Masaj salonları əxlaqsızlıq yuvasına çevrilib

Salon sahibləri azyaşlı qızları necə "ovlayırlar"

Paytaxt Bakıda fəaliyyət göstərən masaj salonları demək olar ki, təyinatını tamamilə dəyişib. Artıq gizli, yaxud açıq şəkildə fəaliyyət göstərən masaj salonları sözün əsil mənasında fahişəxanaya çevriliblər. Respublikanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən bu cür fahişəxanalar barəsində çoxları məlumatlıdır. Daha doğrusu, belə biabırçılıq halları bəzən elə ictimai təhlükəsizliyə nəzarət edən hüquq-mühafizə orqanlarının gözü qarşısında baş verir. Çox təəssüf ki, belə masaj salonlarının  qanunsuz fəaliyyətinin qarşısı alınmır. Maraqlıdır ki, bəzən belə məkanlar başqa adlar altında, xüsusən  masaj salonu, gözəllik salonu, hamam və sair kimi fəaliyyət göstərir. Hazırda  paytaxtın bir çox yerlərində onlara rast gəlmək mümkündür. Masaj salonlarında özbaşınalıq o həddə çatıb ki, təkcə küçələr deyil, sosial şəbəkələr və internetdə də dırnaqarası hər növ masaj salonlarının açıq elanlarına rast gəlmək mümkündür. Hətta reklamlarda yalnız kişilərə xidmət göstərən qadın masajçılar, onların masajın hansı növünü və neçəyə tətbiq etmələri barədə məlumatlara rast gəlmək olar. Yeri gəlmişkən qeyd edək ki, ölkəmizdə turizmin inkişaf etdiyi bir məqamda qanunsuz fəaliyyət göstərən masaj salonları daha fəallaşıblar. Belə ki, hər masaj salonunun qapısı qarşısında qısa paltarlı, cazibədar gənc qız dayanır. Həmin qızlar kişiləri vulqar ifadələrlə salona dəvət edirlər. Çox təəssüf ki, belə qızların tələsinə düşənlər sırasında gənc oğlanlarla yanaşı, yaşlı kişilərə də rast gəlmək mümkündür. Söhbət etdiyimiz salon işçiləri bunu təsdiq etmiş oldular: "Yaşlı kişilər masaj salonlarına daha maraqlıdırlar. Əllərinə pul düşən kimi buralarda peyda olurlar. Onlarla dil tapmaq daha asandır, nə deyirsən razılaşırlar. Gənc oğlanlardan isə ən çox rayondan gələnlər müştərimiz olurlar. Xüsusən rayondan gəlib burada işləyənlər".  

Məlumat üçün qeyd edək ki, belə masaj salonları özlərinə metrostansiyaların ətrafını məkan seçirlər. Belə yerlərdən biri də metronun 28 may stansiyasının yaxınlığında yerləşən masaj salonlarıdır. Məsələ orasındadır ki, bir çox hallarda əks cinsin nümayəndələri ilə bura gələn gənclər, sonradan buradakı xanımların "xidmətindən"  yararlanırlar. Əldə etdiyimiz məlumata görə, salona rəhbərlik edənlər yüksək səviyyədə himayə olunduqlarından azyaşlı qızları cəlb etməyə üstünlük verirlər. Bu məqsədlə təlimatlandırılmış qadınlar günün istənilən vaxtında "ova çıxırlar". Onlar gənc, qəşəng bədən görünüşü olan qızlarla müxtəlif bəhanələrlə ünsiyyət quraraq özlərinə cəlb edirlər. Onu da öyrənə bildik ki, belə masaj salonlarında fəaliyyət göstərən qadınların orta yaş həddi 18-21 arasında dəyişir. Çünki, ölkəyə turist kimi gələn ərəblərin tələbatı azyaşlı qızlaradır. Məhz bu amili nəzərə alan salon sahibləri daha şox azyaşlı qızlarla işləməyə üstünlük verirlər. Onu da öyrənə bildik ki, belə masaj salonları şəbəkə şəkildə fəaliyyət göstərir. Yəni, bir nəfərin paytaxtın müxtəlif ünvanlarında bir neçə masaj salonu var. Özü də həmin salonlar heç bir sanitar normalara cavab vermədiyi üçün təhlükə mənbəyi rolunu oynayır.  Belə ki, "iş başında" olan qızlar adətən müştəriləri salonun ikinci mərtəbəsinə dəvət edərək,  şəraiti olmayan otaqlarda, köhnə yataqlarda "xidmət" göstərirlər. Buna baxmayaraq təcrübəli "masaj"çi xanımlar müştərini şirin dilə tutur və daha çox pul əldə edirlər. Əlavə 10-20 manat qopardıqdan sonra isə müştərini birtəhər razı salmağa çalışırlar. Bəzi hallarda seksdən sonra müştəriyə duş qəbul etmək üçün şərait də yaradılmır. Onu da qeyd edək ki, gecə saat 10-dan səhər saat 5-ə qədər kişilərə müəyyən "masaj" xidməti göstərən qadınlar  yorulub əldən düşdüklərindən elə salondaca gecələməli olurlar. Ən dəhşətlisi isə odur ki, bu salonlarda xidmət göstərənlərin onların dili ilə desək, "masajistkaların" heç birinin nə bu sahə üzrə təhsili, nə də onlarda hər hansisa bir xəstəliyin olub-olmamasi barədə tibbi arayışları yoxdur. Bu isə istənilən xəstəliyin çox asanlıqla şaxələnməsinə səbəb ola bilər.

Artıq müştərilərin masaj salonlarına dəvət prosesinə paytaxt Bakının istənilən küçələrində rast gəlmək mümkündür. Millət vəkili Fazil Mustafa deyib ki, şəhərdə avtomobillə gedərkən azyaşlı qız uşaqları masaj etdirən salonların reklamlarını balaca kağızlarda paylayırlar: "Azyaşlı qız uşaqları gəlib yaxına mədəni şəkildə reklam kağızlarını təqdim edirlər. Hətta maşının açıq pəncərəsindən belə kağızları içəri atırlar". Millət vəkili hesab edir ki, belə hallara qarşı yalnız hüquq-mühafizə orqanları ilə mübarizə aparmaq mümkün deyil. Odur ki, bu özbaşınalığa qarşı mübarizəyə bələdiyyələr də cəlb edilməlidir.

Bir daha qeyd edək ki, masaj adı altında əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən  salonları aşkar etmək elə də  çətin məsələ deyil. Həm nüquq-mühafizə orqanları, həm də bələdiyyələr nəzarət etdikləri ərazilərdə kimin nə işlə məşğul olduqlarını çox yaxşı bilirlər. Yetər ki, nəfslərinə hakim kəsilib belə salonlar haqqında bir tədbir görsünlər.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31