Cəmiyyətin laxlayan tərəfi - Züleyxa Nadir yazır
Züleyxa NADİR Cəmiyyətin laxlayan tərəfi
16 Oktyabr 2018 16:48 SosialZüleyxa NADİR
Cəmiyyətin laxlayan tərəfi
Bir neçə gün əvvəl sosial şəbəkələrdə rastlaşdığım yazılardan bildim ki, "Beynəlxalq qızlar günü" varmış. Həmin gün qızı olan analar övladlarının şəklini paylaşır, onların varlığı ilə bağlı yaşadıqları xoşbəxtliklərindən bəhs edirdilər. Doğrusu həmin anlarda qızımın olmamağından dolayı içimdə bir qibtə hissi, bir az da dərinə getsəm paxıllıq duyğusu yaranmışdı. "Qızlar günü"ndə qız övladlarının, eləcə də yeniyetmə və gənc xanımların şəninə deyilən xoş sözlər çox gözəl idi. Bütün bir gün qızların günü oldu - virtual olaraq. Virtual dünyada Azərbaycan qızlarının şəninə deyilən sözlərin istilik dərəcəsi sosial medianı yüksəyə qaldırdı. Bəs, bu istiliyin dərəcəsi reallıqda nə qədərdi? Doğrudanmı qızlar ailənin sevimlisidi? Həqiqətənmi qızlar Azərbaycan cəmiyyətinin üst pilləsində yer alıblar?
Bütün uşaqlar dünyaya gələndə eyni cür olur, ertəsi gün isə dəyişirlər. Fiziki və zahiri dəyişiklik, zaman dəyişikliyi, mühitin təsiri, ətrafın ona münasibəti və sair bu kimi nəsnələr dünyaya gələn bu sevimli varlığı öz təsiri altına almağa çalışır. Bəzi ailələrdə oğlan - qız seçimi önə çıxır, onlara münasibət birmənalı olmur. Halbuki övlad insan qəlbinin meyvəsidir, qız uşağı isə həmin meyvənin ən dadlısıdı. Son illərin rəsmi statistikası göstərir ki, Azərbaycanda doğulan qızların sayı oğlanlardan azdı. Niyə? Çünki onu ana bətnindəykən məhv edir, qız uşağının dünyaya gəlməsini əngəlləyirlər. (Bu, ayrı mövzudur). Doqquz ay minbir əzabla bətinində daşıdığı, canının bir parçası olan qızının dünyaya gəlişindən sonra bəzi analar ona bir başqa münasibət sərgiləyirlər. Elə xəstəxanadaca övladından imtina edir, ya da çıxıb küçələrə, zibilliklərə atır. Bu, çox dəhşətlidi.
Bəzən də elə cahil valideynlər tapılır ki, qızının evdə normal böyüyüb tərbiyə almasına şərait yaratmır, doğru-dürüst təhsil almasına imkan vermirlər. Orta təhsilini yarıda dayandırıb onu ərə verirlər. Düşünmürlər ki, erkən nikah qızının gələcək taleyində onu hansı neqativ duyğularla yükləyəcək. "Qızım ailə qursun", "qızım ər çörəyi yesin", "qızım övlad sahibi olsun" kimi düşünən kütbeyin valideynlər cəmiyyətin inkişafında qara yaradı. Ki... bu irinli yara ilə yüz illərdi aparılan mübarizə hələ də öz müsbət təsirini göstərə bilməyib. Cəmiyyətin bu cür valideynlərin çiyni üzərində duran tərəfi həmişə laxlayır.
Bəzən deyirlər ki, cəmiyyət amansızdı. Amma bu amansızlığın başlanğıcı hardan gəlir, hardan boy göstərir... onu görməyə ya həvəs olmur, ya da maraq dairəsində sıxlıq müşahidə edilir. Amansızlıq vicdansızlıq, düşüncəsizlik, əxlaqsızlıq, yaramazlıq kimi əclaf düyğuların külliyatıdı. Amansızlıq insan övladının yolunda bir kötükdü, onu aradan qaldırmaq mümkün deyil. Bu kötük cürümür ki, yox olsun, nə də göyərmir ki, bir işə yarasın. Cəmiyyətdə hər kəs ömründə bir dəfə də olsa, həmin kötüklə üz-üzə gəlib. Gücü çatan ondan yan keçməyi bacarıb, çatmayan isə qurbanı olub.
Cahil valideynlər, düşüncəsi dayaz olan insanlar körpəlikdə guya sevdikləri qız övladına yeniyetmə yaşına çatan kimi qənim kəsilirlər. "Guya" ona görə deyirəm ki, belələri qızının, sözün yaxşı mənasında, sonralar gözünü açmasına, cəmiyyətin yararlı bir pilləsində yer tutmasına imkan vermirlər. Və beləcə həmin qız övladları ömürlərinin sonuna kimi ağır travmalarla yaşamalı olurlar. Hüquqlarını bilmədiyi üçün ər evində günləri göy əskiyə dönür. Həyatın qorxulu burulğanlarında çabalaya-çabalaya hansısa bir anlamazın arvadı qismində onun bitmək bilməyən tələblərinə boyun əyən, qaynana-gəlin savaşında məğlub olanlar bəzən də həmin anlamaz ər tərəfindən qətlə yetirilirlər. Sonu görünməyən bu cür ailədaxili münaqişələr cəmiyyətə sirayət edir. Və cəmiyyət çaş-baş qalır. Ona görə də bir çox hallarda cəmiyyət öhdəsinə düşən işi yerinə yetirməkdən qaçır.
Cəmiyyət sosial sistemdi, onun vəzivəsi vətəndaşlarının hüququnu qorumaqdı - istər kişi olsun, istərsə də qadın. Azərbaycan cəmiyyətində qadın hüquqlarının qorunması heç də ürəkaçan deyil. Çoxlu sayda qız övladının ailədə sevgisiz böyüməsi, şəfqət hissini dadmaması onun taleyini alt-üst edir. Ali təhsil alan gənc qızların çox hallarda işsiz qalması, yaxud da aldığı təhsilə uyğun olmayan işlərdə çalışması təbii ki, onun xarakterini dəyişir, dünyaya baxışını əks istiqamətə yönəldir. Halbuki ölkənin inkişafında qadınlarının rolu xeyli yüksəkdi. Amma qadına olan zorakılıqlar bu inkişafı əngəlləyən çox böyük amildi. Erkən nikahlar bu zorakılığın ilkin əlamətidi. Azərbaycan qanunları ilə qarşısı alınanlar var, amma nə qədər də gizli qalan zorakılıqlar, haqsızlıqlar var ki, Azərbaycan qadınının, qızının ömrünü "yeyir", həyatını çürüdür.
Ona görə də tam məsuliyyətimlə deyirəm ki, beynəlxalq qızlar gününün xoş hisslərini bizim qızlarımızın hamısı yaşamadı. Qızlarımızın çoxu cəmiyyətin laxlayan tərəfində yer tutmağa məhkum olunanlardı...