaşlıq edir və bunun üçün mətbuat katibi var. Məhkəmənin plenum iclasları, qərarlar barədə məhkəmənin saytında məlumatlar verilir".
Ali Məhkəmənin sədri media qurumlarının hakimlərin mətbuata qapalı olmasından gileyləndiklərini bildirib: "Media qurumları məhkəmə hakimləri ilə münasibət qura bilmir, onlardan açıqlama almaqda çətinlik çəkirlər. Mən bu fikirlərlə razıyam. Amma bu məsələ hakimin səlahiyyətində deyil. Hakimlərin mətbuata açıqlama verməsi qadağandır. Bu qadağanı hakim qoymayıb".
***
Görüşdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə bildirib ki, Ali Məhkəmə daim kütləvi informasiya vasitələri ilə əməkdaşlıq edib, məhkəmə-media münasibətlərində ortaya çıxan problemlərin həlli ilə bağlı müzakirələr aparılıb: "Biz qərara gəldik ki, bu cür məsələlərlə bağlı ölkənin kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşlər keçirək. Media ilə məhkəmələrin əməkdaşlığında müəyyən problemlər var. Azərbaycanda məhkəmə hakimlərinin, işçilərinin sayı azdır və buna görə də məhkəmə hansısa əməkdaşını media ilə əməkdaşlığa görə məsul şəxs təyin edə bilmir. Əminəm ki, bizim bu görüşümüzdən sonra bu sahədə irəliləyiş əldə olunacaq, məhkəmədən yazan jurnalistlərin ixtisaslaşması üçün tədbirlər görüləcək. Bu gün Azərbaycan jurnalistikasında kifayət qədər inkişaf var, qurumlarla əməkdaşlıqda irəliləyişlər var, dövlət qurumları və təşkilatlar media ilə əməkdaşlığa maraq göstərir. Biz medianın hüquq-mühafizə orqanları ilə - Daxili İşlər Nazirliyi, Baş Prokurorluqla görüşünü keçirmişik. Ali məhkəmə ilə də jurnalistlər üçün də seminar keçirmək vacibdir. Seminarlarda jurnalistləri hansı məsələlər narahat edirsə, həmin məsələlərin həllinə çalışmaq lazımdır. Seminar və treninqlər keçirərək bu prosesdə jurnalstikada olan çatışmazlıqları da müzakirə edə bilərik. Təbii ki, Azərbaycan mətbuatında da, məhkəmələrdə də bu sahədə problemlər var. Jurnalistikada da müəyyən səhvlər təkrarlanır. Amma müxtəlif seminarların təşkil olunması bu problemləri aradan qaldıracaq. Bunun üçün həmçinin məhkəmələrlə birlikdə jurnalistlər üçün vəsait hazırlaya bilərik. Həmin vəsaitdə jurnalistlər məhkəmə terminləri ilə tanış olarlar".
Mətbuat Şurasının sədri bildirib ki, media qurumlarının rəhbərləri məhkəmələrlə işləyən jurnalistlərin koordinatlarını Mətbuat Şurasına təqdim etməlidir. Belə ki, həmin jurnalistlər üçün məhkəmələrdə seminarlar təşkil olunacaq.
Görüşdə iştirak edən Olaylar İnformasiya Agentliyinin baş redaktoru, yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuz Ali Məhkəmənin sədri və aparıcı işçiləri ilə mətbuat nümayəndələrinin görüşünün çox vacib olduğunu vurğulayaraq təşkilatçılara təşəkkür edib. "Müxtəlif insanlar mətbuatdan şikayət edirlər. Mətbuat Şurası yaranandan sonra mətbuatla bağlı yaranan şikayətlərin böyük bir qisminin həllini şura öz üzərinə götürüb. Görüşün vacibliyini nəzərə alaraq iki məsələ üzərindən fikir bildirmək istəyirəm: Birincisi, hansısa xəbər istinad edərək yayımlanıb. Bəzən, xəbərdən narazı qalan tərəf istinad edilən mənbəni yox, istinad edilən mənbələri və ya əsas mənbə ilə birgə istinad olunan mənbələri də məhkəməyə verir. Şikayətçi tərəf informasiyanı yayımlayan mətbuat orqanından şikayətçi olur və zamanımızı alırlar. Yaxşı olardı ki, bu məsələlərə aydınlıq gətirilsin. Toxunmaq istədiyimi ikinci bir məqam isə mətbuatda hakimlərə inam məsələsidir. Hakimlərlə mətbuat və ictimaiyyət arasında qarşılıqlı güvən, inam olmalıdır. Əhalinin müəyyən bir təbəqəsi hakimlərə inanmır. Zamanla mətbuatdan bəzi hakimlərin cəzalandırıldığını, vəzifədən uzaqlaşdırıldığının şahidi oluruq. Bu tip islahatların davamlı olacağını düşünürəm."
"SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev çıxışında bildirib ki, Azərbaycan Respublikasının Ali Məhkəməsində media təmsilçiləri ilə bu formatda görüşün keçirilməsi dövlətimiz və cəmiyyətimiz üçün çox vacibdir: "Məhkəmə hakimlərinin və jurnalistin peşəkarlığı əsas amil kimi götürülməlidir. Bəzən görürsən ki, hansısa məhkəmə prosesini jurnalistlərin işıqlandırmasına icazə verilmir və ya maneçilik törədilir. Ümumiyyətlə, mətbuatla əməkdaşlıqdan çəkinmək lazım deyil. Siz Ali Məhkəmənin sədri kimi mətbuata açıqsınız. Amma bəzi məhkəmə hakimləri mediaya qapalıdılar. Hesab edirəm ki, bu məsələlərə baxılmalıdır və lazımi tədbirlər görülməlidir. Jurnalistlər isə öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir və sui-istifadə hallarına yol verməməlidirlər. Mən "IV hakimiyyət" olan media ilə Ali Məhkəmənin bundan sonra da qarşılıqlı şəkildə əməkdaşlıq edəcəyinə inanıram".
Məhkəmələr və media arasında olan problemin aradan qaldırılması üçün bu görüşün əhəmiyyətli olduğunu bildirən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət qeyd edib ki, bu addımı alqışlamaq lazımdır. "Ali Məhkəmənin təşkil etdiyi bu görüş artıq real addımların atılacağından xəbər verir. Bu gün bizlər konkret təkliflərlə çıxış etməliyik ki, növbəti görüşdə artıq mövcud olan problemlər öz həllini tapsın. İlk olaraq təklif edərdim ki, medianın əsas yükünü çəkən jurnalistlərlə praktiki işlər görülməlidir. Mətbuat Şurası ixtisaslaşma istiqamətində seminarlar təşkil edərsə problemin bir qismini aradan qaldıra bilərik. Daha praktik bir ortamın yaradılması üçün məhkəmə qapıları jurnalistlərin üzünə açıq olmalıdır."
Azər Həsrət əksər dövlət orqanlarında jurnalistlə ünsiyyət probleminin olmasına diqqət çəkərək hakimlər üçün seminarların təşkil edilməsinin vacibliyini qeyd etdi.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli ictimaiyyətlə işləyən bütün qurumlarda mətbuat xidməti şöbəsi olmalıdır: "İşlərin çoxluğunu nəzrə alaraq bütün məhkəmə instansiyalarında bu şöbə yaradılmalıdır. Bu qanunun tələbidir. Qanunda baş vermiş hadisə ilə bağlı rəhbər şəxs danışmalıdır deyə bir maddə yoxdur. Məlumat verərsə daha yaxşı olar. Amma buna zaman yoxdursa, o zaman mətbuat xidməti asanlıqla bu işin öhdəsindən gəlir və qurumun fəlaliyyəti haqqında davamlı məlumatların yayımlanması üçün çalışır."
Görüşdə çıxış edən "Teleqraf Holdinq"in rəhbəri Aynur Camalqızı bildirdi ki, media təmsilçilərinin bu görüşə böyük ehtiyacı vardır. "Məhkəmənin işi insanlarda güvən yaratmaqdır. Əslində media ilə məhkəmə orqanlarda eyni işi -cəmiyyətdə, insanlar arasında dövlətimizə, dövlətçiliyimizə güvən yaratmaq üçün çalışırıq."
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə görüş üçün Mətbuat Şurasına və Ramiz Rzayevə təşəkkür edərək bildirdi ki, region apelyasiya məhkəmələri ilə əlaqə yaratmaq istədikdə müəyyən problemlər yaranır: "Məhkəmə hakimləri jurnalistlərdən çəkinməməlidirlər. Mütəmadi də olmasa da, davamlı məhkəmə hakimləri aparıcı media orqanlarında çıxış etsələr yaxşı olar. Özləri buna təşəbbüs göstərməlidirlər".
Sonda Ali Məhkəmənin sədri Ramiz Rzayev media kapitanları tərəfindən səsləndirilən təklifləri nəzərə alacaqlarını qeyd etdi.
Görüşdən sonra tədbir iştirakçıları Ali Məhkəmənin inzibati binası və qurumun iş fəaliyyəti ilə tanış olublar.
Ay An