Qlobal aktorlarla strateji dialoq: Azərbaycanın xarici siyasət strategiyasının nəticələri – ÖZƏL
15:39 Siyasət"Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə strateji tərəfdaşlıq haqqında anlaşmalar imzalaması ölkəmiz üçün olduqca böyük əhəmiyyət daşıyır. Azərbaycanın xarici siyasəti, ümumiyyətlə, çoxvektorlu xarici siyasət kursudur. Burada önəmli məqam ondan ibarətdir ki, Azərbaycan yalnız bir istiqamətə yönəlmir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, ölkəmiz dünyanın bir çox nüfuzlu və maraqları baxımından Azərbaycana yaxın olan dövlətləri ilə strateji tərəfdaşlıq münasibətləri qurur. Bu sıraya Amerika Birləşmiş Ştatları, Çin və bir sıra Avropa ölkələri də daxildir. Bu da Azərbaycanın qlobal məkandakı mövqelərinin ön plana çıxmasına, ölkəmizin siyasi iradəsinin qlobal miqyasda təsir gücünə çevrilməsinə birbaşa təsir göstərir. Burada önəmli məqamlardan biri də ondan ibarətdir ki, vaxtilə Azərbaycan beynəlxalq məkandan gələn təzyiqlər qarşısında təkbaşına mübarizə aparmaq məcburiyyətində qalırdı. Ancaq indi bu vəziyyət böyük sürətlə və effektiv şəkildə dəyişməyə başlayıb. Belə ki, Avropa İttifaqına üzv olan bəzi dövlətlərlə Azərbaycanın strateji tərəfdaşlıq haqqında anlaşmaları mövcuddur və bu anlaşmalar Avropa İttifaqının Azərbaycana qarşı qərəzli mövqeyinin məhdudlaşdırılması üçün müəyyən imkanlar yaradır. Çünki Azərbaycanla strateji münasibətləri olan dövlətlər Avropa İttifaqının ölkəmizə qarşı qərəzli mövqeyinin qarşısının alınmasına yönələn addımlar atmaqda maraqlıdırlar və bunu vaxtaşırı edirlər. Eyni zamanda, Avropanın ən nüfuzlu ölkələri sırasına daxil olan Böyük Britaniya ilə strateji tərəfdaşlıq Azərbaycana daha geniş imkanlar açır. Təbii ki, bütün bunlar qətiyyən təsadüfi deyil. Bu, dəqiqliklə həyata keçirilən çoxvektorlu xarici siyasət kursunun nəticələri və bəhrələridir. Azərbaycan bu münasibətlərin bəhrəsini yaxın gələcəkdə daha geniş və nəzərəçarpan şəkildə hiss etməyə başlayacaq.
Ekspertin sözlərinə görə, Azərbaycana olan bu maraq müəyyən səbəblərlə bağlıdır. Azərbaycan həm Avropa, həm də Asiya ölkələri üçün strateji əhəmiyyət daşıyan dövlətə çevrilib. Çünki ölkəmiz Avropa ilə Asiya arasında tranzit məkana çevrilməkdədir. Hətta ümumi şəkildə belə ifadə olunur ki, Azərbaycan Avropa ilə Asiya arasında logistika qovşağına çevrilib. Bu da ölkəmizi hər iki qitənin dövlətləri üçün cəlbedici edir. Təbii ki, bütün bunlar Azərbaycana həm Cənubi Qafqazda lider mövqeyini möhkəmləndirmək, regional liderlik və hegemonluq imkanlarını genişləndirmək, həm də qlobal məkanda siyasi iradə sahibi olmaq imkanları verir. Bütün bunlar son nəticədə Azərbaycanın iqtisadi, siyasi və logistika sahələrində dünyanın önəmli dövlətlərindən birinə çevrilməsi üçün imkanlar yaradır.
Səidə Ramazanova