Brüsseldə NATO-Azərbaycan formatında görüş keçirilib
15:34 SiyasətAzərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Daimi Nümayəndələrinin müavinləri Komitəsi ilə görüş keçirib.
Hikmət Hacıyev bu barədə "X" hesabında paylaşım edib.
O bildirib ki, NATO-Azərbaycan formatında keçirilən görüş Azərbaycan-NATO tərəfdaşlığında əldə olunan irəliləyişi qiymətləndirmək, həmçinin regional və beynəlxalq gündəmdəki prosesləri müzakirə etmək imkanı yaradıb.
Hikmət Hacıyev Azərbaycanın etibarlı NATO tərəfdaşı kimi beynəlxalq sülh və təhlükəsizliyə, o cümlədən beynəlxalq sülhə dəstək əməliyyatlarında iştirakı vasitəsilə ardıcıl töhfə verdiyini qeyd edib.
Onun sözlərinə görə, illər ərzində Azərbaycan-NATO əməkdaşlığı siyasi dialoqu, müdafiə, təhlükəsizlik və potensialın gücləndirilməsi sahələrində praktiki əməkdaşlığı əhatə edən çoxşaxəli tərəfdaşlığa çevrilib.
"Azərbaycan 1994-cü ildə müharibə və qeyri-müəyyənlik şəraitində bu tərəfdaşlığa qoşulub. Bu gün isə sizin qarşınızda bərpa edilmiş suverenlik, real sülh və artan regional məsuliyyət mövqeyindən çıxış edirik. Tərəfdaşlığımız qarşılıqlı hörmətə, ortaq maraqlara və praktiki əməkdaşlığa əsaslanır. Təhlükəsiz, əlaqəli və sülh içində olan Cənubi Qafqaz naminə bu tərəfdaşlığı daha da irəli aparmağa hazırıq", - Hikmət Hacıyev bildirib.