"Yeməyə toxunma! imkan ver, fotosunu çəkim, sonra..."

Müasir dövrümüzdə "food photographer" deyilən sənət növü var. Daha aydın ifadə etsək qida və içki stilisti, fotoqrafı. Bu şəxs yemək və içkini istehlakçının diqqətinə çəkə bilmək üçün onu düzgün bir şəkildə fotoya alaraq iştahaçıcı görünüşə sahib olmasını təmin edir. Qida və içki fotoqrafı, hazırlanan yemək və içkinin fərqli çəkiliş variantlarından faydalanaraq ən təsirli görünüşü əldə edir. Bu şəxslər yemək və içki müəssisələri üçün məhsulları müştərilərin daha gözəl görməsini təmin etmək məqsədilə müxtəlif diqqətçəkici menyular, broşuralar, afişalar və reklam hazırlayırlar.

Qida və içki stilistliyi və fotoqrafiya mütəxəssislərinin işləri, müəssisələrin reklamlarında və ya menyularında, gündəlik qəzetlərdə, jurnallarda və yemək kitablarında insanların qarşısına çıxır.

Bu şəxslər öz peşələri ilə məşğuldur. Lakin "food photograhper" olmamasına rəğmən masanın üzərindəki qidanın fotosunu sosial şəbəkələrdə paylaşan insanlar var. Onların məqsədi yemək, yaxud içkinin istehlakına diqqət çəkmək, müəssisəni tanıtdıraraq onların yeməklərini reklam etmək deyil. Onların tək məqsədi kifayət qədər "like" toplamaq və "comment" almaqdır. "Like" depressiyası isə müasir dövrün ən geniş yayılmış xəstəliklərindən biridir. Bu xəstəliyə düçar olmuş sosial şəbəkə istifadəçiləri postları və fotoları gözlədiklərindən az "like" topladıqda  bunu ciddi problem edərək kədərlənirlər.

"Yeməyə toxunma! imkan ver, fotosunu çəkim, sonra başlayarıq!" kimi ifadələr "like depressiyası"na meyilli insanlar tərəfindən tez-tez işlədilməkdədir. Belə insanlar "bəyənmələri" yedikləri yeməkdən umurlar.

Yalnız ölkəmizdə deyil, dünyanın hər yerində bu ədəbsiz davranış trendə çevirilib. Əksər insanlar real həyatını 3-5 dəqiqə sonra virtual həyatına transfer edir. Əgər olduqları məkandan foto çəkib sosial şəbəkədə paylaşmayacaqlarsa bu məkanda boş-boşuna oturduqlarını düşünürlər. Hətta bəzi insanlarda yarızarafat, yarıciddi belə bir düşüncə tərzi var ki, "yediyim, içdiyim təamları fotoya alıb paylaşmaqdıqdan sonra elə bilirəm ki, hesabı boş-boşuna ödəmişəm".

Belə insanlar dərk etmirlər ki, geridə qoyduğumuz heç bir dövrdə "başqası görüb nəfsi çəkər, göz haqqı qalar" deyə yeməklər göstərə göstərə yeyilməzdi. Dinimizdə də insanın yediklərini sərgiləməyi əxlaqi bir davranış deyil. İslamda hər zaman qul haqqına, göz haqqına və qonşuluq haqqına ehtiram var.

Millətimizə xas olan gözəl adətlərdən biri də odur ki, qonşu nə bişiririsə o biri qonşulara da ondan pay düşür. Daha doğrusu qoxusu tez yayılan və tez-tez bişirilməyən təamlar mütləq qonşulara da verilir. İki tas yeməyin varsa üçüncünü, üç tas varsa dördüncünü qonşuya apar... Yəni yediyini, içdiyini paylaşmaq gözəldir, lakin sosial şəbəkələrdə yox. Təəssüf ki, texnologiya ilə düzgün təmasda olmamaq bəzi mənəvi dəyərləri silib aparır.

Məşhur deyim olan "yediyin, içdiyin sənin olsun, bizə gördüklərini danış" sözü müasir dövrümüzdə tarixə çevrilməkdədir. İndi gördüklərini danışmaq deyil, yediyini-içdiyini paylaşmaq daha əyləncəlidir. Xatırlayıram ki, NyuYorkda daşınmaz əmlak nəhəngi olan varlı bir ailənin oğlu, 23 yaşındakı Adru Varren soail şəbəkə hesabında hamburgerdən tutmuş, kürüyə qədər yediyi bütün təamları paylaşır, ona irad tutub, görməmiş adlandıranlara isə "Həyat sizə turş gəlirsə, şəkər qatıb, limonad hazırlamaq öz əlinizdədir..." kimi dəyərli tövsiyyələr verirdi. Əslində bu həqiqətən dəyərli tövsiyyədir. Lakin baxır hansı məsələdə...

Paylaşdığı fotoşəkillə kifayətlənməyib bir də yazıyla yediyi yeməyi ifadəetmə xəstəliyi olan insan tipləri var. Belə tiplər Novruz bayramında şəkərburayla birlikdə üzə çıxır. Bayram süfrəsinə düzülən paxlava, şəkərbura, şirin qoğal, badambura və s. nemətləri paylaşdıqdan sonra bir də adlarını yazıyla ifadə edən bu insanlar millətdə Novruz atributlarını tanımırmış kimi düşüncə yaradır. İlk dəfə paxlava görürmüş kimi şəklini çəkib el-aləmə duyurmanın məqsədi nə ola bilər? Ya bişirməyi yeni öyrənib, ya da bu günə kimi bayramlarda fotosintezlə qidalanıb. Çünki bu "görməmişliyin" başqa adı yoxdur.

Şəxs masa arxasında yemək yeyirsə və həmin an onun fotosu çəkilərsə, fotoda isə  masadakı təamlar əks olunaraq, sosial şəbəkələrdə yayılarsa bu normal haldır. Çünki bu şəxs yeməyini qəsdən ön plana çıxarmayıb və qida ümumi mənzərənin bir detalı kimi fotoda yer alıb.

Normal olaraq bir insan əsla hər gün, yaxud müəyyən vaxtlarda  yediyi yeməyin şəklini çəkib paylaşmaz. Çünki bu onun üçün normal bir haldır. Paylaşdığı şəkillərdə ya o yemək çox bahalıdır, ya da xüsusi bir gündən kadrdır. Lakin bəziləri var, evdə yediyi "cipsi"dən tutmuş yay fəslində demək olar ki, hər gün yeyilən dondurmaya qədər hər təamı paylaşır. Özünü heç bir sahədə göstərə bilməyən adam, bunun əvəzinə sosial şəbəkələrdə dost və yoldaş dediyi şəxslərə elit görünməyə çalışır. Düzgün qəbul etməyənlər üçün mədəniyyətsizlik olsa da bu onlar üçün üstün mədəniyyətdir.

Artıq mədəniyyətsizlikdir dediyimiz anlayışılar dəyişikliyə uğrayıb. Bu dəyişimi"like" toplamaq adına edilən bir çox paylaşım formalaşdırıb. Artıq sosial şəbəkələrdə "mədəniyyətsizlik" trenddir...

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31