DBX tövsiyyə etdi: Ev və sənaye quşları qapalı şəraitdə saxlanılsın

"Quş qripi" xəstəliyinə görə 12 noyabr 2018-ci il tarixindən başlayaraq ölkə ərazisində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX), Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə növbəti monitorinq keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar2a bildirilib ki, monitorinqə köçəri quşların payız miqrasiyası nəzərə alınaraq start verilib. Tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda aparılaraq yekunlaşdırılıb. Artıq Dövlət Baytarlıq Xidmətinin əməkdaşları seçmə üsulla ovlanmış 42 baş (Pirallahı adasındakı Abşeron Milli Parkından 4 baş, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatdan 8 baş, Salyan rayonundakı Şirvan Milli Parkından 5 baş, Lənkəran rayonundakı Qızılağac Dövlət Təbiət Qoruğundan 10 baş, Ağcabədi rayonundakı Ağ göl Milli Parkından 15 baş) köçəri quşlardan patoloji material, həmçinin Abşeron, Neftçala, Oğuz, Şabran, Salyan, Tərtər, Lənkəran və Ağcabədi rayonlarındakı şəxsi və quşçuluq təsərrüfatlarında saxlanılan 328 baş ev quşundan qan nümunələri götürüblər.

Köçəri quşlar üzrə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara rast gəlinməyib, eləcə də təsərrüfatlarda saxlanılan quşlar arasında hər hansı iti yoluxucu infeksion xəstəlik qeydə alınmayıb. Götürülmüş patoloji materiallar və qan nümunələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq. Dövlət Baytarlıq Xidməti əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə tövsiyə edir ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın. Həmçinin heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar və s.) özbaşına müalicə, peyvəndləmə və digər baytarlıq tədbirləri aparılmasın, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılsın.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31